Millimizin və "Boavişta" klubunun qolkiperi Kamran Ağayev futbol11.az saytına müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Portuqaliyada darıxmırsan?
- Bu, mənim işimdi. Niyə darıxım ki? Artıq alışmışam.
- Oranın özünə uyğun qanunları var?
- Adaptasiya olmaq bir az çətindi. Çünki burada ingilis dilində çox da danışmırlar. Məcburi portuqal dilini öyrənirik. Səhər məşqə gedirəm. Axşam da fərdi məşq edirəm. Avropaya alışmağa çalışırıq. Əslində, Avropa mənim üçün yad deyil. Artıq bir neçə dəfə olmuşam. Buraya məlumatlı gəlmişəm.
- Öyrənə bilmisən artıq portuqalca?
- Yavaş-yavaş öyrənirəm. Bildiklərim də var. Öyrənməyə də davam edirəm.
- Məsələn...
- Necə deyim sənə? Soruş mən də deyim.
- Portuqalca ünsiyyət qurmağı bacarırsan?
- İngiliscə ilə qarışdırıram. Məşqdə də ünsiyyət qura bilirəm. Futbol terminlərini öyrənmişəm. Məsələn, sol, sağ, açıl... "Obriqado", "Şkerta", "Tami"...
- İngilis dilini nə vaxt öyrənmisən?
- Düzünü desəm, Ruslan Əmircanovdan öyrənməyə çalışıram. Azərbaycan dilində altyazı ilə gedən ingilis filmlərinə də baxıram. Yəni, proqram vasitəsi ilə. Düzdü, super qramatika ilə bilmirəm. Amma belə özümüzü idarə edirəm. Dialoq qurduqca daha rahat olur. "Kayserispor"da oynayanda Nobre, Bobo, Serano, Bisesvar, Marko ingilis dilində bilirdi. Onlarla ingilis dilində danışıb, türk dilinə tərcümə edirdim. Hardasa restorana gedəndə ingilis dilindən türkcəyə tərcümə etməyi bacarırdım.
- Meyxana üçün darıxmamısan?
- Meyxanadı, muğamdı, aşıq janrıdı - bunları hər bir vətəndaşımız sevməlidi. Təbii ki, mədəniyyət çərçivəsində. Təzə meyxanalar olanda açıb "youtube"da baxıram. Meyxana deyən dostlarım var, onları dinləyirəm. Hərənin bir zövqü var. Adam var ki, dostları ilə kinoya, yeyib-içməyə gedir. Yaxşı meyxana məclisləri də olanda dostlarım mənə xəbər edir. Mən də gedib qulaq asıb dincəlirəm. Bədahətən deyilən sözə qulaq asanda zövq alıram. Bunda qəbahətli heç nə görmürəm.
- Kimin meyxanasını bəyənirsən? Belə baxanda son vaxtlar populyar olan Pərviz Bülbülədi...
- Bizim Pərvizlə yoldaşlığımız var. Nəinki Pərvizlə, bir çoxu ilə. Ağızdan çıxan ağılabatan cümləyə qulaq asırıq. Daha doğrusu çərçivə halında deyişmədən söhbət gedir. Yaxşı sənətkarlarımız var ki, saymaqla bitməz. Müasir, gözəl meyxana deyənlərimiz var. Yaxşı meydanlarda deyənlərdən biri də Pərvizdi. Qeyri-peşəkar meyxanaçılar da var. Ancaq hərdən elə cümlə deyirlər ki, adama xoş gəlir. Amma bəzən də bunu eşitmirsən. Bu da təblə əlaqədar olan bir şeydi. Bu, bizim sənətimiz deyil. Sənətimiz futboldu. Mən verlişə xahişlə getmişəm. Sırf gedib meyxana deyəcəm adı ilə verlişə yollanmamışam. El şənliklərinə də meyxana demək üçün getmirəm. Sadəcə, ola bilər ki, dostlarla istirahət üçün bir yerdə oturanda, özüm də bir-iki "kuplet" deyim. Buna da normal baxıram.
- Uzun illərdi Azərbaycan futbolundasan, legioner həyatı da yaşamısan. Rəvayət yazmağı düşünmürsən?
- Yazdıqlarım var, amma qeyri-peşəkar səviyyədədi. Xoşa gələnlər də var. Yaxın dost bildiyim Hacı Səyar var. Onunla dost münasibətdəyik. Ağlıma nəsə gələndə ona müraciət edirəm. O da deyir ki, yaz. Məsələn, indi bekaram. Ağlıma nəsə gəlsə, oturub yazacam. Amma bu o demək deyil ki, mən şairəm. Heç belə bir şeyi yazım, yaradım, ortalığa çıxartmaqla bağlı fikrim yoxdu. Ruslanla bir meyxana demişdim. O da bir günün içində baş vermişdi. Oturub özümüz üçün meyxana deyirdik. Ruslan bir dənə qafiyə tutdu ki, "Ronaldo bir dənə qol vurmuyub sənə". Belə maraqlı alındı. Dedim, gəlsənə bunu özümüz üçün yazaq? O da razılaşdı. Bir saatın içində sözləri ayırdım, yarısını Ruslana ötürdüm, düzəliş etdik. Əmircanovun özündə də istedad var. "Xəzər Tv"də Ceyhun da bunu eşidib. Mənə zəng elədi ki, sənlə işim var. Dedi ki, bunu gündəmə çıxarmaq istəyirəm. Biz də razılaşdıq. Düzdü, həmin meyxana yazılandan sonra gic-gic şeylərlə rastlaşdıq. Nə bilim, bizi toya dəvət etməyə başladılar. Moskvaya çağırırdılar. Mən də dedim ki, qardaş, mən futbolçuyam, transfer etmək istəyirsinizsə, menecerimlə danışın. Toyda nə işim var? Bu, bekar vaxtlarımızda istfadə etdiyimiz vasitədədi. Ucundan tutub arxasınca getmirik.
- Eşitdiyimə görə, Azərbaycan futbolu ilə bağlı meyxana yazmısan. Meyxananın da möhtəşəm alındığını bilirəm. Bəlkə, bir-iki bənd deyəsən?
- Bunu demərəm (gülür). Gündəmə çıxmamaq şərti ilə bunu zarafat üçün demişəm. Zarafat edən adamam. 90 dəqiqə hamı elə bilir ki, davakaram, vuruşuram. Sadəcə, işimdə beləyəm. Oyundan kənarda insanla mehriban danışan biriyəm. Çərçivədən kənara çıxmamaq şərti ilə zarafatı, deyib-gülməyi sevirəm.
- Futbolçu karyeranı başa vurandan sonra nə etmək fikrin var? Kamranı məşqçi kimi görə bilərik?
- Məşqçi kimi düşünmürəm. Amma həyatda heç kim heç nədən sığortalanmayıb. Hər şeyin qədəri var. Azərbaycan Dövlət Bədən Tərbiyəasi və İdman Akademiyasını bitirmişəm. Bu, birinci təhsilimdi. İkinci təhsilim isə BDU-da hüququ oxumaqla almışam. Dövlət işində çalışmaq istəyirəm. Daha doğrusu artıq özümüzü dövlət işçisi kimi hesab edirik. Daha da yaxşı işdə çalışmaq niyyətindəyəm.
- Məsələn polisdə...
- Dedim axı... Məxvi də qalsa, dövlət işindəyik. Amma daha da yaxşı işdə olmaq istəyirəm.
- Amma meyxanada da pis pul yoxdu...
- Meyxana bizim sənətimiz deyil. Düzdü, çarəsizlik insanı hər şeyə vadar edir. Meyxana tərbiyəsiz sənət də deyil. Qazanca görə meyxana deməyi düşünmürəm. Allaha şükür ki, tanrı ruzimizi yetirir.
- Portuqaliya mətbəxinə öyrəşə bilmisən?
- Emin Mahmudovla burada ən çox balıq yeyirik. Bir az ət problemli olur. Donuz əti, haram buyurulan qidalar var. Elə şeylər də var ki, bismillahsız kəsilir. Türklər işlədən restorana rast gəlmişəm. Yavaş-yavaş öyrəşirik.
- Mərci, dönərlə hər halda qarın doymaz...
- Türk mətbəxi o demək deyil ki, sənə təkcə mərci ilə dönər təklif olunur. Türklərin mətbəxi genişdi. Yəni, dediyim yer dönərxana deyil, kafe kimi fəaliyyət göstərmir (gülür).
- Türklərin restoranına gedəndə "Kayserispor"da oynadığını deyirsən?
- Vallah, indiyə kimi harasa gedib "futbolçuyam" deməmişəm. Tanıyan tanıyıb, tanımayanda da siravi vətəndaş kimi əyləşirik. Ümumiyyətlə, həyatım belədi. Çalışıram ki, tanınmadığım yerlərdə oturum. Çünki orada daha rahat oluram.
- Sənin "Sumqayıt"da debütünü gözləyirdik, amma bir anda "Boavişta"da peyda oldun. Bu, bir anda necə baş verdi?
- Təkliflər var idi. İrandan hətta müqavilə anında qayıdıb gəldim. Azərbaycanda deyilən tələbləri gedib İranda fərqli şəkildə gördüm. Buna görə də geri qayıtdım. "Boavişta" ilə danışıqlar uzun müddət idi ki, gedirdi. Bunların qapıçısı transfer olunmaq üzrə olandan danışıqlar davam edirdi. Sadəcə,danışıqlara qarışmırdım. Məşqimlə maraqlanırdım. Çoxları qınadı ki, "Sumqayıt"a getdi, belə elədi, elə etdi... Yıxılmamışdım, sadəcə büdrəmişdim. Çünki zədəm var idi. Məsələn, elə bir yazı ola bilər ki, bu, sənə əlavə güc verər, meydanda ikiqat gücünü göstərərsən. Amma elə bir yazı da ola bilər ki, bu, səni sındıra bilər. Belə şeylərə fikir vermirəm. Çalışıram yazıları da oxumayım. Sadəcə, dostlardan eşidirəm. Onlara da demişəm ki, belə şeyləri mənə deməyin. Bir yerdə oturanda da futboldan kənar danışırıq. Millinin heyətinə cəlb olunanda bilirdim ki, qayıdanda "Bovaişta"nın düşərgəsinə yollanacam. Buna görə də "Sumqayıt"la müqavilənin bağlanılması yubanırdı. Millidən daha tez gəlməli idim. Sadəcə, atamın avtombil qəzası keçirməsinə görə Azərbaycana qayıtmalı oldum. Şükür Allaha ki, indi hər şey yaxşıdı.
- "Portu" ilə oyunda buraxdığın üçüncü qoldan sonra belə bir fikir yarandı ki, artıq əsas heyətdə şans qazanmağın çətin olacaq...
- Heç kim səhvdən sığortalanmayıb. Həmin səhifə də qapanıb, yerimdə qalmamışam. Düzdü, pis təsir edir. Sənə güvənənlərin ümidini üzürsən. Amma mən peşəkar idmançıyam. Mən bura futbol oynamağa gəlmişəm. Digər məsələləri isə düşünmürəm.
- "Boavişta"nın digər qapıçılarının statistikası elə də yaxşı görünmür...
- Peşəkar klubda pis qapıçı olmur. Burada "hə, bu bacım oğludu, bunu komandaya götürüm" deyə, heç kim fikirləşmir. Ümumiyyətlə indi futbolda belə bir şey yoxdu. Kimisə hansısa keyfiyyətinə görə komandaya seçirlər. Məşqçi də uzun müddət futbol oynamış, bu idman növünün hissiyatını bilən birisidir. Deyəcəm, indi gülməli çıxacaq. Son zamanlar Azərbaycanda futboldan kənar şəxslər gəlib, kateqoriya alır, uşaq futbolunda məşqçiliyə başlayır. Övladım olsa, onu futbolu bilən adama həvalə edərəm. Valideynlərə də müraciət edirəm ki, uşaqlarınızı futbolu bilən adamın yanına göndərin. Sən həkimliyi qurtar, gəl məşqçi kateqoriyası al, sonra da özəl stadionların birində pullu məşq keç. Düşünürəm ki, bu normal hal deyil. Mən belə şey görməmişəm. Bunu da təzə eşitmişəm. "Boavişta"da hamı futbolu bilənlərdi. Son Avropa çempionu olan ölkədə heç kim futbolu yola verməz axı. Qapıçılarımızdan birinin 31 yaşı var. Biri isə cavandı, "Boavişta"nın yetirməsidi. Mənə də dəvət olunub deyə, gəlmişəm. "Kayserispor"a gedəndə də uzun müddət "Fənərbaxça"da oynamış Sərdar Kulbigə ilə rəqabətdə idim. Mən harasa əl-qolumu sallayıb getmirəm ki. İlk növbədə səni məşqçi istəyib, inanmalıdı.
- Emin Mahmudov neyləyir?
- Məşqlərini davam etdirir. İnşallah, yaxın zamanlarda əsas heyətdə meydana çıxar. Portuqaliya çempionatı öndə gedənlərdəndi. Emin də zəif futbolçu deyil. Sadəcə, şansını gözləməlidi.
- Sənə qonaqpərvərlik göstərə bildi? Hər halda səndən daha tez gedib.
- Emin rus deyil ki... Azərbaycan vətəndaşıdı. Bir yerdə söhbət edirik, yemək yeyirik. Evi başqa yerdədi. Məşqdə sonra da danışırıq. Komandaya adaptasiya olmağıma da kömək edib. Bir az ingilis dilindən çox istifadə edilməyən ölkədi. Məsələn taksidən istifadə edəndə eləsi var, ingiliscə bilir, eləsi də var bilmir. Çalışdığımız qədər bir-birimə kömək edirik.
- Budaq Nəsirovla əlaqə saxlamırsınız?
- Vallah, Budağın nömrəsini də bilmirəm. Millinin toplanışında münasibətmiz olub. O yaşca bizdən balacadı. Sağ olsun ki, hörmətimizi də saxalayır. O da bizim qardaşımızdı. Hələ ki, rastlaşmamışıq. İnşallah, rastlaşanda, nömrəsini alacağıq. Fərqli-fərqli şəhərlərdəyik.
- Yaşadığın şəhərin nəyi səni valeh edib?
- Bura futbol üçün gəlmişəm. Başqa atmosferə baxmıram.
- Gözəl qızları var?
- Yox, qaqaş, biz elə ab-havada deyilik (gülür).
- Oradan baxanda 8 komandalı Azərbaycan çempionatı necə görünür?
- Azərbaycan bizim ürəyimiz, doğmadı. Ancaq futbolmuz Avropadan çox geridədi. Yaxın gələcəkdə düzələcək. "Qarabağ", "Qəbələ"miz Avroliqanın qrup mərhələsində oynayır. Yığmamız seçmə mərhələyə qələbə ilə başlayıb.
- Kamran, "Xəzər Lənkəran”ın evini kim "yıxdı”?
- "Xəzər Lənkəran” bir ailədi. Bilmirəm, bəlkə plana düşüb (gülür). Əgər o ev mənasında deyirsinizsə xəbərim yoxdu. "Xəzər Lənkəran” yıxılmayıb. "Xəzər Lənkəran” böyük bir klubdu və hər zaman ürəklərdə yaşayacaq. Sadəcə, müəyyən problemlərə görə çempionatdan uzaqlaşıblar. Düşünürəm ki, Mübariz müəllim yenidən klubu dirçəldəcək. İnanıram ki, "Xəzər Lənkəran” keçmiş ab-havanı çempionatımıza yenidən qaytaracaq.
- Necə dşünürsən, "Qarabağ”ın qapıçısı İbrahim Sehiç güclüdü, yoxsa "Qəbələ”li Dmitri Bezotosnı?
- Güclü söhbəti ümumiyyətlə fərqli bir şeydi. Məsələn, bir futbolçu milliyə dəvət alır və onun müzakirəsi gedir. Hamı deyir ki, bu nə futbolçudu milliyə gətirmisiz? Berti Foqtsun millimizdə çalışdığı dönəmdə də belə hallar var idi. Düşünürdülər ki, hansısa futbolçu tapşırıqla milli komandaya dəvət alıb. Niyə düşünmürlər ki, Foqts həmin futbolçuda hər-hansı xüsusi bacarıq görüb? Mən ən yaxşı vaxtlarımda millinin baş məşqçisi Şahin Diniyev tərəfindən milliyə dəvət almırdım. Həmçinin, Şahin müəllim millimizin kapitanı Rəşad Sadıqova da dəvət göndərmirdi. Amma başqa məşqçilərin vaxtında Rəşad milliyə çağırılırdı. Bəlkə də, Rəşadın futbolu Şahin müəllimə çatmırmış. Burdan belə çıxır ki, hər bir baş məşqçinin öz fikri var. Qapıçılar da belədi. Hər bir qapıçının yaxşı və pis keyfiyyətləri olur. Düşünmürəm ki, Bezotosnı Sehiçdən pis qapıçıdı. Ümumiyyətlə, Azərbaycanda pis qapıçı yoxdu. Səlahət, Anar, Sehiç və Bezotosnı kimi qapıçılar Avropanın istənilən komandasında oynaya bilərlər. Sadəcə, bizim reklam baxımından bir az problemimiz var. Hansısa kluba gedirsən və orda azərbaycanlı futbolçulara qəribə baxırlar. Bəzən Azərbaycana gətirilən qapıçılara baxanda özüm-özümə sual vermişəm ki, niyə biz dünyanın ən yaxşı komandalarında çıxış etmirik? Elə qapıçıları gətirənlərin ya gözləri kordu, ya da ki məşqçilikdən başı çıxmır. Bəlkə də başqa amilə görə elə qapıçıları komandalara gətirirlər. Məhz elə amillər də Azərbaycan futbolunu "qurutdu”. Əsas odu ki, yaxşılar, futbol oynayanlar olsun. "Qəbələ” və "Qarabağ”ın qapıçılarını ayrımaq istəmirəm. Onların hər ikisi böyük məktəb görmüş qapıçılardı.
- "Portu” ilə oyunda İker Kasilyasla forma dəyişmədin?
- Özümdə Kasilyasın forması var. Amma indiyə qədər oynadığım oyunlarda milli formamı heç bir qapıçı ilə dəyişməmişəm. Mən həmişə milli formamı saxlamışam. Çünki onun üzərində Azərbaycan bayrağı var. Milli komandanın formasını hansısa azərbaycanlı azarkeşə hədiyyə edə bilərəm. Klubla bağlı isə belə hallar olub. Səhv etmirəmsə "Portu” ilə oyunda Kasilyasın formasını bizim ikinci qapıçımız götürdü. Belə deyək də, maraqsız idi. Mən futbola o istəylə çıxmıram ki, bu gün Kasilyasa qarşı oynayacağam. Mən klubum üçün meydana çıxıram və həmin anda gözümün qarşısında heç kim görsənmir.
- Bəs, Kasilyasın formasını necə əldə etmisən?
- İspaniya millisi Azərbaycana gələndə formanı əldə etmişəm. Həmin oyunda ispanlar 6-0 hesablı qələbə qazanmışdı və mən zədədən yeni qayıtdığım üçün matçda iştirak etməmişdim. Oyun başa çatandan sonra soyunub-geyinmə otağında formanı mənə verdilər.
- Bayaq qeyd etdin ki, Noyerə, Buffona qarşı oynamısan. Böyük qapıçılara qarşı oynamaq necə hissdi?
- Özümə güvənirəm. Fərq etmir ki, qarşımdakı kimdi. Düşünürəm ki, qarşımdakı qapıçı da Kamrana qarşı oynadığını fikirləşsin. Messi, Neymar və bir neçə ulduz futbolçunu çıxmaq şərti ilə, bir çox tanınmış futbolçulara qarşı oynamışıq. Bu o demək deyil ki, bizdə yoxdu. Tək biz onlara qarşı oynamırıq ki... Meydanda hər komandadan 11 futbolçu çıxır və onlar da bizə qarşı oynayır. Bir sözlə, özümüzə hörmət edirik. Millidə elə futbolçu var ki, üzərində Ronaldonun adı yazılmış butsı geyinir. Mən onlara yaxşı baxmıram.
- Dediyin butsını geyinən futbolçu hazırda millimizdə oynayır?
- Milli elə bir yerdi ki, hər dəfə yeni-yeni futbolçular çağrılır. Əgər həmin futbolçu dəvət alarsa, bunu deyə bilərəm.
- San Marino ilə oyunda iştirak edib?
- Bu söhbəti bağlasaq daha yaxşı olar...
- Belə çıxır ki, iştirak edib...
- Bağlayaq bu söhbəti.
- Ramil Şeydayev millimizə fayda verəcək?
- Bu, bizə aid suallar deyil. Bizim öz xüsusi sənətimiz qapıda dayanmaqdı. Milliyə dəvət alan hər bir futbolçu yəqin ki, komandaya kömək etmək istəyir. Hamımız istəyərik ki,millidə yaxşı futbolçu olsun. Digər məsələlər isə məşqçinin fikirləridi.
- "Boavişta”nın baş məşqçisi ilə münasibətlərin necədi?
- Heç bir məşqçi ilə problem yaşamamışam. Hamı deyirdi ki, Mirça Rednikin Kamranla münasibəti pis idi. Amma belə deyildi. Daha sonra "Bakı”da olduğum müddətdə də belə xəbərlər dolaşırdı. Ancaq heç bir məşqçi ilə pis münasibətim olmayıb. Belə xəbərlərə normal baxıram. Bütün məşqçilərimə hörmətlə yanaşıram.
- "Portu” ilə oyun başa çatdıqdan sonra baş məşqçi ilə göz-gözə gəldinmi?
- Əlbəttə. Məşqdə oluruq, danışırıq. Nomral bir şeydi.
- Etdiyin səhvdən sonra komandada özünə qarşı soyuqluq hiss etmirsən?
- Xeyr. Futbolda belə şeylər yoxdu. Hər bir futbolçu səhv edə bilər. Mən bura futbol oynamağa gəlmişəm və özümə inanıram. Təki zədəm olmasın.
- Neçə müddətdi ki, oyun tərcrübəsindən əziyyət çəkirsən. Bu baxımdan, "Boavişta"da debütünün güclü "Portu"ya qarşı olması işini çətinləşdirmədi?
- Hesab 1:2 olsaydı da məğlub olacaqdıq, 1:3 də. Uduzmaq uduzmaqdı. Onsuz da, iki top buraxmışam qapımdan. Əgər hesab bizim xeyrimizə olsaydı və bərabərlik qeydə alınsaydı, bizim üçün uğur sayılacaqdı. Məsələn, "Kayserispor”da ilk oyunumu "Beşiktaş”a qarşı oynadım və qələbə qazandıq. Demək istəyirəm ki, bir səhvlə heç nə bağlanmayıb. "Portu” Avropanın ən yaxşı komandalarından biridi. Biz qələbə qazanmaq istəsək də, alınmadı. Gələcək oyunlarda "Portu”nu büdrətməyə çalışacağıq. O ki, qaldı oyun təcrübəsindən korluq çəkməyimə, mənim üçün vacib olan məşqdi. Bu baxımdan problem yaşamıram.
- Həmin oyunda qapına təyin olunan 11 metrlik cərimə zərbəsini necə xatırlayırsan? İstiqaməti düzgün tapsan da...
- İstiqaməti düzgün tapmaq hər şey demək deyil. Həmin penaltinin istiqamətini düzgün tutmaq yox, qarşısını almaq lazım idi. Qaytarmalı idim, bacarmadım. Qapıçının işi top buraxmamaqdı.
- Özünlə Portuqaliyaya hər-hansı xüsusi əşya aparmısan?
- Mən bura yaşamağa gəlmişəm. Əlbəttə, pal-paltar gətirmişəm.
- Bəs, sevdiyin xüsusi əşyalardan?
- Əşyalarımı gətirmişəm. Gitaram yadımdan çıxıb Bakıda qalıb, halbuki onu da gətirmək istəyirdim.
- Gitarada da ifa edə bilirsən?
- Zarafat edirəm (gülür). İdmanla, yaşamla bağlı lazım olanları özümlə gətirmişəm. Çatmayanları da burdan alıram.
- Sona qədər orada yaşamaq istəmirsən?
- Həyatdı. Həyatda heç nədən sığortalanmamısan. Məsələn, biri həbsxanaya düşür. Heç kim istəməz ki, elə hallar olsun. O haqda fikir bildirmək həqiqətən çətindi. İkisi də Azərbaycana xidmət edirdilər və biri öldü, biri həbsxanaya düşdü. Məsələn, Cavid. Cavid də bilmirdi ki, həbsxanaya düşər. Biri həbsxanaya düşür, deyirlər ki, cinayətkardı. Sabah sən də yoldan gedəndə birini maşınla vurub öldürə bilərsən. Və ya özündən çıxıb qəza törədə bilərsən. Həyatda hər şey ola bilər. Ermənistandan başqa hər yerdə yaşamaq olar.
- Cavid məsələsini eşidəndə şok yaşamadın?
- Bu barədə fikir bildirmək istəmirəm. Sadəcə, Cavidin yenidən futbola qayıtmasını, futbol oynamasını istəyirik. Təbii ki, bizim istəyimizlə deyil. Heç xoşagələn hal deyil. Belə hadisələr hər kəsin başına gələ bilər. Elə şey ola bilərdi ki, Cavid həyatını dəyişə bilərdi. Qismət... İnsan hər zaman şoka düşür. Cavidi uşaqlıqdan tanıyıram. Onun necə ağır şəraitdə böyüdüyünü çox yaxşı bilirəm. İstər-istəməz belə hallar insanı şoka salır.
- Cavid 1 ildi azadlıqdan məhrumdu və bu müddət ərzində futbolsuz qalıb. Onun yenidən yaşıl meydanlara qayıdışı real görünür?
- Cavidin xarakterinə bələdəm. O, bundan sonra oynadığı oyunların ikiqat yaxşısını oynayacaq. Buna misal kimi boksçu Fariz Məmmədovun adını çəkə bilərəç. O, 7 il həbs cəzası çəkib və 7 ildən sonra yenidən peşəkar rinqə qayıdıb. Bu, onun xarakterindən xəbər verir. Cavid həmişə futbol oynaya bilər. O, özünə qapanmamalıdı. Belə bir hekayə oxumuşdum ki, hansısa bir futbolçunu milliyə görə həbsxanadan çıxarırlar. Və ona deyirlər ki, çempion olun, səni azadlığa buraxacağıq. Belə də olur... Deməyim odu ki, idman həyatıdı və hər bir peşəkar idmançı həmişə nəticə verə bilər. Caviddə elə bir xarakter var ki, güc tükənsə də, özünü göstərəcək. Onun futbol oynayacağına inanıram. İnşallah azadlıqa çıxsın və onu yenidən millinin heyətində görək.
- Hər-halda ona ehtiyacımız var...
- Hər bir futbolçuya, hər bir komandanın ehtiyacı var. Cavid əvvəlki formasını yığıb yenidən futbol oynasa, yaxşı olacaq. Düşünürəm ki, sevənləri də onun oyunu üçün darıxıblar.
- "Neftçi”nin durumu ilə bağlı nə deyə bilərsən?
- Komandalar haqqında danışmaq istəmirəm. "Neftçi” Azərbaycanın ən yaxşı komandalarından biridi. Ümid edirəm ki, "Neftçi” əvvəlki durumuna qayıdacaq. Çempionatın əvvəlki vəziyyətə gəlməsi üçün klublar normal vəziyyətdə olmalıdı. Həmin klublar isə "Xəzər Lənkəran”, "Karvan”, "Turan”, "Zaqatala” və "Şəmkir”di. Əgər bu komandalar əvvəlki kimi qayıtsalar, Azərbaycan çempionatı çox yüksək səviyyədə olacaq.
- Mahir də futbola qayıdıb...
- Hansı Mahir?
- Şükürov...
- Hansı klubdadı?
- "Neftçi”də...
- Xəbərim yoxdu. Mahirin yaxşı xarakteri var. Məncə, yaxşı olar.
- Əvvəlki Mahiri görəcəyimizə inanırsan?
- Əgər onun futbol biliyi varsa, əlbəttə. Mən bunu tək Mahirə misal gətirmirəm. Məsələn, Cavidi də bura aid edirəm.
- Portuqaliyada bizimkilər üçün darıxmamısan?
- Telefon vasitəsi ilə lazım olan şəxlərlə əlaqə saxlayıram. Bir azərbaycanlı olasan və Azərbaycan üçün darıxmayasan?
- Evlənmək fikrin yoxdu?
- Qismət, nə vaxt çıxacaq qarşımıza, onda da evlənərik. Bu təyyarədə də ola bilər, bankda da. Ancaq seçim edəndə gərək doğru qərar verəsən. Çünki ailə həyatda ən önəmli məsələlərdən biridi. Mənim təbiətimdə kişi bir dəfə evlənər.
- Sonuncu dəfə belə geniş müsahibəni nə vaxt vermişdin?
- Səmimi danışmağa başladıq və danışıq bizi apardı. Mən mətbuatdan uzaq adamam. Ümumiyyətlə, telefonla müsahibə vermirəm. Ancaq münasibətimiz elə başladı ki, danışığımız davam etdi. Belə səmimi adamam və hər bir suala cavab verirəm. Telefonla niyə müsahibə vermirəm? İndi deyəcəm güləcəksiz. Bir dəfə özüm telefonda jurnalistə müsahibə vermişəm, sonra da telefonu dostuma ötürmüşəm. Sonra yenə özüm telefonu alıb danışmışam, jurnalistə demişəm ki, danışdığın başqa bir adamdı. Ona görə də, üz-üzə danışmağı xoşlayıram. Bəzən üz-üzə gələndə də jurnalistlərdən qaçırıq.
- Niyə?
- Çünki elə bir sayt çıxır qarşıma ki, həmin saytı tanımıram. Bəzən elə bir jurnalist elə bir sual verir ki, onun jurnalist olmasından şübhələnirsən. Ümumiyyətlə, saytlardan birinə müsahibə vermirəm. Çünki ancaq qərəzli yazılar yazırlar. Biri var insanın işinə hörmət edəsən, biri də var şəxsiyyətinə. Biri də var ki, işi yaxşıdı, ancaq şəxsiyyəti yoxdu. Mən elələrinə müsahibə vermirəm. Mən belə şeyləri mətbuatda danışmaq istəmirəm. Çünki mətbuat adamın üstünə pis gəlir. Elə bil ki, qəbahət iş görmüşəm. O yazar fikirləşməlidi ki, yazdıqları hansısa futbolçunun karyerasını bağlaya bilər. Ancaq jurnalist yazdıqları ilə futbolçunu yüksəklərə də qaldıra bilər. Bəzən münasibətim olan insanlara da müsahibə vermək istəmirəm. Bir dəfə yazmışdılar ki, Kamran hərbçilər arasında baş tutan çempionatdan imtina edib. Mən bilirəm onu kim yazıb. Ancaq iki-üç gündən sonra bəlli oldu ki, əməliyyat olunmuşam. Bəs niyə həmin sayt üzr istəmədi? "Yalandan ayağın tutdu, oynamaqdan imtina etdi" cümləsi hələ də mənim yadımdan çıxmır. Normalda belə şeyləri məhkəməyə verirlər. Amma mən bunun arxasına düşmürəm. Bax, bu şeylərə görə mətbuata çıxmıram.