Azərbaycan yığmasının və Portuqaliyanın "Boavişta" klubunun yarımmüdafiəçisi Emin Mahmudov azerisport.com saytına müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Səndən sonra "Boavişta"ya gələn Kamran Ağayev artıq əsas heyət üzvünə çevrilsə də, sən heç ilk "18-liy"ə də düşmürsən. Belə münasibətin səbəbi nədir?
- Mənə bu kluba gələndə başqa söz vermişdilər. Amma gələndən sonra gördüm ki, artıq istefa vermiş baş məşqçimiz heç mənim gəlişimi istəmirmiş. O vaxt niyə onlara çox lazım olduğumu israrla dediklərini anlamıram. Halbuki, Rusiya Premyer Liqasında çıxış edən klublardan yaxşı təkliflər var idi. Amma söz verdilər ki, "Boavişta"da oynayacağam. Gördüyünüz kimi, heç mənə şans da vermirlər.
- Nə etməyi düşünürsən?
- Mən peşəkaram. Səylə məşq edirəm, əlimdən gələn hər şeyi edirəm. Nə etmək lazım olduğunu qışda düşünəcəyəm. Vəziyyət dəyişməsə, buradan gedəcəyəm.
- "Boavişta" karyerası heç də pis başlamayan Kamrana komandada münasibət necədir?
- Kamran komandanın ən yaxşılarından biridir. Onu burada sevirlər. Çox yaxşıdır.
- Klubunda oynamamağın Azərbaycan yığmasına dəvət almağına da təsir göstərə bilərmi?
- Əlbəttə, bu, yığma komandadakı mövqeyimə təsirsiz ötüşmür. Buna görə də klubumda oynamasam, onu tərk etmək qərarına gələcəyəm.
- Emin Mahmudovla Ramil Şeydayev klublarında mütəmadi oynamasa da, sizin gəlişinizdən sonra yığmamızda irəliləyiş var...
- Millinin son uğurlarında mənim payım demək olar ki, yoxdur. Sadəcə, uşaqlara halal olsun. Çox layiqli oyun sərgiləyirlər. Robert Prosineçkinin əli də hiss olunur. Baş məşqçi bizə inanır. Bu da bizə əlavə güc verir. Bütün bunlar da nəticədə öz əksini tapır.
- Qarşıda Şimali İrlandiya - Azərbaycan matçı var...
- Bu komanda öz çıxışı ilə AÇ-2016-da doğrudan da hamını sevindirdi. Qitə birinciliyində çox yaxşı çıxış etdilər. Amma mənə elə gəlir ki, biz bu komandaya qarşı oynaya bilərik və oynamalıyıq. Dəqiq necə oynayacağımızı isə baş məşqçi deyəcək. Yaxşı nəticəyə ümid edirik.