AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi zamanı brifinq keçirib.
Brifinq zamanı baş katib sportarena.az saytının əməkdaşının da suallarını cavablandırıb:
- Norveç yığması ilə sabahkı ev oyunu ilə bağlı düşüncələrini bölüşərdiniz...
- Bu seçmə mərhələdə Bakıda - evdə ilk oyunumuzdur. Təbii ki, milli seçmə mərhələyə qələbə ilə başlayandan sonra azarkeşlər növbəti 3 xalı gözləyir. Bildiyiniz kimi, Norveç yığması ilə ötən seçmə mərhələdə 2 dəfə oynamışıq. Təəssüf ki, ilk oyunu doğma meydanda uduzmuşduq. Lakin Robert Prosineçkinin gəlişindən sonra komandamız səfərdə 1 xalı qazandı. Bunu nəzərə alaraq düşünürəm ki, sabah komandanın fikri 3 xal qazanmağa meyillidi. Fürsətdən istifadə edərək azarkeşlərimizi stadiona dəvət edirik. Stadionumuz böyükdür. Təbii ki, belə stadionda 30-35 min azarkeş elə də çox görsənmir. Bizə də lazımdır ki, rəqib komanda meydançaya daxil olanda azarkeşlərimizin dəstəyi onlara təzyiq yarasın. Komandamız da azarkeşlərin önündə, onların dəstəyi sayəsində daha da inamlı oyun göstərəcək.
- AFFA rəhbərliyi milli komanda üzvləri ilə meydançada görüşdü. Nə danışıldı? Hansı mükafat vəd olundu?
- Seçmə mərhələdən öncə də AFFA prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri milli ilə görüşdü. Bu dəfə də AFFA prezidenti milli komanda ilə görüşdü, uğurlar arzuladı. Bir daha qeyd etdi ki, ilk 3 xalımzı səfərdə qazanmışıq. Evdə ilk oyunda da 3 xalımızı qazanmalıyıq. Sabahkı oyunda elə AFFA rəhbərliyi də, azarkeşlər də 3 xal gözləyir. Burada da deməliyəm ki, niyə də yox?
- Turnir cədvəlində 2-ci pillədəyik. Bunu davam etdirmək mümkün olacaq?
- Mümkündür. 3 xalımızı sabah qazansaq, digər oyunda da münasib nəticə olsa.
- Almaniya uduzsa ilk pillədə olacağıq...
- (gülür) Bunu demək çətindir. Almaniya kimi güclü yığmanın qrupda olmağı bir tərəfdən müsbət haldır. Çünki artıq Almaniyada heç kim xal almayacaq. Bu üzdən qrupda 2-3-cü yer uğrunda mübarizə gedir.
- Qeyd etdiniz ki, 30-35 min azarkeş belə böyük stadionda yaxşı görüntü göstərməyəcək. Olmazmı ki, növbəti ev oyununu Tofiq Bəhramov adına Respublia stadionunda keçirək?
- Görüşü həmin stadionda böyük məmnuniyyətlə keçirə bilərdik. Məsələ ondadır ki, Bakı Olimpiya Stadionunu yoxlamalıyıq. 2020-ci ilə qədər bu stadionda nə qədər çox oyun olsa, o qədər yaxşı olacaq. Bu, artıq UEFA-nın tövsiyəsidi. Onu da qeyd edək ki, "Tofiq Bəhramov"un meydançasında problem olduğuna görə matç keçirməyimiz nəzərdə tutulmamışdı. Mövsümdən öncə bilirdik ki, "Qarabağ" həmin stadionda oynayır. Ona görə də qeydiyyatdan keçməmişdi.
- Mətbuatda belə xəbər yayılıb ki, FİFA prezidenti Canni İnfantino sizə vəzifə təklif etsə də, bundan imtina etmisiniz. Bu, nə dərəcədə həqiqətdir?
- Bu, şəxsi məsələdir. İcazə versəydiniz, bunu açıqlamazdım.
- Real bir məsələdir demək...
- (gülür) Bir az şəxsidir, ona görə demək istəmirəm.
- San Marino ilə oyuna mükafat verilməmişdi. Yəqin ki, Norveçlə oyunda qələbəyə görə böyük mükafat nəzərdə tutulub...
- Bizdə bir sistem var və biz bu sistem üzrə hərəkət edirik. Sistemə görə, komanda 3 xala görə təbii ki, mükafat alır. Dəyişik mükafat ala bilər. Lakin seçmə mərhələdə pley-offa və ya birbaşa final mərhələsinə çıxarsa, mükafatın üzərinə əlavə mükafat gəlir. Belə bir sistem yaratmışıq və onunla da gedirik. Sizə açıq deyim ki, bugünədək millidə oynayan futbolçular mükafat məsələsini qaldırmayıblar. Lakin AFFA hər zaman nəzərə alır ki, milli komandada oynayan futbolçular assosiasiyadan maaş almırlar. Yalnız gündəlik məvacib alırlar. Ona görə də yaxşı nəticə qazananda stimullaşdırma amili olmalıdır.
- Milli komanda ot örtüyünün vəziyyətinə görə meydançanın yerini dəyişdi. Bu, sizin qanınınızı qaraltdımı?
- Yox. Əslində, məşqdən qabaq UEFA nümayəndəsi ilə bu məsələni müzakirə edirdik. Dəyişiklik normal haldır, hərdənbir olur. UEFA nümayəndəsinin tövsiyyəsini nəzərə alaraq yeri dəyişdiririk. Biz də əsas meydançada məşq edə bilərdik. Norveç yığması girişdən solda çox məşq etdiyindən ora yüklənib. Digər tərəf boş idi. UEFA nümayəndəsi bildirdi ki, istəyirsiniz, o tərəfi seçin. Bizim gözəl meydançalarımız var və infrastukturdan istifadı edirik. Ona görə baş məşqçi də dedi kiehtiyat meydançaya keçsək daha yaxşı olar.
- Sabah elə vəziyyət yarana bilər ki, ot örtüyü daha da bərbad vəziyyətə düşsün...
- Yox, belə şey olmaz.
- Azarkeş azlığının səbəbini nədə görürsünüz? Oyunun vaxtı münasibdir, biletlər bir neçə həftədir satılır ..
- Həftəsonudur, qiymətlər ucuzdur. Şənbə günüdür, vaxt da yaxşıdır. Azarkeşlərin də milli komandanı dəstəkləməsi lazımdır. Düşünürəm ki, sabah İtaliyaya və ya Almaniyaya qarşı oynasaydıq artıq biletlərin hamısı satılmış olacaqdı. Rəqibdən də çox şey aslıdır.
- Özünüz də bildirdiniz ki, rəqibdən çox şey aslıdır…
- Təəssüflər olsun ki, bu, faktdır. Azarkeşlər rəqibi nəzərə alarq stadiona gəlirlər. Məşhur olmayan yığmalarla oyuna az maraq var. Daha yaxşı olardı ki, fanatlarımızın milli komandaya marağı çox olardı. Ancaq bu, o demək deyildir ki, azarkeşlərin stadiona çox gəlməsi üçün milli komanda hər oyunda qalib gəlməlidir. Bu, futboldur. Həmin Almaniya, İtaliya da hərdənbir uduzur. Bu, o demək deyil ki, onların azarkeşləri oyunlara gəlmirlər. Mən müqayisə etmirəm. Onlar böyük, inkişaf etmiş futbol ölkələri olduğundan qətiyyən müqayisə aparmaq istəmirəm. Lakin digər ölkələrdə də görürük ki, azarkeşlər rəqiblərə görə oyunlara gəlirlər.
- Bir neçə gün öncə Londonda FİFA-nın mükafatını aldınız. Bu münasibətlə sizi təbrik edirik...
- Çox sağ olun. Təbii ki, çox sevindim. Böyük bir sürpriz oldu. İyul ayında rəsmi məktub gəlmişdi ki, bu nominasiyada varam. Sözün düzü, çox optimist deyildim. Çünki rəqiblərim güclü həmkarlarım idi. Lakin sonda çox sevindim. Çünki tədbirdə Azərbaycanın adı çəkildi. Təbii ki, bu mükafat tək mənim deyil, AFFA-nın hər bir əməkdaşının uğurudur.
- Bu mükafatdan sonra FİFA-ya qapı açıldı. Olmazmı ki, AFFA-dan çıxıb daha yüksək qurumda çalışasınız? Bəlkə təklif gəlib, imtina etmisiniz?
- Mən demədim ki, imtina etmişəm. Sadəcə, bu haqda danışmaq istəmədiyim üçün söyləmədim. Mənim cavabım manipulyasiya kimi qəbul oluna bilər. Ona görə də şəxsi məsələni müzakirə etmək istəməzdim.
- Gələcəkdə ola bilər ki, təklifi qəbul edəsiniz?
- Həyatdır da(gülür).
İlkin İsmayılzadə