Hafiz Məmmədov: "Xəzər Lənkəran" və "İnter" ikisi birlikdə 310 milyon dollar verməlidi"

04:05 29 Sentyabr 2016

Tanınmış iş adamı, “Bakı” futbol klubunun prezidenti Hafiz Mәmmәdov “Qafqazinfo”ya müsahibə verib.


Sportarena.az həmin müsahibəni təqdim edir:


- Hafiz müəllim, özünüzü necə hiss edirsiniz?
- Özümü əla! İşlərim yaxşı getmir, ona görə deyirsiniz?


- İşləriniz nə yerdədi?
- İşlərim olduğu kimidi. Olanları tarazlamaq üçün zaman lazımdı. Bunlar biznesdə buraxılan səhvlər deyil. Bu, şər qüvvələrdi. İşləri qaydasına qoymaq üçün səbrli olmaq lazımdı. Çətin günlərimizdə dövlət strukturları bizə köməklik etdi. Bəzi strukturlar daha çox, bəziləri isə daha az kömək elədi. Türklər bir-birinə deyirdi ki, “Abi, bizim orda lokantadan başqa nəyimiz var?” Amma azərbaycanlıların stadionu var. 70 milyon pul xərcləmişdik və Avropa Çempionatının 5 oyunu həmin stadionda baş tutmuşdu. O stadion Azərbaycanın idi, ancaq may ayının 5-nə qədər. Sonra stadionu itirdik. İtirsək də, “Lans” azarkeşləri Azərbaycana qarşı pozitivdirlər. Çünki Azərbaycan “Lans”ı müflis olmaqdan xilas edib. Azərbaycan tərəfi olan təşkilatlar müflis olsa belə, “Lans” hələ də bizimkidi.


- Dediniz ki, şər qüvvələr var. O şər qüvvələır artıq təmizlənib?
- Bəli.


- Ad çəkə bilərsiniz?
- Yox. Hələ ad çəkə bilmərəm.


- “Bakı” ilə bağlı nə deyə bilərsiz?
- “Bakı” da proqramın içindədi. Mən qırıq-qırıq işi xoşlamıram. Bu yaxınlarda işə başlayacağıq. Yarımçıq başlasaq, federasiya, FİFA adama nə deyər? Bizə şər atırlar. İstənilən məbləğ 80 faiz şişirdilib. Elələri var ki, onlara pul düşmür. Düşənlərə də işçilərim səhv edib, ödəməyə də hazıram. Amma işçilərə tapşırıq vermişəm ki, bu işləri həll edin və federasiyaya müraciət edib, klubu bərpa edək. Ən birinci gedənlərdən biri Adnan Bərəkət olub. A kişi, klubdan pul istəyir. Halbuki ona bir qəpik də pul düşmür. Azərbaycan demokratik ölkədi. Əlində sənədin varsa, doğru olduğunu sübut edəcəksən.


- Təxminən bu, nə qədər vaxt aparar?
- Çox qısa zamanda.


- “Bakı”nın həvəskarlar liqasında oynaması sizə necə təsir edir?
- Bu da bir mövzudu. Hələ ki, bu barədə danışmayaq. Mən təhlili sevən adamam və bununla yaşayıram. Sənətim də iqtisadçıdı. Bu təhlillər göstərdi ki, bizim klubun qalması, hansısa klubların yaranmasından daha məqsədəuyğun olardı. “Bakı” yaranıb və uzun müddət yaşayacaq. Mən dostların yerinə olsaydım, “Bakı”ya dəstək verib, komandanı saxlayardım. Təşkilatların iş birliyi varsa, bu barədə söhbət oluna bilərdi. “Bakı”sız çempionat olar?


- Deyirlər ki, uman yerdən küsərlər. Kimdən küsmüsüz?
- Özümdən və öz ətrafımdan küsmüşəm. Biz həddindən artıq böyük işlər görürük. Bizim missiyamız Azərbaycanı tanıtdırmaq idi. Amma mən “Lans”ı cəmi 5 milyona görə itirmişəm. Bir nəfər azərbaycanlı iş adamının adını çəkmək istərdim ki, ona ayıb olsun. Bizə olan borcunu ödəsəydi, “Lans” indi Azərbaycanın idi.


- Söhbət Mübariz Mənsimovdan gedir?
- Ad çəkmək istəməzdim. Şəhərdə avtobus marşrut sahibləri var ki, hərəsinin 4,5 milyon borcu var. İki gündü ayılmışıq ki, bunlar niyə 1 ildi bizə pul vermirlər? 4 dənə böyük daşıyıcıdı.


- Onlar Nəqliyyat Nazirliyinin tabeliyindədi?
- Xeyr. Özəl sektorlardı və biz bunlara daş verməmişik. Avtobus satmışıqsa, bu avtobuslar hər gün evlərinə pul aparıblar. Bizim də pulumuzu verməyən ermənidi. Çünki, bizi erməni ilə üz-üzə qoyublar. Düzdü, dövlət bizi müdafiə elədi. Amma bəziləri gərək məni belə qoymazdılar. 5 milyona görə bayraq düşsün?


- Bilirik ki, sizə kifayət qədər borcu olan var. Ad çəkməsəz də, sizə ümumi nə qədər borcları var?
- İcazə ver, iki günün içində bütün rəqəmləri açıqlayım.


- Təqribi nə qədərdi?
- Həddindən artıq çoxdu. Belə deyim də, bu gün “Lans”ın guya, alıcısının illik gəlirindən 100 dəfə çoxdu. Və bunu mən rəqəmlə sizə açıqlayacağam. Bu gün “Lans”ı alanın illik gəliri 5 milyondu.


- Bəs Azərbaycan daxilində sizə borcu olan kimlərdi?
- O da külli miqdardadı. Deyim də sizə. Üçü elə futbola aiddi. Biri “İnter” in keçmiş rəhbərliyidi.


- Cahangir Hacıyev...
- Görürsünüz ki, bu barədə danışmamışam. Bu, futbola aid deyil, başqa borcdu. Borcun məbləği 300 milyon dollardı. Digərinin isə 234 milyon borcu var. Bu haqda məhkəməyə sənədlər hazırlamışıq. Bu sənədlər açıqlanandan sonra görəcəklər ki, “Baghlan Group” kimdi, “Bakı” kimdi.


- 234 milyon borcu olan da klub prezidentidi?
- Dolayı yolla aidiyatı olan adamdı.


- Səhv etmirəmsə, “Atletiko”nun da sizə borcu var... Arda Turanın transferinə görə müəyyən məbləğ ödəməlidirlər...
- Yox, bu klubun borcu deyil. Ora mənim şirkətim deyil. “Atletiko”da 1-2 nəfərin səhvi var. Dərd ondadı ki, orda 8 rəqəmə qədər məbləğ var.Amma o, borc deyil. Biznesə yatırılmış puldu. Futbol klubuna pul verib, istəyə bilməzsən. O pulu götürüb başqa kluba da verə bilməzsən. Artıq pulun varsa, xərcləmələsin.


- “Barselona”ya transfer olunduqdan sonra Arda sizinlə əlaqə saxlayır?
- Arda hər zaman mənimlə danışır. Biz dostuq. O, hansısa kluba keçəndə hesabat verməməlidi. Mənim konkret olaraq Ardanın transferinə görə “Atletiko”da pulum yoxdu. Heç onun transferindən də pul qazanmıram.


- İcraiyyə Komitəsindən çıxmağınız da birmənalı qarşılanmadı...
- Klubum artıq əsas liqada yox idi. Yaşar Seyidova demişəm ki, borclarımızı bağladıqdan sonra AFFA-ya müraciət edək. AFFA-nı incitməyin adı yoxdu. Futbolçularla özümüz danışa bilmirik ki? Ayda 3-5 milyon xərcləyən klub funksionerləri var idi. Onlar indi haradadı? Hərəsi bir futbolçu gətirmişdi, gedib danışsınlar da.


- Amma görürük ki, Yaşar Seyidovdan başqa klubda heç kim yoxdu...
- Əslində, hamısı var. Oktyabrın 1-dən onları bir araya gətirəcəyəm.


- “Bakı”nın ümumi borcu nə qədərdi?
- 4 milyon. Amma bu, şişirdilmiş rəqəmdi. Əsl borc isə 500 mindi. Sadəcə, onların iddiaları təmin olunub. Yekun qərar isə qəbul edilməyib.


- Büdrəmənizdən sonra xəbərlər dolaşdı ki, bazanı əlinizdən almaq istəyirlər. Bu, doğrudan da belə idi?
- Yox. Heç kim şəxsi mülkümü məndən ala bilməz. Ora 30 milyon dollar vəsait xərclənilib. Şirkətlərdən biri məhkəmədə iddia qaldırıb ki, o bizim mülkümüzdü. Bunun üçün etiraz verilib, məhkəmə də hər şeyi araşdırır. “Baghlan Group” 30 milyon xərcləyib.


- Yenidən Azərbaycan futbolunda Hafiz Məmmədov fırtınası qopsa, kimləri külək aparacaq?
- Futbol bir xəstəlikdi. Elə bilirsiz ki, mən sağalmışam? Bundan sonra hər şeyi daha ağıllı edəcəyik. Əlimizə şans düşmüşdü. Mənə 1-2 nəfər dedi ki, sənin ağlın yoxdu. Sənin yerinə olsaydıq, pulu aparıb evə qoyardıq. Sənin qanında olmalıdı ki, pulu xərcləyəsən.


- Bir ara Mübariz Mənsimovla probleminiz var idi...
- Problemlər adətən şirkətlərə aid olur. 3 klubun adını çəkdim. İkisinin birbaşa aidiyyatı var idi. Birinin isə dolayı yolla... “Xəzər Lənkəran” və “İnter” ikisi birlikdə 310 milyon dollar verməlidi.


- 3-cü də “Qarabağ”dı?
- Belə də. Dedim axı ad çəkməyəcəyəm. “Qarabağ” canımızdı, ürəyimizdi.


- “Palmali” ilə problemləriniz var idi (sözümü kəsir) ...
- Biz kimlərəsə etibar etmişdik. İki il pulun adını çəkmədik, dedik ki, qoy işini görsün. 2009-cu ildən bu yana düşünmürlər ki, Hafiz Məmmədovun problemləri var?


- O vaxt demişdiz ki, Mübariz Mənsimovla aranızda təyyarə söhbəti var...
- Həmin təyyarəyə görə 4 milyon borc ödəyiblər, yerdə qalan qalıb. Mesaj da var ki, sizinlə gələn həftə qurtarırıq, amma qaytarmadılar. 


- Bütün bunlar Hafiz Məmmədovun səmimiyyətindən irəli gəlir?
- Yox. Bəzi adamlar vaxtında yaxşı yerdə peydə oldular və istifadə edə bildilər. “Bahar” üçün “Baghlan Group” 515 milyon dollar xərcləyib. Onu cəmi 6 milyon dollara satdılar. Bu, necə olur eee? 515 milyon dollar investisiya yatırmışıq. Məqsəd olub ki, “Bakı” batsın və oranı götürək. Onlara kömək edənlər də peşman olacaq. Hər kəs buna görə cavab verəcək.


- Hafiz Məmmədov çox dostlarını itirdi?
- Yox. Özüm biraz kənara çəkildim. Gedənlər də oldu, qalanlar da. İndi dostlarım deyir ki, bax, qalanlar sənin özünküləridir.


Digər xəbərlər

Xəbər xətti