AFFA-nın aşağı yaş qrupları üzrə komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ” Futbol Akademiyasının komandaları 14 oyun keçiriblər. Cəmi 3 matçda heç-heçəylə kifayətlənib, 11 qələbə qazanan "qırmızı-qaralar" 10 görüşdə böyük hesabla qalib gəlib.
U-19 Liqasının II turunda "Neftçi” İK İB ilə səfər oyununda 1 xal qazanan (1:1) "Qəbələ" III turda "Kəpəz”i qəbul edib. 4:1 hesabı ilə qalib gələn "qırmızı-qaralar” 3 oyundan sonra xal hesabını 7-yə çatdırıb. Öz meydanında "Neftçi” İK İB üzərində böyükhesablı qələbə qazanan (4:1) "qırmızı-qaralar” 2 oyundan sonra 6 xalla liderlər qrupunda qərarlaşıb.
"Qəbələ" U-16 komandası isə mövsümə heç-heçə ilə start verib. Bu, "Vətən”lə ev oyununda 1:1 hesabı ilə qazanılan 1 xal olub.
İlk qarşılaşmasında "Mil”i qəbul edən U-15 "doğma divarlar” arasında qol yağışına sevinib – 9:0. U-14 Liqanın Paytaxt regionunun Bakı zonasında çıxış edən "Qəbələ” "Vətən RİOEUG” üzərində qələbə qazanıb – 2:0. İki turdan sonra 6 xala malik komanda liderlər qrupunda yer alıb.
Eyni zonada çıxış edən U-13 II turda "Rəvan”la qarşılaşıb. 1:1 hesablı heç-heçəylə kifayətlənən "qırmızı-qaralar” ilk xalını əldə edib. Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən "Qəbələ” U-12 komandası ilk turda Şəki UGİM-i ilə görüşüb. Komanda 18:0 hesabı ilə qələbə əldə edib.
Qəbələnin UGİM komandası isə Yevlaxın UGİM-i üzərində qələbə qazanıb – 6:1. Eyni zonda çıxış edən U-11 komandaları da böyükhesablı qələbə əldə edib. "Qəbələ” Qaxın ROİL-ini 9:0, UGİM isə Yevlaxın UGİM-ini 12:1 hesabı ilə üstələyib.
U-10 Liqasında 3 komanda təmsil olunan "Qəbələ" Futbol Akademiyasının təmsilçiləri də mövsümə böyükhesablı qələbələrlə start verib. "Qəbələ” "Balakən”i 8:0, UGİM "Daşqın”ı 9:1, "Gil” isə Şəkinin "Şorsu” komandasını 6:1 hesabı ilə yenib.