“Əvvəldən oyunun gərgin keçəcəyini bilirdik. Çünki, son 3 ilin çempionuna qarşı oynuyurduq. Amma oyuna yaxşı başladıq və ard-arda qollar vurduq. Qələbəyə layiq idik və layiqli qələbə qazandıq”.
Bu sözləri sportarena.az saytına Azərbaycan Premyer Liqasının 7-ci turunun son qarşılaşması olan “Qəbələ” – “Qarabağ” (2:0) matçından sonra “qırmızı-qaralar”ın kapitanı Rəşad Sadiqov deyib.
- Oyunun ilk hissəsi “Qəbələ”nin açıq-aşkar üstünlüyü ilə keçdi və 2 qol vurdunuz. Bu, “Qarabağ”ın zəifliyindən irəli gəlir, yoxsa “Qəbələ”nin gücündən?
- Yox, “Qarabağ”ın zəif olduğunu deməzdim. Çünki, onlar da bizim kimi Avroliqa oyununda iştirak etmişdi. Bilinirdi ki, onlar da yorğundur. Baş məşqçimiz onları çox yaxşı təhlil etmişdi və bizə rəqibi irəlidə ”sıxmağ”ı demişdi. Biz də elə etdik və bu da öz bəhrəsini verdi.
- Bu gedişlə “Qəbələ”nin çempion ola bilərmi?
- Biz bunun üçün çalışırıq. Əlimizdən gələni edəcəyik ki, bunu reallaşdıraq. Komandamızın builki hədəfi çempionluqdur.
- Qarşıdan Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə görüşünüz gəlir. Bu barədə nə deyə bilərsən?
- Açığı, hələ bu haqda danışmaq istəmirəm, çünki bu barədə oyuna bir həftə qalmış fikirləşəcəyik. Baxmayaraq ki, çətin olacaq, amma çalışacağıq qələbə qazanıb azarkeşlərimizi sevindirək.
İlkin İSMAYILZADƏ, Qəbələ