Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Zirə" oyununu millimizin baş məşqçisi Robert Prosineçki də izləyib.
Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis oyunun fasiləsində jurnalistlərin suallarını cavablandırıb.
- Norveç və Çexiyayla oyunöncəsi planınız necədi?
- Ayın 3-dən təlim-məşq toplanışımız başlayacaq. Çünki ayın 2-də bəzi futbolçularımızın oyunları var. Məsələn, Pavel Paşayevin, Dmitri Nazarovun oyunları var. "Qəbələ"nin də ayın 2-də oyunu var. Buna görə təlim-məşq toplanışı ayın 3-də başlayacaq.
- Son turlarda Rauf Əliyev, Ağabala Ramazanov, Vaqif Cavadov yaxşı təsir bağışlayırlar. Bu futbolçuları milliyə dəvət edəcəksiz?
- Heyəti böyük ölçüdə müəyyənləşdirmişəm. Ancaq əlavə edə bilərəm. Siz həmin futbolçuların oyununa tam baxmısız? Məncə, ancaq epizodları izləmisiz. Rəqiblərimiz güclüdü. Heyəti müəyyənləşdirsəm də, zədələr ola bilər. Rauf bu günə kimi qol vurmayıb. Düzdü, dünən 2 qol vurdu, ancaq məncə hələ tam hazır deyil.
- Millidəki köməkçiniz Elxan Abdullayevin "Neftçi"yə keçidi barədə nə deyə bilərsiz?
- İstəyirsiz, sizə düzünü deyim. Mən bilmirəm hazırkı "Neftçi"ni kim dirçəldə bilər. Bu komandanın son oyunlarının hesablarını bilirəm. Əlbəttə, istəyərdim Elxan Abdullayevin komandaya xeyri dəysin. Dünənki oyuna baxdım və az da olsa, dəyişiklik gördüm.
- Belə başa düşdüm ki, "Neftçi"dən heç kimi milliyə çağırmayacaqsız...
- Bir də deyirəm, "Neftçi"nin oyununa baxdım. Bu komandanın oyunçuları fiziki cəhətdən hazırlıqlı deyil. "Neftçi"nin özünə gəlməsi üçün bir neçə il lazımdı. Siz "Neftçi"nin oyununu izləmirsiz? Elə bil fərqli oyunlara baxırıq.
- Bir müddət öncə sizə "Den Boş"da oynayan Ziya Əzizov barədə sual versəm də, onun barəsində heç nə bilmədiyinizi demişdiz. Ancaq bu futbolçu artıq U-19 millisinə çağırılıb.
- Mən onun barəsində bilməyə məcbur deyiləm. Hamı haqda məlumat toplaya bilmərəm.
- "Bursaspor"un futbolçusu Deniz Yılmaz milliyə çağırılacaq?
- Onun zədəsi var. Deniz Yılmaz səviyyəli oyunçudu. O, Türkiyənin 5-ci ən güclü komandasında top qovur. Türkiyə çempionatının səviyyəsi hamınıza məlumdu. Federasiya onunla mən hələ millidə çalışmamışdan öncə maraqlanırdı. Səviyyəli futbolçudu. Fikrimcə, onun yığmaya faydası dəyəcək.(sportal.az)