“Bir müddətdi Ronaldinyonun Bakıya səfərini planlaşdırırdıq. Onun üçün yalnız bu gün imkan oldu. Bu səfərin baş tutmasına sevinirik”.
Sportarena.az xəbər verir ki, bunu “Qəbələ” klubunun prezidenti Tale Heydərov deyib.
Əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun Bakı səfəri ilə bağlı təşkil edilən mətbuat konfrasında klub rəhbəri fikrini bu sözlərlə davam etdirib: “Qəbələdə bir neçə ildi futbol akademiyası fəaliyyət göstərir. Amma Bakının nüfuzuna və digər səbəblərə görə yeni akademiyanın Bakıda fəaliyyət göstərəcək. Ümid edirik ki, Ronaldinyonun adını daşıyacaq akademiya gənclərdə futbola marağı artıracaq. Ronaldinyo öz şəxsi heyəti ilə akademiyanın fəlsəfəsini quracaq, onun inkişafında özü iştirak edəcək. Sual verə bilərsiz ki, akademiya harda yerləşəcək? Bu, hələ məlum deyil. Danışıqlar gedir. Yaxın zamanlarda bəlli olacaq. Bu layihədə bizə göstərəcəyi dəstəyə görə, AFFA-ya da təşəkkür edirik”.
- Ronaldinyonun razılığını almaq çətin olmadı?
- Özünə də demişəm, Ronaldinyo mənim ən çox sevdiyim futbolçulardan biridi. Onun gəlişi mövzusu yox idi. Amma elə gətirdi ki, danışıqlara başladıq. Buna maraq olduğu bizə bildirildi. Onun akademiyasının bir neçə ölkədə fəaliyyət göstərdiyini bilirdik. “Qəbələ”nin uşaq futboluna göstərdiyi diqqəti nəzərə alaraq, bu danışıq baş tutdu.
- “Qəbələ” bu gün “Sent-Etyen”lə qarşılaşacaq. Nə gözləyirsiniz?
- Məcburən oyunu Fransada izləyə bilməyəcəm. Yəqin ki, bunu başa düşərlər. Çox vacib oyundu. Xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çətin olacaq. Amma futbolçular və məşqçilər söz veriblər ki, bütün bacarıqlarını ortaya qoyacaqlar. Onlardan yaxşı oyun gözləyirik.
- Ronaldinyonun “Qarabağ” – PAOK oyununda iştirakı baş tutacaqmı?
- Hər şey proqramdan asılı olacaq. Buna çalışağıq.
- Ronaldinyo “Qəbələ”də oynasa, stadiona nə qədər azarkeş gələr. Bunu nəzər alıb, onu komandada saxlamaq istəmirsiniz?
- Böyük marağın olacağını gözləyirdik. Ümid edirik ki, uşaqlar futbola daha çox maraq göstərərlər. O ki qaldı onun “Qəbələ”də oynamasına, bu sualı özünə versəniz yaxşı olar. Təbii ki, ulduz futbolçunun Azərbaycanda oynaması gözəl olar.
- Yeni tikiləcək akademiyanın Qəbələdə fəaliyyət göstərməsi ehtimalı varmı?
- Qəbələdə buna ehtiyac yoxdu. Çünki orda akademiya var. Qəbələdə infrastruktur olsa da, orda gəlib yaşamaq çətindi. Bakıda ona görə edirik ki, uşaqlar məşqdən sonra evlərinə qayıtsınlar. Ailələrindən kənarda qalmaq uşaqlar üçün çətindi. Akademiya yüz faiz Bakıda olacaq. İstərdik ki, müxtəlif yaş qruplarından, U-11-dən başlayaraq, hamısı ölkə çempionatında iştirak etsin. Bizim akademiyaya rəqib tapmaq çətindi. Ona görə istərdik ki, yeni akademiyanın uşaqları ayrı klub kimi çempionatda iştirak etsinlər.
- Bəlkə akademiyanın açılışı elə Bakı Olimpiya Stadionunda olsun?
- Yaxşı fikirdi. Amma bunun üçün bir neçə meydança lazımdı. Çətin olsa da, bu barədə danışmaq olar. (Apasport.az)