Millət vəkili: "Qarşıdan məhərrəmlik ayı gəlir, "Neftçi"nin durumuna ağlamaq olar"

14:14 29 Sentyabr 2016

Millət vəkili Fazil Mustafa veteran futbolçu İsgəndər Cavadovun 60 illik yubiley tədbirində iştirak edib. O, jurnalistlərə açıqlamasında İ.Cavadov və Azərbaycan futbolunun hazırkı durumu ilə bağlı fikirlərini bildirib.

- İsgəndər Cavadovun yubileyi ilə bağlı nə deyə bilərsiniz?

- İsgəndər Cavadovun yubileyi biz Azərbaycan cəmiyyətində futbolsevərlər üçün bir tarixi hadisədi. Ona görə ki, Cavadov Azərbaycan futbolunda marka olmuş, öz oyun üslubu ilə seçilən və Azərbaycanın "Neftçi” klubunun milliləşməsində rolu olan şəxsiyyətlərdən biridi. Mən hesab edirəm ki, ictimaiyyətimiz bu günü məhz bu səbəblərə görə təmtəraqla qeyd edir. Düşünürəm ki, Cavadov Azərbaycanda bir məktəb yarada bilib. Düzdü, "Neftçi” böyük uğurlara imza atmasa da, ən azı dəsti-xətti ilə seçilən bir futbolçunun ölkəmizdə olması gənc futbolçularımızın inkişafına öz təsirini göstərdi.

- Fazil bəy, "Neftçi”nin hazırkı durumu sizə necə təsir edir?

- Qarşıdan məhərrəmlik ayı gəlir. Yəqin ki, onda ancaq "Neftçi”nin durumuna ağlamaq olar.

- Sizcə, "Qəbələ”yə 8:0 hesabı ilə məğlub olmaq "Neftçi” üçün tarixi ləkə deyildi?

- Ləkə niyə olur ki? Komanda oynamırsa, deməli, layiqli məğlubiyyətdi.

- Hazırda Azərbaycan çempionatında 8 komanda mübarizə aparır. Bu barədə nə düşünürsünüz?

- Bu, futbolun kapitalist inkişafı ilə bağlıdı. Ayrı-ayrı iş adamlarının güclənməsi lazımdı ki, futbola pul qoya bilsinlər və futbol dirçəlsin. Yoxsa, ayrı-ayrı təşkilatlara tapşırmaqla futbol inkişaf etməyəcək. Ümid edək ki, bundan sonra Azərbaycanda azad sahibkarlıq inkişaf edəcək. Və bundan sonra futbolun inkişafından danışa bilərik.

- Hazırda azarkeşlik etdiyiniz komanda var?

- Azakeşlik etdiyim komanda "Qarabağ”dı.

- "Qarabağ” Florensiyada çətin sınağa çıxacaq. Nə gözləyirsiniz?

- Nə gözləyək? Məğlub da ola bilərik.  Amma "Qarabağ” sabit oyun oynayır. Düşünürəm ki, "Qarabağ”ın fubolçuları üzərilərinə düşən məsuliyyəti hiss edirlər. Hətta "Qarabağ” uduzsa da, onlara üzülmürsən, əsəbləşmirsən. Çünki komandanın özünə görə oyun üslubu var. Ona görə də, mən "Qarabağ”ın oyun tərzini bəyənirəm. Orda çox möcüzəvi komanda formalaşdıra biliblər.

- Digər təmsilçimiz "Qəbələ” barədə nə düşünürsünüz?

- "Qəbələ”yə də azarkeşlik edirəm. "Qəbələ”nin uğurları hələlik yenidi. Düşünürəm ki, "Qarabağ”ın "Qəbələ”dən daha çox təcrübəsi var. "Qəbələ” də bizim komandadı və onları da dəstəkləyirəm. Çox istərdim ki, "Qəbələ”nin heyətində azərbaycanlı futbolçuların sayı ildən-ilə artsın.

- "Qəbələ” və "Qarabağ” hazırda çempionluq uğrunda mübarizə aparırlar və oktyabrın 2-də Qəbələdə üz-üzə gələcəklər. Həmin  oyunu canlı olaraq izləmək fikriniz yoxdu?

- Stadiondan izləmək bir qədər vaxt məsələsidi. Bir də əvvəlki kimi azarkeş deyiləm. Özüm oynadığma görə, elə bilirəm ki, meydançada onlardan yaxşı oynayıram. Ona görə də, gedib baxa bilmirəm.

- Hal-hazırda "Qarabağ”ın hansı futbolçusunun formasını almaq sizin üçün ən gözəl hədiyyə olar?

- Təbii ki, Rəşad Sadıqovun. Çünki Rəşad sonuncu qolu ilə bizi çox sevindirdi.

- Bunun üçün Rəşada müraciət etmisiniz?

- Yox. Onların hər biri ilə mənim yaxın, səmimi münasibətim var. Ancaq gündəlik əlaqəm yoxdu. Mənə elə gəlir ki, formaya ehtiyac yoxdu. Ürəyimizdə onların yeri var, bu, bizə kifayət edir.

Mənbə: futbol11.az


Digər xəbərlər

Xəbər xətti