Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində uğurlu çıxışı ilə son günlər diqqət mərkəzindədir.
Millimizin üzvləri arasında fərdi göstəricilərinə görə də irəli gedənlər, geyiləyənlər var.
Bu, onların bazardakı qiymətinə də təsirsiz ötüşmür. Bu yazıda da məhz millimizə dəvət alan futbolçuların transfer qiymətlərindən söz açacağıq.
Yığma üzvləri arasında son bir ilə əsasən qiymətini ən çox artıran Bədavi Hüseynovdur. 25 yaşlı müdafiəçi qiymətini 450 000 avrodan 700 000-ə qaldırıb. Onu 350 000-dən 500 000 avroya qədər bahalaşan Maksim Medvedev izləyir.
Araz Abdullayev 400 000 avro idisə, indi onun transfer qiyməti 500 000 avro göstərilir. Qara Qarayev isə elə əvvəlki qiymətindədir – 500 000 avro.
Qara Qarayev kimi, Səlahət Ağayevlə Məhəmməd Mirzəbəyov da “sabitlərdəndir”. Bu iki oyunçu əvvəlki kimi, 400 000 avro dəyərindədir.
Əfran İsmayılov qiymətini 50 000 avro bahalaşdırmağı bacarıb və indi onun transfer dəyəri 350 000 avro həddindədir.
Ruslan Abışov 400 000 avrodan 350 000-ə düşüb.
Arif Daşdəmirov da geriyə gedənlərdəndir. 100 000 avro ucuzlaşan bu futbolçunun transfer qiyməti 300 000 göstərilir.
Ruslan Qurbanovla Namiq Ələsgərov da 300 000 avroyadır. Birinci 150 000, ikinci isə 200 000 avroluq yüksəlişə nail olub.
Rekord.az