Bu gün Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub – 0:2.
Matçdan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Coşqun Diniyev sportarena.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Oyun haqqında fikirləriniz..
- Bu görüşün çox çətin olacağını bilirdik. “Qəbələ” hal-hazırda demək olar ki, Azərbaycan Premyer Liqasının ən güclü klubudur. Qələbə qazanmağa çalışdıq, amma alınmadı. Yəqin ki, bu gün “Qəbələ”nin günüymüş. Nə etmək olar, qarşıdakı oyunlara köklənəcəyik.
- Artıq ölkə çempionatında son iki oyundurki xal itirirsiniz. Son turda “Kəpəz”lə 1:1 hesablı bərabərlik, bu gün isə “Qəbələ”yə məğlubiyyət. Oyunçular arasında və ya komandada nələrsə baş verir?
- Yox, komanda daxilində heç nə baş vermir. Hər bir komanda ardıcıl bir neçə oyunu uduza bilər. Bu, şanssızlıqla da əlaqəli ola bilər. Komanda uğursuzluq sınağından asanlıqa və ya çətinliklə çıxa bilər. Biz çalışacağıq ki, özümüzü tez toplayaq və uğur qazanaq.
- Ardıcıl iki oyundur sizin keçirdiyiniz matçlarda Rəhim Həsənov baş hakim funksiyasını yerinə yetirir və siz xal itirirsiniz. Bu uğursuzluğu hakimlə əlaqələndirmək olarmı?
- Belə fikirləşmirəm. Məğlubiyyəti və ya xal itkisini birbaşa hakimlə əlaqələndirmək olmaz. Ümumiyyətlə, hakimlik barədə nəsə bildirmək istəmirəm. 90 dəqiqə ərzində meydanda nə baş verirsə qırağdakılar hər şeyi görür. Hakim də insandır, hansısa komandaya qarşı səhv edə bilər. Bunu qiymətləndirmək bizim işimiz deyil.
- Coşqun, düşünmək olarmı “Qarabağ” ardıcıl 3 ildir çempion olur və bu da komandada əminlik yaradıb?
- Əgər komandada əminlik olsaydı bu gün “Qarabağ” “Qəbələ” qarşısında sıfıra bərabər oyun oynayardı. Biz bu gün pis oynamadıq. Birinci hissədə oyunumuz alınmasa da, ikinci hissə bizim üstünlüyümüz ilə keçdi, lakin qol vura bilmədik. Keçən illərdəki qalibiyyətləri və nailiyyətlər builki nəticələrə birbaşa bağlanmır. Yenə də deyirəm, bu, bir dönəmdir və biz bu dönəmdən tez bir zamanda çıxacağıq.
İlkin İSMAYILZADƏ, Qəbələ