I Divizionda mübarizə aparan "Mil-Muğan klubunun baş məşqçisi Aqil Məmmədov Sportal.az saytına müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Komandanızın mövsümə qeyri-stabil başlamasının səbəbi nədir?
- Heyətlə bağlı problemlərimiz var. Çempionat başlamamışdan əvvəl 2 legioner dəvət etmişdim, biri mərkəz müdafiəçisi, digəri isə hücumçu. Mövsümün başlamasına bir həftə qalmış bizə dedilər ki, legioner oynatmaq olmaz. Heyətdəki çatışmazlıqları legionerlərlə doldurmaq istəyirdim, amma qaydalar buna imkan vermədi. Bu da bizim planlarımızı pozdu. Əgər əvvəlcədən desəydilər ki, I Divizionda legioner qadağası olacaq, biz də işimizi buna görə görərdik.
- Yerli futbolçu axtarırsız?
- Yerli oyunçular azdı. I Diviziona baxsaz görərsiz ki, ən cavan komanda bizik. Hər oyunda əsas heyətdə 7-8 nəfər 1994-cü ildən kiçik futbolçular oynayır. Digər komandalarda isə bu əksinədir. 1-ci dövrə bitdikdən sonra mütləq heyəti gücləndirəcəyik. Hazırda axatışdayıq.
- Komandanız çox xallar itirib. Necə düşününürsüz, mövsümün sonunda ilk 3-lükdə qərarlaşa biləcəksiz?
- Düzünə qalsa qarşıma elə bir məqsəd qoyulmayıb ki, ilk 3 pillədən birini tutaq. Amma bu o demək deyil ki, aşağı yerlərdə olmalıyıq. Mən özüm də bura 9-cu, 10-cu yerlər uğrunda mübarizə aparmaq üçün gəlməmişəm. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Amma əlimdən gələn hər şeyi edəcəm ki, "Mil-Muğan" yüksək pillələrdə qərarlaşsın. Buna baxmayaraq heç kəsə söz vermirəm. Çalışıb mövsümün sonuna kimi mübarizə aparacağıq.
- Mətbuatda yazırlar ki, İmişlidə Aqil Məmmədovu istəmirlər. Deyilənə görə qalmaqal da olub. Bunlar həqiqətdi?
- Əgər belə bir şey olsaydı, heç mən orada qalmazdım. Mən İmişli azarkeşlərindən də, oradakı şəraitdən də razıyam. Azarkeşlərin komandanın uğursuz çıxışından narazı olmağı başa düşüləndir. Bunu hər bir futbol adamı bilir. Bu, azarkeşlərin haqqıdı. 2 ev oyununda məğlub olmuşuq. Azarkeşləri başa düşürəm. O ki, qaldı mətbuatda yazılanlara, belə söhbətlər ümumiyəylə olmayıb. Yazırlar ki, guya məni azarkeşlər döymək isyəyib, polislər imkan verməyiblər. Bunlar hamısı boş söhbətlərdi.