Bu gün Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ” doğma meydanda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.
Matçdan sonra Ağdam təmsilçisinin futbolçusu İlqar Qurbanov sportarena.az saytının əməkdaşının suallarını da cavablandırıb:
- İlqar, uzun müddətdən sonra baxımlı qol vurdun. Nə hisslər keçirirsən?
- Şükürlər olsun ki, bu gün qələbə qazandıq. Çox vacib oyun idi bizim üçün. Son turda “Qəbələ” ilə səfər oyununda xal itirmişdik və onlardan 6 xal geridə idik. Komanda şəkilində çox yaxşı mübarizə apardıq. Birinci qolu çətinliklə vura bildik. İlk qoldan sonra daha yaxşı oynamağa başladıq.
- Oyunda qol bir az gec vuruldu. Bu sizdə əsəb yaradırdımı?
- Əlbəttə. Bu, istər-istəməz bizdə əsəb yaradır. Komandalar bizimlə oyanayanda bir az qapalı oyuna üstünlük verirlər. Bu da hücüm etməyə çətinlik yaradır. Söz yox, qolu bir az gec vurduq, amma yenə də öz oyun üslubumuzdan çıxmırdıq.
- Oyundan öncə “Qəbələ”nin xal itirdiyini bilirdinizmi?
- Yox. Xal itirdi?
- Qol vurduğun anda nə düşünürdün?
- Ümumiyyətlə, mənim üçün hücumlara qoşulmaq çox rahat olur. Həmin epizod zamanı hiss etdim ki, top arxaya göndəriləcək. Bu səbəbdən mövqeyimi qoruyub, qol vurmağı bacardım.
- Bu qələbədən sonra komandanın yenidən özünə gəldiyini demək olarmı?
- Hər bir qalibiyyətdən sonra komandanın əhval-ruhiyyəsi düzəlir. Bu gün qələbə qazandıq. Ümid edirəm ki, ayın 20-si PAOK-a qarşı da belə oynayıb, qələbə qazanacağıq.
- Özünü meydana çıxmağa hazır hesab edirsənmi?
- Bu, baş məşqçimizin qərarıdır. Şans veriləcəyi təqdirdə oynamağa hazıram. Mənim üçün fərqi yoxdur əsas heyətdə oyuna çıxım və ya sonradan daxil olum. Əsas odur ki, baş məşqçimizin mənə güvəni olsun.
- PAOK-u yaxşı analiz edə bilmisinizmi?
- Yox. Hələ bu barədə fikirləşməmişik.