Futzal üzrə dünya çempionatının final mərhələsində çıxışını davam etdirən Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Juniorun iştirakı ilə FIFA-nın oyunöncəsi rəsmi mətbuat konfransı keçirilib.
Sportarena.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, braziliyalı mütəxəssis 1/8 finalda Taylanda qarşı keçirəcəkləri görüş barədə bunları söyləyib:
“Tayland qrup mərhələsində 6, biz isə 4 xal topladıq. Bilirik ki, 1/8 final mərhələsində bizi çətin oyun gözləyir. Şanslar bərabərdir.
Tayland yığmasının Rusiya millisi ilə keçirdiyi oyunu izləmişik. Heyətlərində xüsusi qeyd edə biləcəyim iki futzalçı var. Biri 7 nömrədir. O, arxa xətdə çıxış edir. Digəri isə 9 nömrəli oyunçudur. Bu futzalçının həm sol, həm də sağ ayağı işləkdir. Komanda şəklində çox hərəkət edirlər.
Qarşıda hələ 2 gün vaxtımız var. Videoyazılara baxıb, daha yaxşı analiz edəcəyik. Çalışacağıq faydalana biləcəyimiz cəhətləri tapaq. Eyni zamanda, güclü tərəflərini öyrənək ki, ondan istifadə edə bilməsinlər, buna imkan verməyək. Məşqlərdə çatışmazlıqlarımız üzərində də işləyəcəyik”.