Ramin Musayev: "...sizə qarşı çaşan adamı vurun, aşırın, mən sizin yanınızda duracam"

13:16 6 Oktyabr 2016

Azərbaycan Kubokunun 2016/2017 mövsümünün püşkatmasından sonra PFL prezidenti Ramin Musayev mətbuat konfransı keçirib. 


Sportarena.az xəbər verir ki, konfransda Musayev jurnalistlərin suallarını cavablandırıb.
 

- Kubokun finalı hansı stadionda keçiriləcək?
- Fikrimiz var ki, bölgədə keçirək. Çox istərdim ki, matç Lənkəranda baş tutsun. Amma Lənkəran klubu öz fəaliyyətini dayandırdığına görə, istər-istəməz həmin azarkeşlər pis ola bilər. “Neftçi” finala çıxsa, Lənkərana apara bilmərəm. Çünki qalmaqal ola bilər. Amma “Neftçi” finala yüksəlməsə, matçın Lənkəranda baş tutmasını istərəm. Ot örtüyü ürəkaçan olsa, böyük məmnuniyyətlə, finalı Lənkəranda keçirmək istərəm. Lənkəran azarkeşlərinə böyük hörmətim var. “Neftçi” finala çıxsa, istərdim ki, final Gəncədə keçirilsin. Oyun Qəbələdə və ya İmişlidə də keçirilə bilər. Amma İmişli stadionunda yer azdı.
 

- I divizionun “Bakılı” – “Zaqatala” matçında baş verən hadisələrə görə ev sahibləri cəzalandırılacaqmı?
- Bu gün işə gələn kimi həmin videoyazıya baxmışam. “Bakılı” komandasının vurduğu 1-ci qol azarkeşlər tərəfindən yaxşı qarşılanmayıb. Deyirlər ki, top çıxmışdı, xətti keçmişdi. Amma yan xətt hakimi və baş hakim də təsdiqləyir ki, çıxmayıb və “Bakılı” qol vurur. Onda da həmin azarkeş söyüş söyür. Deməli, o, futbol xəstəsidi. Qaldı ki hakimə, onlara deyilir ki, 90 dəqiqə ərzində sən karsan, heç nə eşitmirsən. Amma demişəm ki, 90 dəqiqədən sonra kimsə xətrinə dəyirsə, vur, aşır. Mən bu sözün arxasındayam. Hər insanın öz qüruru var. Amma hakimlikdə səhv olub, cəzalandırılacaq. Sabah “Bakılı” klubunun rəhbərini bura dəvət edəcəyik. Söhbətimiz olacaq. Bir daha təkrar olunsa, başqa əməllər etməyə məcbur olacağıq. Heç kimdən çəkinmirik.

 
 
- “Mil Muğan”ın ölkə kubokunda iştirak etməməyinin səbəbi nədi?
- Mən klubda olanda baş məşqçidən xahişim olub ki, bizə qələbə yox, oyunçu və yaxşı oyun lazımdı. I divizionda artıq 5 tur keçib. Biz Qurban Qurbanovla bir yerdə çalışanda 6 oyunda qələbəyə həsrət qaldıq. Amma sonra çempionluğa oynadıq və bizi birincilikdən saxlayan keçmiş AFFA rəhbərliyi oldu. Tarix unudulmur. Bütün faktlar bu günə qədər məndə durur. Tələsmək lazım deyil. “Mil Muğan” çempionatın startından 10 gün qabaq yaranıb. İndidən yalandan kubokda niyə çıxış edək? Düşək “Qəbələ” ilə, onlar da 15 qol vuracaq. Yəni, yalandan çıxış etməyin nə mənası var? “Jiquli”ni BMW-nin qarşısına niyə çıxarım, uşaqları niyə sındırım?

 
- Azərbaycanın ən köklü klublarından olan “Kəpəz”in bazası acınacaqlı durumdadı. Bu klubun rəhbərliyi ilə danışığınız olubmu?
- Vallah, mən “Kəpəz”in rəhbərliyini tam bilmirəm. Komandanın öz baş məşqçisi var. Mən axırıncı dəfə o klubun bazasında nə vaxt olmuşam... olmaq fikrim də yoxdu.

 
- “Ayın futbolçusu” nominasiyasını yenidən bərpa edə bilərsizmi?
- Bu ildən I divizionda ayın qolunu seçirik. Çox gözəl də alındı. 5 qolun sırasında hansına birinci yeri verəcəyimizi bilmirdik. Qollar çox xoşuma gəldi.

 
- Ölkə kubokunun yayım hüququ konkret kimə verilib?
- Hələ bununla bağlı qərarımız yoxdu. “CBC Sport” ilə danışarıq, yayımlayarıq.

 
- Hakimlər son vaxtlar onlara söz atan azarkeşlərə, klub rəsmilərinə cavab verir. Bu yaxınlarda elə bir hadisə AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun başına gəlmişdi...
- Mən onu dəqiqləşdirdim, elə şey olmayıb. Bizdə ürəkli, vurub-tutan hakim 3 nəfər olar, ya olmaya. Hamısı başını aşağı salıb, işini görür. Mən inanmıram ki, Namiq Hüseynov AZAL-ın baş məşqçisi Tərlan Əhmədovu söhbətə çağırsın. Tərlanla da danışdım, dedi, elə şey olmayıb. Namiq Hüseynov da elə oğlan deyil ki, o hərəkəti etsin. İkincisi, hakim də insandı, məgər o, hər dəfə söyülməlidi? Klub rəhbərləri var ki, bəzən hakimi söhbətə çağırırlar? Mənim əlimdə vəzifəm varsa, hegemonluq etməliyəm? Xeyr. Hakim niyə söyülməlidi ki? Televizorda onun idarə etdiyi oyuna anası, arvadı baxa bilər. Hakimin də namusu var. Düz olanda da söyülür. Niyə? Bəli, mən demişəm ki, 90 dəqiqədən sonra sizə qarşı çaşan adamı vurun, aşırın, mən sizin yanınızda duracam. Cavan hakimlərimizə şans verməliyik. Onlar Azərbaycandan kənarda nə qədər irəli getsələr, ölkəmizi təmsil edirlər.(apasport)


Digər xəbərlər

Xəbər xətti