Rəşad Sadıqov: "Sosial şəbəkələrdəki fikirlər mənə maraqlı deyil" - Müsahibə

13:51 3 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının 7-ci turunda “Qəbələ” doğma meydanda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib.
Matçdan sonra “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
-    Rəşad, komandanın məğlubiyyətini kənardan izlədin. Bu necə hisslərdir?
-    Təbii ki, hər zaman çətindir komandanın məğlubiyyətini izləmək. Amma bu, futboldur. Qələbə qazanmağı bacardığın kimi məğlubiyyəti də həzm etməlisən. 
-    Səncə, sənin yoxluğun bu məğlubiyyətdə böyük rol oynadı, yoxsa yox?
-    Fikrimcə, mənim yoxluğum böyük rol oynamadı. Futbolçular müdafiənin mərkəzində yoxluğumu hiss etdirmədi. Amma oyunun əvvəlinə pis başladıq. Rəqib də 2 qol vurdu. Futbolçularımız çox çalışdı oyunun nəticəsini dəyişmək üçün, amma top qapıya girmək istəmirdi.
-    Komandanın qol vurması üçün nə çatmırdı?
-    Son zərbə. Bu il ən böyük problemimiz son zərbədir. Bir çox oyunlarımızda da belə olub. Top sanki qapıya girmək istəmir. 
-    “Qəbələ” bu gün sizdən daha inamlı, daha istəkli təsir bağışlayırdı...
-    Ola bilər. “Qəbələ”nin oyun üslubu elədir. Çox aqressiv oynayırlar. Amma bizim oyun tərzimiz tamamilə fərqlidir. Deməzdim ki, “Qəbələ” bu gün bizdən tam üstün oyun sərgilədi. Çünki ilk hissəni onlar oynamışdılarsa, ikinci hissəni biz oynadıq. Əgər ən azından bir epizodda belə top qapıdan keçsəydi, fərqli nəticə alına bilərdi.
-    5:1 hesablı məğlubiyyətin bu oyuna təsiri oldu?
-    Olmadı desəm yalan olar. Təsiri oldu. Sadəcə üzücü amil o idi ki, 30 dəqiqə ərzində nəinki 1:5, heç uduzmaq heç kimin ağlından keçmirdi. İnamlı idik, qələbə qazanmaq istəyirdik. Onlara qarşı dağıdıcı futbol oynamağa getməmişdik, baxımlı oynamaq istəyirdik. İlk 30 dəqiqə də onu göstərdi ki, hətta qələbə də qazana bilərik. Ancaq birdən-birə hər şey döndü və üzücü məğlub olduq. Həm 10 nəfərlə meydanda qalan uşaqlar yoruldu, həm də komandaya psixoloji cəhətdən zərbə oldu. Təsiri olmadı desəm yalan olar. Son həftə bizim üçün ağır keçdi. Bilirdim ki, bu bir həftə ağır olacaq. Gəncə səfəri, Florensiya səfəri və Qəbələ səfərinin belə ağır olacağı gözlənilən idi. Fikrimcə komandanın dərindən nəfəs almağa ehtiyacı var.
-    Zədənin durumu nə yerdədir? Millidən kənarda qala bilərsənmi?
-    İlk hissənin son dəqiqələrində zədələndim. Durum elə idi ki, əvəzlənə bilmirdim. Çünki heyətdə stoper yox idi. Üstəlik məcburi əvəzləməmiz olmuşdu. Ona görə sona qədər dözdüm və meydanda qaldım. Müayinədən keçdim və problem olduğunu bildirdilər və bu oyunu buraxmalı oldum. Üç gündür ki, həkim müayinəsindəyəm. Millinin oyununa çatmaq üçün həkimlərin nəzarəti altındayam. Ümid edirəm ki, millinin oyununa hazır olacağam.
-    Son vaxtlar "Qarabağ"  qol buraxandan sonra sanki ümidini itirir və dönüş edə bilmir. Lakin əvvəllər belə deyildi. Bu nədən irəli gəlir?
-    Gəncədə 0:1 geriyə düşdük, sonra çox qol epizodlarımız oldu, vura bilmədik. "Fiorentina"ya qarşı matçda aydın məsələ idi ki 10 nəfərlə oyunu dəyişmək çətin məsələdir. "Qəbələ"yə qarşı da uşaqlar yaxşı mübarizə apardı. Əgər 60-70-ci dəqiqələrdə qol imkanlarından yararlansaydıq tam fərqli nəticə olardı.
-    Sosial şəbəkələrdə belə fikirlər var ki, Rəşad Sadıqov məşqçiliyə başlayandan futbolçu fəaliyyətini ikinci plana atıb. Bu fikirlə razısanmı?
-    Sosial şəbəkələrdəki fikirləri mənə sual vermək düzgün deyil. Sosial şəbəkələrdəki fikirlər mənə maraqlı deyil. Siz deyin sizin suala cavab verim, sadəcə sosial şəbəkələrdəki fikirlərə münasibət bildirmək istəmirəm.
-    Özünüz də qeyd etdiniz ki, komandada son zərbəni vuran tapılmır. Bəlkə komandanıza əlavə hücumçuya ehtiyac var?
-    Yetərncə hücumçumuz var. Özünüz də görürsüz ki, heyətimizdə 3 hücumçu var. İnşallah, yaxşı olar.  Gəncədə də gördünüz ki, o qədər epizodlarımızdan yalnız 1-də top qapıya girdi. Həmin futbolçulardır. Burda ustalıqdan yox, daha çox bəxtdən söhbət gedir. Elə olur ki, birdən səndə hər şey alınır. Bir də görürsən ki, heç nə alınmır. Fikirləşirəm ki, bizdə həmin dövrdü.

İlkin İsmayılzadə, Qəbələ


Digər xəbərlər

Xəbər xətti