"Qəbələ"nin baş məşqçi Roman Qriqorçuk və ailəsi "Qafqazinfo"ya geniş müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Artıq 2 ilə yaxındır ki, “Qəbələ”nin baş məşqçisisiz, ailənizlə bərabər buraya köçmüsüz. Bu müddətdə hansı çətinliklərlə qarşılaşdınız?
- Roman Qriqorçuk: Çətinlikdən danışmağa dəyməz. Bu hər kəsin həyatında, hər yerdə olur. Vacib məsələ odur ki, bu çətinliklərin öhdəsindən gəlməyi bacarasan. Hər hansı bir çətinliklə üz-üzə qalarkən onu sadəcə aşmağı düşünürəm.
- Alina Qriqorçuk: (xanımı) Bizim üçün heç bir çətinlik olmayıb. Bilirsiniz, əgər Roman burada tək yaşasaydı, hər hansı problem olardı. Və ya biz ondan uzaqda olsaydıq, darıxardıq. Amma ailəvi yaşamaq bizə heç bir problem yaratmır. Bir-birimizə olan dəstəyimiz bizi çətinlikdən uzaq tutur.
- Azərbaycana bir günlük də olsa, gələnlər qonaqpərvərliyimiz və mətbəximizin ləzizliyindən danışır. Siz bunlara nəyi əlavə edərsiniz?
- R.Q. Bu dediklərinizi sadəcə təsdiq edə bilərəm. Ailə üzvlərim və mən də sizin dadlı yeməklərdən çox ləzzət alırıq. Həyat yoldaşım və oğlum daim restoranlardan müxtəlif yeməklər sifariş edirlər.
- Alina xanım, hansı yeməklərimizi hazırlaya bilirsiz?
- A.Q. Plov hazırlaya bilirəm. Ət və balıqla olan yeməkləri də hazırlamaq istəmişəm. Amma azərbaycanlılar kimi dadlı edə bilmirəm. Yəqin ki, onun da hər hansı bir sirri var.
- Yeməklərdən söz düşmüşkən, bütün çeşidləri bizim toylarımızda görə bilərsiniz. Azərbaycana gələndən neçə toyda olmusuz?
- R.Q. Azərbaycanda toyda olmuşam və çox xoşuma gəlib. Xüsusən Alina toyda çox emosional idi. Verilən yeməklərdən danışmağa ehtiyac yoxdur, hamısı əladır. Amma xüsusi bir məqamı vurğulamaq istəyirəm. Sizin toylarda kişilər yaş fərqlərinə baxmayaraq həddən artıq yaxşı rəqs edirlər. Hətta yaşlı kişilər belə əla rəqqasdırlar. Bu adamı heyran edir.
- Bizim xalqın öz ənənəsi və mentaliteti var. Siz burada mentalitetlə bağlı çətinliklə üzləşməmisiz?
- R.Q. Burdakı mentalitet bizim işimizə və ya yaşamağımıza problem yaratmır. Amma bir misal çəkmək istəyirəm: Azərbaycana ilk gəldiyim vaxtda komanda daxili iclas var idi. Vaxt saat 10-a təyin olunmuşdu. İclasın başlamasına 2-3 dəqiqə qalmasına baxmayaraq futbolçuların özlərinə kofe hazırladığını, çox rahat gəzdiyini gördüm. Yəni fikirlərində iclasa hazırlaşmaq yox idi. Sonradan artıq onlar düzəlməyə başladılar və vaxtında bütün iclaslara gəlirdilər. Həmin gün isə 11-in yarısı başladıq.
- A.Q. Deyirlər ki, şərq çox nazik bir yerdir. Məsələn, burada olan gecikmələrdən də nəsə öyrənmək olar. Mütləq bunun da bir müdrikliyi var. Mənim üçün müxtəlif mədəniyyətlər də maraqlıdır.
- Azərbaycanlı kişilərin ukraynalı qızlara heyran olduğunu bilirsiniz?
- R.Q. Bu barədə az da olsa, bilirdim. Təkcə, azərbaycanlılar deyil, bütün dünya kişiləri ukraynalı qızları sevir. Bunu normal qarşılayıram. Çünki ukraynalı qızlar çox gözəldir. Təəccüblü deyil. Elə burdan bütün azərbaycanlı kişiləri Ukraynaya dəvət edirəm.
- Alina xanım, futbolla tanışlığınız Roman Qriqorçukdan başlayır?
- A.Q. Elə demək olar. Düzdür, ondan öncə idmana marağım var idi. Lakin başqa növlərə daha çox baxırdım. Tanışlıqdan sonra Roman futbolu mənə öyrətdi və onunla məşqlərə baxdım. Beləliklə, futbolu çox sevdim.
- İlk dəfə tanıdığınız Qriqorçukla indiki arasındakı fərq nədir?
- A.Q. Qriqorçuk mənim üçün hər zaman böyük insan olub. O, futbolçu olduğu zaman da belə idi, indi də. Geniş ürəyə sahib biridir.
- Belə bir ifadə var: “Məhəbbət 3 il yaşayır”. Razısız?
- R.Q. Bizdə 30 ildir ki, yaşayır.
- A.Q. Bu yalan ifadədir. Bizdə deyiləndən 10 dəfə çox yaşayıb. Çox da əladır. Uzun illərdir ki, birlikdəyik. Onu yenə ilk günkü kimi sevirəm.
- Futbol sizin üçün bir Romandan ibarətdir, yoxsa yeni roman yaza biləcək futbolçular var?
- A.Q. Mənim üçün roman bir dənədir. Amma futbolda simpatiyam olan insanlar, oyunçular var. Cavid Hüseynov haqqında bunu deyə bilərəm. Onun qayıdışına çox sevindim. Ümid edirəm ki, yenidən öz formasına qayıdacaq. Eləcə də, Aleksey Qayı qeyd edərdim. Çox təəssüf ki, o, buradan ayrıldı.
- Ötən il Avropa Liqasının pley-off mərhələsində “Panatinaikos”la səfərdə heç-heçə edib qrupla düşdüyünüz oyundan sonra telefonda bir-birinizin səsini eşidincə ağladığınızı bildirmişdiniz. Artıq ikinci dəfədir ki, eyni sevinci yaşayırsınız. Bu dəfə də eyni hal baş verdi? “Maribor”la çətin oyundan istədiyiniz nəticə ilə ayrılandan sonra nələr yaşandı?
- A.Q. Həmişə uğur qazandıqda çox sevinirik. Əlbəttə ki, eyni cür sevindim və Romanı təbrik etdim.
- R.Q. Məndə qələbəyə vərdiş yaranmır və hər zaman eyniyəm. 100 dəfə qələbə qazansam, yeni eyni halla sevinəcəm. Bu mənim üçün qanundur.
- Oğlunuz da Qəbələdə məktəbə gedir, razısınızmı bizim təhsildən, vəziyyət necədir?
- Suala Roman Qriqorçukun oğlu Timerlan cavab verir: Məktəbdə hər şey əladır. Sinif yoldaşlarım çox yaxşıdır. Dostlarım da var. Hər şey qaydasındadır. Qızlar və ya oğlanlarla heç bir problemin yoxdur.
- Xoşuna gələn qız var?
- (Gülür və utanaraq suala cavab vermir)
R.Q. Uşaqlar məktəbə gedir ki, oxumağı, yazmağı öyrənsin. Amma məktəblərdə bəzən çox, bəzən isə az məlumat verirlər. Düşünürəm ki, uşaqlara az və faydalı məlumatları vermək lazımdır. Bu dünyagörüşünün artmasına səbəb olur. Qəbələdəki məktəbdə müəllimlər hamısı mənim fikirləşdiyim kimi təhsil verir və buna görə onlardan razıyam.
- Timerlan həmçinin “Qəbələ”də məşq edir. Oğlunuzu futbolçu kimi görmək istəyirsiniz, yoxsa siz də “hansı peşəni seçsə, onunla məşğul olacaq” deyəcəksiniz?
- R.Q. Əlbəttə ki, futbolçu olmasını istəyərəm. Çünki futbol mənim üçün xüsusi bir şeydir. Amma bunun üçün istedad lazımdır. İndidən futbolçu olacaq və ya olmayacaq deyə bilmərik. Hər şeyə yəqin 12-13 il sonra aydınlıq gələr. Futbol oynayacaqsa, ən yaxşılardan olmalıdır. Əks təqdirdə özünə başqa peşə seçəcək.
- Düzü, bir övladınızın olduğunu bilirdik. Qızınız Yevgeniyanın Latviyada yaşadığını yeni öyrəndik. Onun üçün darıxmırsız?
- A.Q. Əlbəttə, darıxırıq. Qızımız bura tez-tez gəlir. Yevgeniya Parisdə, Sürixdə və Avropanın çox şəhərlərində olub. Amma deyir ki, Bakı mükəmməl şəhərdir. Heç bir yer mənim üçün bu qədər gözəl deyil. Yayda da gəlmişdi.
- R.Q. Qızımla fəxr edirəm. Çünki həyatda çox şey öyrənib və qazanıb. Ona demişdim ki, sən yaxşı olmağa çalış nə kömək lazım olsa, mən edərəm. Amma qızım bizdən kömək istəmədən irəlilədi. Latviyada bankda işləyir, çoxlu dillər bilir. Həyatını özü qurub. Mən ona idmanla bağlı çox şey danışmamışam. Buna baxmayaraq o, məşqlər edir, trenajora gedir. Odessada olanda qızımın məşqlərinə baxıb onunla daha da çox fəxr elədim. Yevgeniya məndən heç nə öyrənmədən çox şey qazanıb.
- 9 il Latviyada işlədiniz və qızınız həyatını bu ölkədə qurdu. Artıq Azərbaycandasınız. Qızınız bizim ölkədə biri ilə ailə qursa, münasibətiniz necə olacaq?
- R.Q. Seçim onun əlindədir. Əgər işi burada olsaydı, həyatını Bakıda qursaydı, hər şey ola bilərdi. Amma Yevgeniyanın hər şeyi Riqadadır. Onun yaşamaq tərzi də işi ilə bağlıdır.
- Ukraynalılar iti çox sevir. Evdə heyvan saxlayırsız?
- R.Q. Gördüyünüz kimi, oğlum dostu ilə (pişik) oynamağa gedir. Ona da bizim gendən gəlib ki, ailəlikcə heyvanları çox sevirik. Latviyada yaşayanda bir qara pişiyimiz var idi. O, 16 il bizimlə yaşadı. Bu yaxınlarda öldü. Bir itimiz də var idi ki, 17 il bizim evdə qaldı. Sonra isə öldü. Heyvana sevgimiz böyükdür. Oğlum da hər gün soruşur ki, biz nə vaxt heyvan alacağıq. Bu məsələni həll etmək haqqında düşünürəm. Oteldə yaşayan bir pişik var - Tviksdir. O, oteldə özünü şah kimi aparır. Oğlumla dostlaşıblar və hər gün oynayırlar. Artıq bu pişiyi evə aparmaq haqqında düşünürəm. Bir dəfə hətta gəlib gördüm ki, oğlum yatıb, pişik isə onun yatağında oynayır.
- Gəlin, bir az Azərbaycan futbolundan danışaq. Qurban Qurbanov illərlə Azərbaycan futbolunda dominantlıq edirdi. Amma siz gəldikdən sonra hər şey dəyişdi. Qurbanovla yanaşı artıq Qriqorçuk da xüsusi seçilir...
- Məni adətən belə müqayisələr maraqlandırmır. Qurban Qurbanova böyük hörmətim var. Çox şadam ki, onunla istədiyim vaxt zəngləşib fikir mübadiləsi apara bilirəm. Bir-birimizi uğurlarla bağlı təbrik edirik. Qalan vaxtda isə ancaq öz komandam haqqında fikirləşirəm.
- Onunla fərqiniz nədir?
- Bizim aramızdakı fərqi hər ikimizi yaxşı tanıyan üçüncü adam deyə bilər. Amma Qurban Qurbanov işinə çox ciddi yanaşır. Fikirlərimiz uğur qazanmaqda üst-üstə düşür. Ümumi götürdükdə, onun futbol stili böyük nəticələrə gətirib çıxara bilər.
- Qurban Qurbanovu məğlub edərkən xüsusi sevinirsiz? Səmimi etiraf edin.
- Bütün komandalara qarşı mübarizə çətindir. Etiraf edək ki, “Qarabağ”ın səviyyəsi çox yüksəkdir. Onlar Çempionlar Liqasında oynaya biləcək gücə malikdirlər. Yaxın gələcəkdə onlar qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində mübarizə aparacaqlar. Özümüzə yaxın çempionlatlarla götürsək, “Qarabağ” Ukrayna və Rusiya çempionatında yüksək yerlər üçün oynaya bilər.
- “Qəbələ”nin çempion olması üçün nə lazımdır?
- Çempion olmaq üçün buna hazır olmaq lazımdır. Yüzlərlə detallar həyata keçirilməlidir. Biz bu gün çempion olmağa tam hazır deyilik. Bu istiqamətdəyik, çox şeylər etmişik. Yenə də çalışmalıyıq. Tam hazır olduqdan sonra çempion ola bilərik. Bunu mən təcrübəmdə çox görmüşəm. Heç bir ölkədə hazır olmadan çempionluq mümkün deyil. Amma biz istəyimizdən əl çəkmirik. Düşünməyin ki, biz fikrimizdən daşınırıq. Dayanmadan işləyirik. Bir məsələ də var ki, çempion olduq və sonra...Birinciliyi qazanandan sonra Çempionlar Liqasında oynamalıyıq. İstəyərdim ki, bizim strategiyamızda çempionluq və ondan sonra gələcək hədəflər də olsun. Gərək dəfələrlə çempion olasan ki, artıq birincilik kiçik bir şey kimi görünsün. Bu mənada Belarusiyanın BATE komandasını misal çəkmək olar. Onlarla çoxlu sayda çempionluq qazandılar və Çempionlar Liqasının qrupuna vəsiqə əldə etdilər.
- Komandanın prezidenti Tale Heydərovlə görüşüb müzakirələr aparırsız?
- Bəli. Onunla görüşüb söhbət edirik. Bildirim ki, Tale bəylə görüşdən zövq alıram. O insanla söhbət etmək hər dəfə mənə çox xoş təsir bağışlayır. Hər görüşdən sonra biz daha yüksək hədəflər haqqında düşünürük. Çünki Tale bəy özü də daim bizim yüksək nəticələrimizə sevinir və hər şəraiti yaradır. Burda böyük bir akademiya var. Onların hədəfləri bizi işləməyə sövq edir.
- Tale Heydərovun atası, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov komandanızın pley-off mərhələsində “Maribor” üzərində 3:1 hesablı qələbə qazandığınız oyunu izlədi. Həmin möhtəşəm qələbədən sonra onunla görüşə bildiniz?
- Yox, onunla heç bir görüşümüz olmayıb. Amma eşitmişəm ki, Kəmaləddin Heydərov Azərbaycanda insanlar üçün çox iş görüb.
- Ötən il qrup mərhələsinə düşərkən sizə verilən papağı saxlamısınız?
- Əlbəttə. Odessadakı evimdə saxlayıram. Mən bu günə kimi hər şeyi saxlamışam. Bilmirəm ki, bunu niyə edirəm? Amma verilən hər şeyi saxlayıram.
- Həyatda nəyə təəssüflənmisiniz?
- R.Q. Heç bir şeyə. Bundan sonra da heç nəyə təəssfülənməyəcəm. Heç nəyə təslim olmuram, amma təəssüflənmirəm də. Nə necə olubsa, elə də olmaıdır.
- A.Q. Həyatda elə də ciddi təəssüfləndiyim bir şey yoxdur. Sadəcə bir məqamı qeyd edərdim. Romanın işinə görə çox vaxt səfərlərdə, başqa ölkələrdə oluruq. Buna görə doğmalarımızı görə bilmirəm