Futbol üzrə Azərbaycan yığmasının üzvlərinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində qələbə (1:0) və Çexiya ilə səfər oyunundakı heç-heçəyə (0:0) görə nə qədər mükafat alacağına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, oyunçular üçün bu uğurlu nəticələrə görə, təxminən, 1 412 500 manat mükafat təyin olunub.
Belə ki, Norveç üzərində qələbədə pay sahibi olan və start heyətdə meydana çıxan hər futbolçu 50 000, Çexiya ilə heç-heçədə iştirak edənlər isə 30 000 manat mükafat əldə edəcəklər. Sonradan meydana çıxanlar isə müvafiq olaraq 35 000 və 22 500 manat mükafat qazanacaq. Ehtiyatda qalan futbolçular da yaddan çıxarılmayıb. Onlar ilk oyuna görə 25 000, son matça görə 15 000 manat mükafat əldə edəcəklər.
Məşqçilər korpusuna veriləcək mükafatların məbləği isə hələ bəlli deyil. Amma böyük ehtimalla ümumi mükafat məbləği 1,5 milyon manatdan çox olacaq. (Azerisport)