Futbol üzrə Azərbaycan millisi ilə 2018-ci dünya çempionatının seçmə mərhələsində eyni qrupda mübarizə aparan Almaniya yığmasının baş məşqçisi Yoahim Lövlə müqavilə müddəti artırılıb.
Yeni müqaviləyə əsasən, Y.Löv 2020-ci ilədək Bundestimdə çalışacaq.
56 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Hazırkı müqavilə 2018-ci il dünya çempionatından sonra başa çatacaq.
Xatırladaq ki, 2004-cü ildən yığmada köməkçi məşqçi vəzifəsini yerinə yetirən Y.Löv 2006-cı ilin dünya çempionatından sonra Almaniya yığmasının baş məşqçisi təyin olunub. O, Almaniya millisi ilə 2010-cu il dünya çempionatında bürünc, Avropa çempionatlarında bürünc (2012, 2016) və 2014-cü il dünya çempionatında isə qızıl medal qazanıb.