Rəşad Sadıqov: "O jurnalistlər özlərinə hörmət etməyiblər"

21:33 7 Oktyabr 2016

“İlk ev oyunumuza çıxacağıq. Bizim üçün çətin oyun olacaq. Azarkeşlərimizin gözləntilərini bilirik. Norveç milisinin oyun üslubu indi çox dəyişib. İndi hücumda daha sürətli oynayırlar. Müdafiəçilərin üstünə yük düşəcək. Diqqətli olmalıyıq. Nəticənin uğurlu olması üçün əlimizdən gələni edəcəyik”.


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç yığmasına qarşı keçiriləcək oyundan öncə mətbuat  konfransında söyləyib.
 

- Norveçdən gələn jurnalistlər millimizin mətbuat konfransında iştirak etmədi. Səncə, bu, yığmamıza qeyri-ciddi yanaşmaqlarından irəli gəlir?
- Düşünmürəm ki, komanda bizi ciddiyə almır. Çünki Bakıda qələbə qazansalar da, yaxşı oyun göstərmişdik. Güclü rəqibdi, asan olmayacaq. Bizi kimsə qınaya bilər ki, rəqiblərə güclü deyirsiniz. Amma milli səviyyəsində zəif rəqib olmur. Məğlubiyyət haqda düşünmürük. Həmin jurnalistlərin burda olması isə bizim üçün önəmli deyil. O jurnalistlər özlərinə qarşı hörmətsizlik ediblər. Çünki bura gəliblərsə, yazmaq işləridi. Sizin burda olmağınız bizim üçün yetərlidi.
 

- “Fiorentina” ilə matçda zədələnmişdin. Lakin oyunu sonadək davam etdirdin. Özünü sabahkı oyuna hazır hiss edirsənmi?
- “Fiorentina” ilə matçın sonlarında zədələnmişdim. Həmin vaxt meydandan çıxmaq düzgün deyildi. Zədəm ciddi deyildi. Sabahkı oyuna da hazır olub-olmadığımı baş məşqçi deyəcək.


- Rəşad, demək olar ki, artıq karyeranı bitirmək üzrəsən. Qrupdan çıxma  barədə düşünüb özünə “niyə də yox?” deyirsənmi?
- Qrupdan çıxmağı mənim qədər istəyən yoxdu. Çünki demək olar ki, son seçmə mərhələmdi. Bəlkə də, sabah ən önəmli matça çıxacağıq. Bunu deyib stressə salmaq istəmirəm. Rəqibin gücünü anlayırıq. Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik. Mənim üçün karyeramın sonunda bundan gözəl hədiyyə ola bilməz.


- “Qarabağ”ın oyunlarında bəzən hücuma gedib həlledici qollar vurursan. Sabah da hücuma gedə biləcəksənmi?
- “Qarabağ”la millinin rəqibləri fərqli olur. Rəqibin imkan verdiyi qədər hücuma keçə bilirəm. Millidə də hücumlara keçdiyim vaxtlar olur. Amma qol vurmaq mümkün olmur. Təbii ki, oyunun gedişinə görə hücuma keçə bilərəm. Niyə də yox?


Digər xəbərlər

Xəbər xətti