Oğuzda yeniyetmə və gənclər arasında çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi başa çatıb.
Sportarena.az xəbər verir ki,Azərbaycan Velosiped İdmanı Federasiyası və Gənclər və İdman nazirliyi ilə birgə təşkil edilən açıq xarakterli yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı, həmçinin Gürcüstandan gəlmiş 10 velosipedçi mübarizə aparıb.
3 gün davam edən yarışın sonuncu günü 2 yaş kateqoriyasında qaliblər müəyyənləşib. 17 yaşadək velosipedçilər arasında 43 km-lik sonuncu mərhələni 1 saat, 16 dəqiqə, 13 saniyəyə başa vuran Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü İvan Orlov bununla da ümumi təsnifatda hamını qabaqlayıb və Azərbaycan çempionu adına layiq görülüb. Onun komanda yoldaşları Qadir Mustafayev və Əli Qurbanov müvafiq olaraq 2-3-cü yerləri tutublar.
Gənclər arasında "Neftçi" İdman Klubu İctimai Birliyinin velosipedçisi Telman Vəliyev 90 km-lik marşrutu 2 saat, 28 dəqiqə, 58 saniyəyə başa vurub. Bu isə ona 3 mərhələnin yekununa əsasən fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa imkan verib. Sonrakı 2 yerdə Gürcüstan velosipedçiləri Vano Kvahazde və Tamati Tsereteli qərarlaşıblar. Qaliblər AzVİF VƏ AGİN tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.