Poliqlot - yunan dilindən tərcümədə çox dil bilən adam deməkdir. Azərbaycanda poliqlotlar çoxdur. Emin Quliyev adlı soydaşımızın 25 dil bilməsi ilə bağlı məlumatım var. Ölkəmizin futbol “mətbəx"ində kiminsə eyni vaxtda bir neçə dildə danışmasına inanmazdım... Əgər Əfqan Xəlilli ilə tanış olmasaydım. “Qarabağ"ın tərcüməçisini nəzərdə tuturam. 30 yaşlı Əfqan 7 dildə sərbəst danışır, oxuyur və yazır. Sinxron tərcümə də öz yerində. Əfqanın hansı dilləri bilməsi haqda müsahibənin gedişində. Əvvəlcə “Qarabağ"ın dilmancı ilə tanış olaq.
Xəlilli Əfqan Yunus oğlu əslən Şəmkirdəndir. Daha dəqiq Şəmkirin məşhur Şiştəpə kəndindən. Atası Yunus dayı SSRİ dövründə Daxili İşlər Naziriyinin əməkdaşı olub, uzun müddət Rusiyanın müxtəlif şəhərlərində xidmət keçib. Əfqan 1986-cı il iyulun 30-da Rusiyanın Perm şəhərində anadan olub. Ailədə 2 qardaş, 1 bacıdırlar. Əfqan ortancıl ovladdır. Şiştəpəlilərin əksəriyyəti ticarətçi kimi tanınırlar. Amma Əfqan dilçiliyi seçib. Ailəsi Permdən Sumqayıta köçəndə onun 1 yaşım tamam olmamışdı. Əfqan Sumqayıtda böyüyüb, oradakı Türk Liseyində təhsil alıb. Liseyi bitirdikdən sonra Trabzondakı Karadeniz Texniki Universitetinin tibb fakultəsinə qəbul olub. 2-ci kursda şəhər və həkimlik sənəti ona maraqlı gəlməyib, bu üzdən təhsilini müvəqqəti dayandıraraq atasının yanına gedib. 1 il Sankt-Peterburqda ticarətlə məşğul olub. 2006-cı ildə yenidən Trabzona qayıdıb və təkrar imtahan verib. Yüksək bal toplayan Əfqanın bu dəfəki seçimi Ankara Universitetinin siyasi çıxışları ilə tanınan məşhur Dil, Tarix və Coğrafiya fakultəsi olub. Qısaca olaraq DTCF. Bu dəfə təhsilini yarımçıq qoymayıb, 2011-ci ilə kimi ispan və portuqalr dillərini öyrənib, Vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb. Əsgərliyi başa vurandan sonra isə yolu “Qarabağ"a düşüb. Ailəlidir, Jasmin adlı qız övladı var.
“Gərək həmin erməniylə onların dilində danışardım"
- Əfqan, nəyə görə ispan dili?
- İmtahanda topladığım bal Türkiyənin bir neçə universitetində, o cümlədən İstanbul Universitetinin fransız dili fakultəsində də təhsil almağıma yetirdi. Sırf ticari baxımdan ispan dilini seçdim. Gələcəkdə ispan dilini bilməklə daha çox pul qazanmaq olardı, nəinki fransız dilini. Rusiyada olduğum müddətdə fikir vermişdim ki, Cənubi Amerikadan yerli bazara daha çox meyvə-tərəvəz gəlir. Bu mənada ispan dilini bilmək lehimə olardı. Bundan başqa ispan dili təxminən 30 dövlətin rəsmi dilidir, 1 qitə bu dildə danışır. İspan dilinin gələcəyi var. Mənə elə gəlir ki, hər bir insanın ürəyindən ömrünün hansısa dövründə bu dili öyrənmək keçir. Qısası, ispan dilini seçməklə daha çox qazanmağın mümkün olduğunu düşünürdüm.
- Qazana bilirsən?
- Qazancım yaxşıdır. Tələbə vaxtlarından pul qazanıram.
- Dil öyrənməyə marağın nə vaxtdan yaranmışdı?
- Uşaq olanda anam fars dilini öyrənməyimi istəyirdi. Özü farsca bilməsə də, yazmağı bacarırdı. Anam ixtisasca tibb bacısıdır. Nədənsə, həmişə şərqşünas olmağımı istəyib. Tibb işçisi olmasına rəğmən, fars dilinə maraq göstərib. Onun kitabları sayəsində fars əlifbasını öyrənmişəm. Daha sonra bir müddət Corat qəsəbəsindəki məsciddə ərəb dilini öyrənməyə çalışdım. İlk öyrəndiyim əcnəbi dil rus dilidir. Atamın yanına Ruisyaya gedəndə istər-istəməz rus dilində danışmalı olurdum. Orada ticarətlə məşğul olduğum müddətdə rus dilini yaxşı mənimsədim.
- Neçə dildə sərbəst danışa bilirsən?
- Azərbaycan dili öz yerində. Əcnəbi dillərdən ispan, portuqal, rus, türk, ingilis və erməni.
- Aha...
- Gözləmirdiniz, eləmi? Ankara Universitetinə qəbul olanda orada onlarla dilin tədris olunduğunu gördüm. Düşündüm ki, təkcə ispan dilini öyrənməklə təhsili başa vurmaq düzgün olmaz. Əlavə dil hansını seçə bilərdim? Erməni dilini öyrənmək qərarına gəldim. Çünki ermənilərlə müharibə şəraitində yaşayırıq. Onlar bizim dili bilirsə, biz niyə onların dilini öyrənməyək? 1-ci kursda erməni dilininin dərsini almaq univeristet qaydalarına görə mümkün olmadı. 3-cü kursda isə istəyimə axır ki, çatdım. Professor Birsen Karacanın rəhbərliyi altında təhsilimin sonuna kimi erməni dilini öyrəndim. İmtahandan yüksək qiymət aldım. Düzü, fikirləşirdim ki, erməni dili orduda lazım olar. Amma hərbi xidmətə yollananda sənədlərimdə təhsilim tibb işçisi kimi göstərilmişdi. Zaqatalaya xidmət etmişəm. Erməni dilini bildiyimi hərbi hissə rəhbərliyinə deyəndə isə artıq gec idi.
- Dilləri də ermənilərin özləri kimidi?
- O qədər də çətin dil deyil. Çoxlarına hərflər qəliz görünə bilər. Ancaq adi işarələrdir. Dil özü də çətin deyil.
- Erməni dilini bilməyin dadına çatıb?
- 1-2 dəfə. Bir əhvalat danışım. “Fiorentina" ilə oyundan əvvəl otelin foyesində əcnəbi bir qadın futbolçulardan birinə yaxınlaşıb şəkil çəkdirmək istədi. Erməni olduğunu bilib səbəbini soruşdum. Özündən çıxdı. Yüksək tonda bizi milliyyətçilikdə günahlandırıb bayıra çıxdı. Bir də baxdım ki, otelin qarşısında Qurban Qurbanov və Rəşad Sadıqovla mübahisə edir. Rəşad hirslə necə lazımdısa onun cavabını verdi. Orada səhv etdim, gərək həmin erməniylə onların dilində danışardım. Hə, bir də internetdə lazım olur, hansısa mövzuda öz dillərində ermənilərə yerini göstərmək ləzzət edir.
- Sənin üçün əcnəbi dillərin hansında danışmaq daha rahatdı?
- Əlbəttə, ispan dilində. Dil öyrənmək rahatdı, amma baxır hansı səviyyədə. İspan dilinin təhsilini almışam. Türk dilini də yüksək səviyyədə bilirəm. Çünki həm bizim dilə yaxındır, həm də Türkiyədə 5 il yaşamışam. Tələbə vaxtı tərcümə büroları ilə əməkdaşlıq edirdim, türk dilində təhsil alırdım deyə, yaxşı mənimsəmişəm. Erməni dilinə gəlincə, ispan dili qədər bilməsəm də, fikirlərimi aydın, dolğun şəkildə ifadə edə bilir, danışılanları anlayıram.
- Öyrənmək istədiyin növbəti dil hansıdır?
- Alman dili. Son bir neçə ildə “Qarabağ" təlim-məşq toplanışına Avstriyaya gedir. Alman dili orada daha çox lazım olur. Həm də Avropanın böyük bir hissəsi almanca danışır deyə bu dil mənə maraqlıdır.
“Bir dəfə səhvim olmaya-olmaya üzr istəmək məcburiyyətində qalmışam"
- Tərcüməçilikdə ilk ciddi işin hansı olub?
- Tərcümeyi-halımda önəmli yerlərdən birini tutan “Bakı" Futbol Klubu. 2009-cu ildən 2011-ci ilə kimi “Bakı"nın rəsmi saytında bütün xəbərləri 3 dilə - türk, ispan, portuqal dillərinə tərcümə etmişəm. Tələbə idim. İşimi internet vasitəsilə görürdüm. Məvacibimi kartıma köçürürdülər. O vaxt üçün yaxşı maaş alırdım. Düzü, mənim üçün pul o qədər də önəmli deyildi. Əsas praktika idi. “Bakı"da işləməyimin sayəsində hər 3 dili üst səviyyəyə qədər mənimsəyə bildim. 2011-ci ildə hərbi xidmətlə əlaqədar oradan ayrıldım. Onsuz da klubda müəyyən dəyişikliklər gözlənilirdi, gec-tez özümə yeni iş tapmalıydım.
- “Qarabağ"a gəlişin necə oldu?
- Hərbi xidməti başa vurduqdan sonra qısa müddət Argentina səfirliyində işləmişəm. Hiss edirdim ki, səfirlik mənim yerim deyil. İspaniyaya getməyə qərar verdim. 6 ay Valensiyada qaldım, ispan dilini daha yaxşı mənimsədim. Valensiyadan qayıtdıqdan sonra erməni dilini öyrənmək üçün başlanğıc səviyyədə kitab hazırlamaq qərarına gəldim. İşə yenicə girişmişdim ki, “Qarabağ"dan təklif gəldi. Kluba ispan və portuqal dilini bilən tərcüməçi lazım idi. 15 avqust 2013-cü ildə “Qarabağ"ın bazasına getdim və indiyə kimi “Qarabağ"dayam.
- Yoxladılar səni?
- Həmin vaxt komandada dillə bağlı problemi olan 3 nəfər var idi - Riçard Almeyda, Reynaldo və Çumbinyo. Reynaldo ümumiyyətlə, ancaq portuqal dilində danışırdı. İlk dəfə Reynaldo ilə ünsiyyət qurmuşam. Elə həmin gün komandanın məşqində iştirak etdim. Məşqin gedişində Qurban Qurbanov Riçardı və məni yanına çağırdı, Riçarda bəzi tapşırıqlar verdi. Mən də tərcümə elədim. Yəqin ki, Qurban müəllim məni yoxlayırdı. “İmtahan"dan yaxşı keçmişəm deyə, indiyə kimi klubdayam.
- Qurban Qurbanov haqqında danışaq...
- Onun haqqında çox danışa bilərəm. Futbola gələnə kimi elə bilirdim ki, məşqçilər mətbuat konfranslarında bir cür danışırlar, komanda daxilində başqa cür. Bəlkə başqa komandalarda elədir, amma Qurban müəllim mətbuatda necə görünürsə, həyatda, işdə də elədir. Qısa olaraq onu deyə bilərəm ki, yaxşı insandır. Ona həmişə güvənmək olar.
- İndiyə kimi aranızda hansısa narazılıq olub?
- Cəmi 1 dəfə, “Zalsburq"la oyuna gedəndə. Ona da narazılıq yox, anlaşmazlıq deyərdim. Elə Avstriyadaca problemi yoluna qoyduq.
- Bəs, səhv tərcümə etdiyin məqamlar necə?
- Səhv yox, natamam deyərdim. Futbolçu uzun danışıb və danışdıqlarının bəziləri yadımdan çıxıb. Bir dəfə səhvim olmaya-olmaya üzr istəmək məcburiyyətində qalmışam. Ümumiyyətlə, məndə belə bir xarakter var. Tərcümə zamanı danışıq tonunu, emosiyanı gizlətmirəm. Belə deyim, məşqçi əgər futbolçuya yüksək tonda söz deyirsə, fikri eyni tonda futbolçuya çatdırıram. Mənim üçün insani ünsiyyət daha vacibdir. Kağız deyilik ki, hər şey eyni cür yazılsın. Komandaya yeni gəlmişdim, iclasların birində futbolçulardan biri fikrini sərt şəkildə bildirdi. Məndə eyni tonda onun sözlərini Qurban müəllimə çatdırdım. Hamı şokda idi ki, necə ola bilər ki, futbolçu belə bir fikir bildirsin. Özü də yüksək tonda. Hoca eşitdiklərinə inanmadı, bir də tərcümə etməyimi istədi. Futbolçu səhv etdiyini anlayaraq fikrini dəyişdi. Belədə məni pis vəziyyətdə qoydu. Bax, onda məcbur olub başqasının yerinə üzr istəmişəm. Həmin futbolçunun adını bilərəkdən çəkmirəm. İclasdan sonra ondan nəyə görə fikrini dəyişdiyini, məni pis vəziyyətdə qoyduğunu soruşdum. Cavabında stressdə olduğunu bildirdi. İlk baxışda mənim səhv tərcümə etdiyim görünürdü. 5-6 aydan sonra hamı, o cümlədən Qurban müəllim bildi ki, həmin vaxt günahım olmayıb. O hadisə mənə dərs oldu və işimi ehtiyatlı tutdum.
- Danışıqları diktafona yazdın?
- Yox. Buna ehtiyac yoxdur. Bayaqkı hadisənin oxşar formaları məşqlərdə olur. Məsələn, hoca tapşırıq verir, mən tərcümə edirəm. Futbolçu tapşırığı səhv yerinə yetirəndə mənə sarı baxır. Guya, mən səhv tərcümə etmişəm. Artıq, məşqçilər futbolçuların xasiyyətlərinə bələddirlər. Həmən kimin “xaltura" etdiyini bilirlər. İndi komandada vəziyyət elədir ki, oyunlarda, məşq prosesində tərcüməçiyə ehtiyac az olur. Mən məşqçinin fikrini futbolçuya çatdırana kimi, o, hər şeyi anlayır. Fikir vermisinizsə, “Qarabağ"ın son oyunlarında çox vaxt ehtiyat oyunçular skamyasında oturmuram. Çünki futbolçularımız məşqçinin ondan nə istədiyini bir hərəkətlə, jestlə başa düşürlər. Əsasən, futboldankənar vəziyyətlərdə tərcüməyə ehtiyac yaranır.
- “Qarabağ"la bağlı nə vaxtsa kitab yazmaq fikrindən keçib?
- Artıq buna başlamışam. Kitabın adını da fikirləşmişəm - “Qarabağ" günləri". Nə vaxt hazır olacağını bilmirəm. “Qarabağ"da işlədiyim müddətdə demək olar ki, həmişə komandanın yanında olmuşam. O qədər maraqlı hadisələrə şahidlik etmişəm ki. Arxivimdə çoxlu şəkillər var. Onları kitabda yerləşdirmək istəyirəm. Fikrimcə, kitab işıq üzü görsə, maraqla qarşılanacaq.
“Qarabağ" bir ailədir və kiminsə diqqətdən kənarda qalması mümkün deyil"
- Komandaya yeni gələndə kimi özünə daha yaxın hesab edirdin?
- Təbii ki, kiminlə çox ünsiyyətdə olurdumsa, onu. Reynaldo, Almeyda ilə daha yaxın idim. Hətta ailə həyatı qurana kimi Reynaldo, Almeyda və Çumbinyo ilə bir evdə yaşamışıq. O vaxt məndən soruşurdular ki, kiminlə yola çıxmaq istəməzdin. Cavabında tərəddüdsüz Riçardın adını çəkirdim. Futbolçu kimi çox bəyənirdim. Amma insan kimi... Riçardı görməyə gözüm yox idi. Ən yaxşısı isə Reynaldo idi. Riçard indi çox dəyişib. Bilirsiniz, 2013-cü ildə Almeydanın ailəsində bəzi problemlər var idi və bu problemlər başqa insanlarla ünsiyyətdə özünü büruzə verirdi. İndi ailə həyatı qurub, həyat yoldaşı onu müsbət yöndə tamam dəyişib. Çumbinyoya gəlincə, əla oğlandı, tez-tez əlaqə saxlayırıq, bir-birimizi unutmamışıq. Braziliyalılar avropalılara nisbətən daha istiqanlıdırlar, dostluğa-yoldaşlığa sadiqdirlər.
- Gəlmələrdən hansısa səndən Azərbaycan dilini öyrətməyini istəyib?
- Bir ara Riçard istəyirdi. Ona izah elədim ki, səndən çox övladının Azərbaycan dilini öyrənməsi daha yaxşı olar. Amma sonra nə oldusa...
- Yerlilərlə vəziyyət necədir?
- Hamısı ilə əla münasibətim var. Hamısının xətri mənə əzizdir. Amma yaşda məndən kiçik olsalar da, Qara Qarayevin, Maksim Medvedevin ürəyimdə ayrıca yeri var. Maksimin milliyyətcə rus olmasına baxmayaraq, onunla həmişə Azərbaycan dilində danışmışam. Amma elə futbolçular var ki, doğma dilimizi saymayıb, rusca danışırlar. Elələrini görəndə, utanıram.
- Bəs, Rəşad Sadıqov?
- Rəşadla münasibətimiz daha çox rəsmi xarakter daşıyır. Hərçənd, onunla Almaniyaya müayinəyə gedəndə yol yoldaşı olmuşam. Sadədir, yoldaşlığı bacaran insandır.
- Səfərdən söz düşmüşkən, “Qarabağ"la hansı səfər daha yaddaqalan olub?
- Mənim üçün səfər səyahət baxımından daha çox maraq doğurur. Axı, futbolu mən oynamıram. İşim tərcümə etməkdir. Komanda ilə bağlı ilk yada düşən “Tvente"ylə oyundu. Oyunun 1-ci hissəsindən sonra hesab 0:1 idi. Fasilədə hoca futbolçuları necə motivasiya elədisə... Sözlə demək mümkün deyil. Danilo Dias lövhəyə ispanca yazdı ki, biz mütləq qalib gələcəyik. Rəşad Sadıqov isə altında “İnşallah" yazanda şəkillərini çəkdim. 2-ci hissədə qol vurduq və ilk dəfə qrup mərhələsinə düşdük. Həmin səfər ən yaddaqalan olub.
- Avropada Qarabağ və “Qarabağ" necə tanınır?
- Düzünü deyim, bəzi avropalıların heç Qafqazdan xəbəri yoxdur. Məgər bizdə hansısa sıravi vətəndaşın, tutaq ki, Zimbabvedən ya da Fərqanə körfəzindən məlumatı var, orada gedən ictimai-siyasi hadisələrlə maraqlanırlar? Belə deyim, Qafqaz, Azərbaycan onlar üçün işləri düşəndə maraqlıdır. Umümi götürəndə son illər Azərbaycanda keçirilən idman yarışları, müxtəlif tədbirlər ölkəmizin, Qarabağ həqiqətlərinin tanınması baxımından böyük əhəmiyyət kəsb edib. “Qarabağ"a gəlincə, kim futbolla dərindən maraqlanırsa, “Qarabağ"ı tanımaması mümkün deyil. Bir dəfə Rusiyadan olan bir azarkeşlə söhbət edirdim. “Qarabağ"ı bəlkə də məndən yaxşı tanıdığı məlum oldu. Komanda haqqında dolğun məlumatlara sahib idi, “Qarabağ"ın bütün oyunlarını izləmişdi. Belə hadisələr əlbəttə, insana xoş gəlir.
- “Qarabağ"da xoşbəxtsən?
- Əlbəttə. İşimdə stress yoxdur. Bir tərəfin fikrini digərinə çatdırıram. Evimə, ailəmə problem aparmıram. Əsas odur ki, “Qarabağ" bir ailə kimidir. Belə yerdə kim işləmək istəməz?
- Komanda hansısa titul qazananda tərcüməçiyə pay çatır?
- Əlbəttə. 4 medalım var. Əslində 5 olmalı idi. Amma 1-ci il sənədləşmə işində müəyyən problemlər yarandığına görə medalsız qaldım. Mükafat da olur. Bayaq dediyim kimi, “Qarabağ" bir ailədir və kiminsə diqqətdən kənarda qalması mümkün deyil.
- Saqqal saxlayırsan. İmicdir, yoxsa, dini baxışlarından irəli gəlir?
- Dindar deyiləm. Saqqal saxlamaq imicimdir. Fikrimcə, saqqal kişinin olması gərəkən özəlliklərindən biridir. Belə daha rahatdır.
- Adın və imicin xaricdə sənə problem yaratmır ki?
- Qətiyyən. Hərdən öz sərhədçilərimiz mənə qəribə baxırlar.
- Bildiyim qədər, qız övladın var, adı Jasmindir...
- Düzü, qızımın adını Nigar qoymaq istəyirdim. Amma indi elə bir zəmanədir ki... Nigar xarici dillərdə “Niqar", yəni zənci mənasını verir ki, bu da kimdəsə gülüş hissi doğura bilər. Bizdə ən çox sevilən adlardan biri olan Rəna xarici pasportda “Rana" kimi yazılır. İspan dilində qurbağa deməkdir. Və ya Afət “Afat" yazılır ki, bu da ingiliscədən tərcümədə “piy" deməkdir. Belə xoşagəlməz hallar çoxdur. Bu üzdən qızımın adını Jasmin qoymuşam. Həm də bilirdim ki, atamın bu addan xoşu gəlir.
Əfqanla söhbətimiz uzun çəkdi, müxtəlif mövzulara “baş vurduq". Danışdıqlarının hamısı yazılası deyil. Elə məqamlar var ki, onlar mətbuata çıxmasa yaxşıdı. Söhbətin sonunda bütün müsahiblərimlə olduğu kimi iştirakçısı olduğu ən maraqlı 2 əhvalatı danışmasını istədim, birini güclə xatırladı. Əfqan mənə danışdı, mənsə sizə nəql edim. Deməli, kluba yeni işə düzələn Əfqanın ilk səfəri Nürnberqə - “Ayntraxt"la oyuna təsadüf edib. Oyundan əvvəl komanda ilə stadiona çıxıb, oradakı atmosferi “dadıb". Oyun vaxtı isə, harada dayanması, nə iş görəcəyi ilə bağlı kimə müraciət edibsə, cavab ala bilməyib. Çünki hamının başı öz işinə qarışıbmış... Oyun başa çatandan sonra məlum olub ki, komandaya cərimə gələcəyindən ehtiyatlanan Əfqan matçı soyunub-geyinmə otağında, televizordan izləyib.
Söhbətləşdi: İlqar TAĞIYEV
“Het-trik news" qəzeti