"Neftçi"nin yerli futbolçularına görə ürəyim ağrıyırdı"

11:55 13 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi"yə 8:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra "Qəbələ” klubunun kapitanı Rəşad Sadiqovun müsahibəsi

- Meydanda nə baş verdi ki, belə böyük fərqlə qalib gəldiniz?

- Çox gözəl oynadıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Düzdür, heç kim inanmazdı ki, "Neftçi”yə 8 top fərqi ilə qalib gələcəyik. Sadəcə, oyunun gedişatı göstərdi ki, həmin matçda hər bir komanda "Neftçi”yə 8 qol vura bilər.

- Oyun ərzində boşa gedən epizodlar da oldu. Buna baxmayaraq, yəqin ki, nəticə sizi qane etdi...

- Səkkiz top fərqi ilə qalib gəlmək bizi qane etməyə bilməzdi. Düzdür, o hesabdan sonra yerli futbolçulara görə pis olurduq, adamın ürəyi ağrıyırdı. Amma bu, futboldur. Bizim komandaya da hansısa klub 5-6 top vursa, pis vəziyyətə düşərik. Neyləyə bilərdik? Biz meydana oynamaq üçün çıxmışdıq. Vacib olan 3 xal qazanmaq idi, bunun da öhdəsindən gəldik.

- Komandanın oyunundan necə, razı qaldınız?

- Düşünürəm ki, oynumuz yaxşı alındı. Amma bu barədə baş məşqçi və mütəxəssislər danışsa, daha düzgün olar. Nəticə göstərdi ki, "Qəbələ” yaxşı oynadı və düzgün yoldadır.

- Sentyabrın 15-də Avropa Liqasının ilk turu çərçivəsində Belçikada "Anderlext”lə üz-üzə gələcəksiniz. Bu qarşılaşma haqqında nə düşünürsünüz?

- Bilirik ki, "Anderlext” Azərbaycan çempionatındakı komandalarla eyni gücdə deyil. Hər il Çempionlar Liqasında mübarizə aparan komandadır. Ötən mövsüm "Qarabağ”la Avroliqanın qrup mərhələsindəki matçlarını da izləmişik. Çox güclü rəqiblə oynayacağıq. İnanıram ki, səfərdən yaxşı nəticə ilə qayıdacağıq. Ən əsası, yaxşı oyun sərgiləmək istəyirik.

- Qrup şanslarını necə dəyərləndirirsiniz?

- Rəqiblərimizin hər biri səviyyəli klubdur. Şansımız az olsa da, ümid sonda ölür. Hamı "Qəbələ”nin döyüşkən komanda olduğunu bilir. Əlimizdən gələni edəcəyik ki, son matça kimi qrupdan çıxma şansımızı əldən verməyək.

- Milli komandamız da dünya çempionatında oyunlara başladı və ilk matçda San-Marinoya səfərdə qalib gəldik. Buna baxmayaraq, 1:0 hesablı qələbə çoxlarını razı salmadı. Siz bu barədə nə düşünürsünüz?

- Açığı, oyunu izləməmişəm. Ona görə də bu haqda heç nə deyə bilmərəm. Amma hər halda, hesabdan aslı olmayaraq, qələbə qazanmağımız yaxşı haldır.

Mənbə: report.az


Digər xəbərlər

Xəbər xətti