Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Qarabağ" PAOK-u 2:0 hesabı ilə məğlub edib.
Matçdan sonra Ağdam klubunun futbolçusu Muarem Muarem sportarena.az saytının əməkdaşının da suallarını cavablandırıb:
- Demək olar ki, həlledici matçda qalib gəldiniz. Bu oyun haqqında fikirlərinizi bilmək maraqlı olardı...
- Bilirdik ki, çətin rəqiblə qarşılaşacağıq. Lakin biz onları daha yaxşı analiz etmişdik. Hər kəs bilirdi ki, bu oyun bizim üçün çox önəmli idi. Məğlubiyyət və ya heç-heçə olsaydı, qrupdan çıxmaq şansımız azalacaqdı. Hər kəs çox nikbin düşünürdü bu oyun haqqında. Matçdan sonra da belə olmaq lazımdır. Çünki rəqiblə səfər qarşılaşmamız da var. Ümid edirəm ki, bundan sonra da belə davam edəcəyik.
- Bir çox epizodlarda top itirirdin, imkanlardan yararlana bilmirdin. Bu, nə ilə bağlı idi?
- Bəzən qol vurmaq istəyimiz daha çox olur, amma bacara bilmirik. Xüsusən, hücumdakı oyunçularda bu hallar baş verir. Amma biz 90 dəqiqə diqqətimizi oyuna yönəltməyə çalışırıq. Qol vura bilmədim, amma məhsuldar ötürmə etməyə nail oldum.
- Bu oyunla səfərdə PAOK-u məğlub edə bilərsinizmi?
- Əlbəttə. Biz hər zaman ən pis halda bərabərliklə ayrılmaq istəyirik matçdan.
- Stadionun ot örtüyü oynamağınıza çətinlik yaradırdımı?
- Bəzən sürüşmələr olurdu. Bu da otun yeni olmasından irəli gəlir. "Göteborq"la oyuna nisbətən, bu dəfə daha yaxşı idi. Yəqin, bu problemi gələcəkdə həll edəcəklər.
- İlk dəqiqələrdə qol vurmağa çox yaxın idin, amma yararlana bilmədin. Nə baş verdi orada?
- Həmin zaman topa sağ ayağımla zərbə endirmək istəyirdim, amma top sol ayağım istiqamətində gəldi. Bu səbəbdən effektli zərbə alınmadı.
- Qol gec vurulması futbolçular arasında gərginlik yaradırdı?
- Xeyr. Dediyim kimi, matçdan öncə futbolçularda rahatlıq var idi. Hər kəs sakit düşünürdü.
- PAOK-u daha yaxşı tanıdınız. Səncə, səfərdəki oyun üçün nəyi dəyişmək lazımdır?
- Performansımızı artırmaıyıq. Çünki orada çox gərgin matç olacaq. Onlar daha çox hücum etməyə çalışacaqlar.
- Matçın 70-ci dəqiqəsindən sonra hücuma rahatlıqla çıxa bilirdiz, lakin sürətli oynamırdız. Bu, yorğunluqdan irəli gəlirdi, yoxsa vaxt aparırdız?
- Baş məşqçimiz bizə tapşırmışdı ki, 90-cı dəqiqəyə qədər diqqətli olmalıyıq. Bu səbəbdən ehtiyyatlı davranırdıq. Bəlkə də kənardan yavaş oynadığımız görünə bilər, amma bizim fərqli düşüncəmiz var.
- Zədəli futbolçuların yoxluğu hiss olundu?
- Hiss olunurdu, amma meydandakı oyunçular zədəlilərin yerini doldura bilirdilər. Rahid oynadı və qol vurmağı da bacardı.
- Rəşad Sadıqov meydana zədəli çıxmışdı. Bu, sizi daha ehtiyyatlı olmağa vadar edirdi, yoxsa ona güvənirdiniz?
- Rəşad Sadıqov, təcrübəli futbolçudur. Yaxşı ki, komandamızda onun kimi futbolçu var. Zədəli olsa da, olmasa da əgər Rəşad oynayırsa, müdafiəçilər daha yaxşı oyun göstərirlər.
- Qrup mərhələsinin püşkü atıldıqdan sonra hər kəs deyirdi ki, "Qarabağ" bu qrupdan çıxmalıdır. Sən necə fikirləşirsən bu barədə?
- Əgər bu matçı uduzsaydıq və ya heç-heçə etsəydik şansımız az olacaqdı. Amma yaxşı ki, qalib gəldik, qrupdan çıxmaq şansımız daha da artdı.