Qara Qarayev: "...Heç olmasa gedib ailəmlə halallaşardım"

17:32 10 Oktyabr 2016

Azərbaycan millisinin və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev futbol11.az saytına müsahibə verib.

Sportarena.az həmin müsahibəni təqdim edir:

- Millinin düşərgəsində ab-hava necədi?

- Qələbədən sonra əhvalımız yüksək səviyyədədi. Ancaq işimizin çətinliyini də dərk edirik. Ona görə də, hər şeyi nəzarətdə saxlamağa çalışırıq.

- Təyyarədə baş verən nasazlığa görə yaranan stressi üzərinizdən ata bilmisiniz?

- Hə, atmışıq (gülür). Allah bir də göstərməsin.

- Həmin an hansı hissləri keçirdiz?

- Əslində elə bir şey yox idi. Sadəcə, razılaşma məkanı idi. Artıq başqa çarə olmadığını düşünürsən. Ancaq dua edirdik (gülür).

- Düşünmədin ki, 6 xaldan sonra gözə gəldiniz?

- Xeyr. Həmin an dünyavi məsələlərdən uzaq idik (gülür). Allahın qədəridi. Bu da bizim üçün bir siqnaldı. Bundan sonrakı həyatımızda daha diqqətli olmalıyıq. Bəlkə də yüngülvari xəbərdarlıq idi.

- Bu, təyyarə ilə neçənci səfərindi?

- Düzü, saymamışam. Yəqin ki, 100-dən çox olar.

- İndiyədək belə təhlükə ilə üzləşmişdin?

- Yadıma gəlmir. Sadəcə, olub ki, hava boşluğuna düşmüşük, titrəyiş olub. Amma ilk dəfə idi ki, təyyarənin təkərlərinin bağlanmamasını görürdüm. 

- Təkərlər bağlanmışdı?

- Bəli, havaya qalxdıqdan sonra təkərlər bağlanmadı. Benzin də çox idi deyə, təyyarənin düşmə təhlükəsi yaranar dedilər. Buna görə də təyyarə havada bir neçə dövrə vurmalı oldu.

- Ostravaya ayaq basanda nə düşündün?

- Allahın adın çəkəndə adam rahatlayır. Onsuz da hər şey haqq sahibi olanın əlindədi. Ümumiyyətlə, təyyarədən qorxan adam deyiləm. Allahın izni olmadan, başımıza heç nə gəlməz. Amma istənilən halda cüzi həyəcan yaranır. İstənilən halda yaşamaq gözəldi. Heç olmasa, düşünürdüm ki, gedib ailəmlə görüşərdim, dost-tanışla halallaşardım (gülür).

- Qurban kəsməyi söz verməmisən?

- Nəyinsə müqabilində belə addım atmaq düzgün çıxmaz. Qurbanımız var idisə, ondan qabaq olub. Elə bir vəziyyətdə heç qurban kəsməyi də düşünmürsən. Göydə adamın ağlına yüz dənə fikir gəlir. Allaha sığınırıq, o da bizə kömək olur. Mexanik inamlı danışırdı. Bu da bizi bir qədər rahatlatdı. Dedi ki, təkərlər açılmasa, düşüb özüm açacam (gülür)

- Yəqin ki, Norveçlə oyundan öncə körpüdən yıxılan azarkeşlə bağlı məlumatın var...

- Acığı, hadisənin oyundan sonra olduğunu düşünürdüm. Bakıya qayıtdıqdan sonra azarkeşimizə mütləq baş çəkəcəm. Düzü, hadisənin olduğu gecə getmək istəyirdim. Sadəcə, vaxtımız olmadı. Oyundan sonra otelə gəldik, sabahsı gün də Çexiyaya yollandıq. Komandada hər kəs ondan danışır. Kaş belə bir hadisə olmayaydı. Bu, bizi çox məyus etdi. İndi onun ailəsini düşünürük. İşlərini, güclərini, evlidisə ailəsini... Allah ona can sağlığı versin və tezliklə xəstəxanadan çıxsın.

- Çexiyadan xalla qayıda biləcəksizmi?

- Bir az çətindi. Reallığı danışmaq lazımdı. Bu ümid bizdə var. Qrupun ilk oyunundan qrupdan çıxmaq barədə düşünürük. Reallıq budur ki, bizdən üstündürlər və onlara qarşı səfərdə oynayırıq. Buradan 1 xalla qayıtsaq, bu, bizim üçün böyük qazanc olacaq.


Digər xəbərlər

Xəbər xətti