Azərbaycan dopinqlə bağlı qanun qəbul etdi

23:47 28 Oktyabr 2016

Milli Məclisin iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.


Qanun layihəsi barədə məlumat verən MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycanda dopinqlə mübarizə sahəsində qanunvericilik bazası olmadığı üçün problemlər var idi və qanun bu boşluğu aradan qaldıracaq.


Ötən müddət ərzində komitənin dopinq problemini araşdırdığını deyən F. Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir. Layihədə dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, aşkarlanan pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər öz əksini tapıb.
 

Komitə sədrinin sözlərinə görə, qanun layihəsində Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində apellyasiya komissiyasının, idman arbitrajının yaradılması təklif edilir.


Müzakirədə çıxış edən Qüdrət Həsənquliyev təəssüflə vurğulayıb ki, Azərbaycanın da adı dopinq məsələlərində hallanır. Onun fikrincə, layihənin qəbulu bunun aradan qaldırılmasına kömək edəcək. Deputat məktəblərdə idman dərslərinin, xüsusilə futbolla bağlı dərslərin sayının artırılmasını, regionlarda tikilən olimpiya komplekslərindən insanların istifadəsinin asanlaşdırılmasını təklif edib. 

 
Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.


Digər xəbərlər

Xəbər xətti