Azərbaycan birinciliyində ilk qaliblər müəyyənləşdi

13:10 2 Oktyabr 2016

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana əsasən, Oğuzda yeniyetmə və gənclər arasında çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi davam edir. Gənclər və İdman nazirliyi ilə birgə təşkil edilən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı mübarizə aparır.
 

2-ci yarış günü 2 yaş kateqoriyasında qaliblər müəyyənləşib. 15 yaşadək oğlanların 30 km məsafəyə qrup ötüşməsi Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Nikita Sıtovun qələbəsilə yekunlaşıb - 1 saat, 3 dəqiqə, 39 saniyə. Xatırladaq ki, Sıtov 1-ci mərhələdə də hamını qabaqlamışdı və bununla da o, 2 mərhələnin yekununa əsasən ən yaxşı nəticə göstərib. 2-ci və 3-cü yerləri isə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri Emil Əliyev və Əmral Əbdüləzizli tutublar.
 
Qızların 30 km məsafəyə qrup ötüşməsinə gəlincə, burada hər hansı bir dəyişiklik baş verməyib. 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Validə Cabbarova 1 saat, 18 dəqiqə, 35 saniyə nəticə ilə 1-ci mərhələdəki qələbəsinin qanunauyğun olduğunu sübuta yetirib və çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyinin qalibi olub. Onun komanda yoldaşı Elfanə Camalova 2-ci, Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin velosipedçisi Viktoriya Buxenskaya isə 3-cü yeri tutub.
 
Qeyd edək ki, birinciliyin reqlamentinə əsasən, 15 yaşadək oğlanlar və qızlar arasında qaliblər 2, U-17 və gənclər kateqoriyasında yarışan velosipedçilər arasında isə 3 günün yekununa əsasən müəyyənləşir. Yarışa sabah yekun vurulacaq.
 


Digər xəbərlər

Xəbər xətti