"Bu bizim üçün çox mühüm oyun idi. Çempionla mübarizə aparırdıq və şahidi oldunuz ki, bu gün meydanda savaş idi. Bizim üçün vacib olan 3 xalı qazandıq."
Bu sözləri "Qarabağ"a 2:0 hesabı ilə qalib gələn "Qəbələ"nin prezidenti Tale Heydərov matçdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
- Ən böyük rəqiblərinizdən birini məğlub etdiniz. Demək olarmı ki, çempion olacağız?
- Bizim ən böyük rəqibimiz "Qarabağ"dır və bu qələbə bizi məqsədimizə daha da yaxınlaşdırır. Amma indidən çempionluq barədə nəsə demək çox tezdi.
- Komandanın avroliqadakı "Maynts" məğlubiyyəti sizə necə təsir etdi?
- Açığı desəm çox məyus oldum . Bilirdik ki, güclü komanda ilə mübarizə aparırıq. Bir növ qələbəni əldən vermiş kimi olduq, çünki oyunun gedişində 2:1 önə keçmişdik. Çalışacağıq ki, daha mübariz oyun göstərək.
- Meydanda çox gözəl oyunun getməsi və komandalarının qalib gəlməsinə baxmayaraq, "Qəbələ" azarkeşləri matçın 80-ci dəqiqəsində artıq tribunaları tərk edirdi. "Qəbələ"nin azarkeş problemini həll etmək üçün hansı işləri görürsünüz?
- Məncə, bu təkcə "Qəbələ"nin problemi deyil. Ümumi Azərbaycan azarkeşlərinə xas olan bir xüsusiyyətdir. Bununla bağlı daha çox təbliğat aparılmalıdır. Oyunun sonuna kimi yox, paltardəyişmə otağına gedənə kimi azarkeşlər kluba dəstək olmalıdır.
- "Qəbələ" artıq 2-ci ildir ki, standartlara tam cavab vermədəiyi üçün ev oyunlarını doğma Qəbələdə keçirə bilmir. Gələn mövsüm üçün stadionda yenilik gözlənilirmi?
- Bəli, planımızda var. Biz istəyirik ki, həmin standartlara gətirək stadionu. Gələn ilə alınmağını planlaşdırırıq.
İlkin İSMAYILZADƏ, Qəbələ