"Şəmkir"in futbolçusu: "Ən çox da "Xəzər Lənkəran"ın azarkeşlərinə görə üzülürəm" - MÜSAHİBƏ

00:14 29 Oktyabr 2016

Bu gün I divizionun VIII turunda “Şəmkir” doğma meydanda MOİK-i 1:0 hesabı ilə məğlub edib.


Matçdan sonra “Şəmkir” klubunun futbolçusu Elvin Mirzəyev sportarena.az saytının əməkdaşının suallarını cavablandırıb. 

-    Oyun haqqında fikirlərini bilmək maraqlı olardı...
-    Çətin oyun oldu. Hər iki komanda çox iddialı idi, xal qazanmaq istəyirdik. Baxmayaraq ki, rəqib azlıqda oynayırdı, amma bunu bizə hiss etdirmirdilər. Adətən belə oyunlarda qol vuran komanda hesabı qoruyub, qalib gəlməyə çalışır. Biz də belə etdik və qələbə qazandıq. 

-    Divizionda hansı pilləni hədəfləyirsiz?
-    Hər komanda kimi biz də çempion olmaq istəyirik. Zatən komandamızın qarşısına qoyulan əsas məqsəd də budur. Əlimizdən gələni edəcəyik ki, ilk pillələrdə qərarlaşaq. 

-    Çempionatın sonuna qədər “Turan Tovuz”la aranızda olan xal fərqini aradan qaldıra biləcəksiz?
-    Mümkünsüz heç nə yoxdu. Əlmizdən gələnin daha artığını edəcəyik ki, xal fərqini azaldıb, sonda çempion ola bilək. Bu qələbə ilə xal fərqimiz bir az da azaldı. Bundan sonra da uğurlu çıxış edib, ilk pilləyə yüksəlməyə çalışacağıq.

-    Bu komanda ilə Premyer Liqada oynamaq olarmı?
-    Əlbəttə, olar. Niyə də olmasın? Onsuz da Premyer Liqada çıxış edən bir çox klubların futbolçuları ilə eyni səviyyədəyik. Biz bacardığımızı göstərə bilsək hər şeyə nail olarıq. Bunun üçün də çox çalışmalıyıq. 

-    “Xəzər Lənkəran” kimi klubda oynamısan. Belə klubda çıxış etdikdən sonra divizionda oynamaq sənə necə təsir etdi?
-    Hər bir futbolçu istəyər ki, əsas liqada çıxış edən klubda oynasın. Sözsüz, Premyer Liqada çıxış edən “Xəzər Lənkəran” kimi klubdan sonra divizionda oynamaq bir az pis təsir edir adama. Ancaq bununla da barışmaq lazımdır. Hələ heç nə bitməyib. Öz üzərimdə daha çox işləyəcəm ki, Premyer Liqada oynaya bilim. 

-    Ümumiyyətlə, “Xəzər Lənkəran”ın dağılması sənə necə təsir etdi?
-    Hər bir lənkəranlı kimi mənə də çox pis təsir etdi. Ən çox da “Xəzər Lənkəran”ın azarkeşlərinə görə üzülürəm. Çünki elə zonanın, elə azarkeşin hazırda komandası yoxdu. Ümid edirəm ki, “Xəzər Lənkəran” yenidən bərpa olar. Çünki “Xəzər Lənkəran” Azərbaycan futbolunda ad qoymuş bir klubdu. O azarkeşlər komandasız qalmamalıdır. 

-    Əgər “Xəzər Lənkəran” yenidən bərpa olunsa, orada çıxış etmək istəyərsənmi?
-    Onu zaman göstərər. Mən əgər “Şəmkir”də rahatamsa, oyunum alınırsa, elə “Şəmkir”də də qala bilərəm. Futbol elə bir oyunduki hansı komandada öz oyununu tapırsansa həmin klubda qalmaq istəyirsən. Qismət olsa “Xəzər Lənkəran”da da oynayaram yenidən.

Vüsal Yalçınoğlu, Şəmkir


Digər xəbərlər

Xəbər xətti