“Sumqayıt” klubunun baş məşqçisi Samir Abasovun apasport.az saytına müsahibəsi
- AFFA-nın İntizam Komitəsinin qərarına əsasən, “Qəbələ” – “Sumqayıt” matçında texniki zona qaydalarını pozduğunuza görə kənarlaşdırıldığınız üçün 1 oyun cəzalandırılıb, klubu 800 manat ziyana salmısız…
- Veriblər veriblər də. Açığı, indi öyrənmişəm, mənə zəng edib dedilər. Deməli, məsləhət belə olub. Növbəti oyuna kənardan baxacağıq. Köməkçilərimiz var, onlara tapşırıqları verəcəyik. Problem deyil.
- Bu cəzanı haqlı sayırsız?
- Məncə, ən ədalətli cəza idi, çıxarıblar.
- Bu gün “Neftçi” ilə keçirəcəyiniz matçın hakimi Ramil Diniyevdi. Ondan necə, ədalətli hakimlik gözləyirsiz?
- İstər Ramil Diniyev olsun, istər digəri. Hakimləri düşünmürəm və bu barədə danışmaq istəmirəm. “Qəbələ” ilə matçda Dabonun vurduğu birinci qolda ofsayd var idi və başqa söhbət gedə də bilməz. Bu, keçdi, getdi. Döyülən də biz olduq, söyülən də. Yəni həm oyunu uduzduq, həm də cəzalandırıldıq. Futbolda belə şeylər olur. Əsas bugünkü görüşdü. Hazırda “Neftçi” ilə matçı düşünürəm.
- Belə söz-söhbət gəzir ki, “Sumqayıt” və “Neftçi” klubları bir-birinə yaxındı və buna görə siz onlara xal verəcəksiz…
- Bilirəm ki, belə söhbətlər olub, həmişə də olacaq. Keçən il avrokuboklara getmək üçün “Neftçi”yə xal hava-su kimi lazım idi. Sonuncu matçı nəzərdə tuturam. AZAL-la “Neftçi” arasında avrokubok söhbəti var idi. Onda biz “Neftçi”yə qalib gəldiksə, necə bu komandaya yaxın ola bilərik? Elə oldu ki, AZAL sonuncu görüşdə uduzdu və avrokuboklara gedə bilmədi. Məncə, həmin oyundan sonra belə söz-söhbətlər kəsilməli idi. Həmin qarşılaşmaya baxmayanlar və başa düşməyənlər yenə danışırlarsa, qoy, danışsınlar.
- Keçən oyundan sonra rəhbərliklə görüşünüz oldumu? Çünki bir mövqedə cəmi bir oyunçunuzun olduğunu əsas gətirərək, bir növ rəhbərliyi tənqid etmişdiz…
- Hələ ki, görüşümüz olmayıb. Rəhbərlik özü hər şeyi bilir. Soruşmağa ehtiyac yoxdu. Bizdə qrafik sıxdı. Qəbələdən gəlmişik, bu gün “Neftçi” ilə oynayacağıq. Daha sonra AZAL-la görüş var. Birinci dövrə başa çatandan sonra görüşməyə vaxt olacaq. Görüşərik, görüşərik, görüşməz də, necə iş planı qurmuşuq, həmin plan üzrə gedərik.