Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirə start verilib.
Sportarena.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi aktivinə medal yazdıra bilməyib.
Cüdoçularımız Oruc Vəlizadə (60 kq), İlqar Müşkiyev və Vüqar Şirinli (66 kq) ilkin qarşılaşmalarda məğlub olaraq mübarizəni dayandırıblar.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mehman Sadıqov ilk qarşılaşmasında almaniyalı Flip Qrafa qalib gəlib. Lakin növbəti görüşündə Braziliya təmsilçisi Erik Takabatakeyə məğlub olaraq təsəlliverici görüşə vəsiqə əldə edib. Mehman Sadıqov bu mərhələdə türkmənistanlı Abbas Abbasov üzərində qələbə qazanıb. Bürünc medal uğrunda qarşılaşmada isə Rusiya cüdoçusu Albert Oğuzova məğlub olan təmsilçimiz 5-ci yeri tutub.
Qeyd edək ki, 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunur. Oktyabrın 29-da “Böyük Dəbilqə” turnirində cüdoçularımız Rüstəm Orucov, Fəqan Quluzadə (hər ikisi - 73 kq), Elvin Əhmədli və Ruslan Fərrüxzadə (hər ikisi - 81 kq) mübarizəyə qoşulacaqlar.