Klublarımızdan hansının muzeyi var?

14:13 4 Noyabr 2016

HAMISI MUZEY AÇMAQ İSTƏYİR, AMMA...

Xatirinizdədirsə, Portuqaliya çempionatında “Portu" ilə oyundan bir neçə gün əvvəl “Boavişta" rəhbərliyi futbolçuları klubun muzeyinə aparmışdı. Yığmamızın qapıçısı Kamran Ağayevlə Emin Mahmudov da həmin futbolçuların arasında idi. Orada futbolçulara “Boavişta"nın tarixi, qazandığı nəticələr barəsində geniş məlumat verilmişdi. Səbəb isə vacib oyun öncəsi futbolçularda məsuliyyət hissini artırmaq, onlara hansı klubun formansını geyindiklərin dərk etdirmək idi. Prinsipcə, çox yaxşı ideya idi. Bunu Azərbaycanda da tətbiq etmək pis olarmı?. Məsələn, “Neftçi"yə gələn legioner klubun tarixini, keçmişini bilsə, geyindiyi formanın məsuliyyətini dərk etsə, komanda “Qəbələ"yə 0:8 hesabı ilə uduzmazdı. Və ya Katalin Tıra azarkeşə əl qaldırmazdı. Bu metodu tətbiq etmək üçün ilk növbədə klublarımızın futbolçulara göstərməyə “əyani vəsait”ləri olmalıdır.


Müasir futbolda futbol klublarının muzeyinin olması çox vacib amillərdən sayılır. Azərbaycanda bu sahədə seçilən klub “Xəzər Lənkəran" idi. Klubun Lənkəran stadionunda xüsusi ayrılmış otaqda muzeyi var idi və klubun tarixinə özündə əks etdirən əşyalar həmin muzeyə toplanmışdı. “Bakı" da öz qənimtlərini bazasında xüsusi ayrılmış otaqda saxlasa da, ora tam olaraq muzey demək olmaz. Bəs, elitada çıxış edən klublarımızda bu sahədə vəziyyət necədir? Apardığımız sorğunun yekunu təəssüf doğurur. Çünki demək olar ki, heç bir Premyer Liqa təmsilçininin muzeyi yoxdur.


Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ" və “Qəbələ"dən başlayaq. “Qarabağ"ın “Azərsun Arena"da kiçik bir guşəsi var. Orada 2009-cu ildən bu yana klubun qazandığı naliyyətləri özündə əks etdirən əşyalarla yanaşı indiyə qədər qarşılaşdığı xarici klubların vımpelləri, suvenirləri və digər atributları yerləşdirilib. Bu barədə məlumat verən klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun sözlərinə görə, klub rəhbərliyinin muzey yaratmaq fikri var. Amma nə vaxt yaradılacaq, bu barədə dəqiq məlumat yoxdur: “Muzey elə yerdir ki, açdın, gərək ora qoymağa nəyinsə ola. 2009-dan bu yana müəyyən uğurlar qazanmışıq. Yəni, muzey açılanda boş qalmayacaq. O ki qaldı 90-cı illərdə qazanlan çempionluq və kuboklara, düzü onlar bizdə yoxdur. Amma muzey açılarsa, araşdıracağıq və onları da tapıb muzeyə qoyacağıq. Muzey olandan sonra bu məsələləri həll eləmək çətin olmaz”.
“Qəbələ"nin də muzeyi yoxdur. Amma bununla bağlı iş gedir". Bu sözlər “Qəbələ”nin meneceri Səməd Nəsibova məxsusdur. Səməd bəy 6 ildir ki, “Qəbələ" ilə bağlı materiallar topladıqlarını bildirdi. Muzeyin nə vaxt açılacağı ilə bağlı sualı isə belə cavablandırdı: “Muzey açmamağımızın səbəbi şəraitlə bağlıdır. Hazırda muzey üçün uyğun yerimiz yoxdur. Amma dediyim kimi, bu işlə bağlı hazırlıq gedir. Sadəcə, bunu daha yaxşı şəraitdə etmək istəyrik. Həm də tariximizi bir az da zənginləşdirmək lazımdır".


Azərbaycanın ən köklü 2 klubundan biri - “Kəpəz"də də bu sahədə vəziyyətə təəssüflənmək lazımdır. Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev: “Hazırda Gəncə Şəhər Stadionundan icarə əsasında istifadə edirik. Bununla belə, istifadə etdiyimiz otaqlarda klubun tarixini əks etdirən bir çox fotolar vurulub. “Kəpəz" elə bir klubdu ki,  yeni gələn futbolçular onsuz da bu stadionu, bu boyda azarkeşi görüb hara gəldiklərini gözəl anlayırlar. “Kəpəz" tarixi klubdu, uğurları çoxdur. Gələcəkdə muzey açılacağı təqdirdə nümayiş etdirmək üçün xeyli eksponatımız var".
Azad bəylə söhbət zamanı məlum oldu ki, komandanın indiyə kimi qazandığı kuboklar rəhbərliyin otağında saxlanılır. Gələcəkdə şərait olarsa, muzey açıb həmin mükafatları orada yerləşdiləcəklər.


Ölkəmizin ən titullu klublarından biri də “İnter"dir. Bakı təmsilçisinin kifayət qədər titulu, eksponatı olsa da, muzeyi yoxdur. Lakin bu istiqamətdə işlər gedir və “İnter" rəhbərliyinin planında muzey açmaq da var. Amma... Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun sözlərinə görə, istək olsa da, muzey üçün yer tapmaq onlar üçün əməlli-başlı problem yaradır: “Muzey açmaq üçün imkan, yer yoxdur. Stadionumuzun yerləşmə mövqeyi də bizə çətinlik yaradır. Əvvəl əsas girişdəki qapının qarşışındakı otaqlardan birini seçmək istədik. Lakin orda yer dardı və kimsə bir az kobud davransa, şüşələri sındıra bilər. Arenanın digər tərəfində isə təmir gedir. Muzey üçün seçilən yer bir qədər geniş və əlverişli yerdə olmalıdır ki, ziyarətçilər eksponatları rahat seyr edə bilsinlər. Bu baxından bizim məsələn, “Xəzər Lənkəran"dakı kimi şəraitimiz yoxdur. Amma dediyim kimi, bunun üzərində düşünürük. Ola bilsin ki, stadionunun oteli olan binada muzey üçün yer ayırılsın".


Klub sözçüsünün fikrincə, hər bir klubun muzeyinin olması vacibdir. O cümlədən “İnter"in də. Çünki “İnter"in nəticələri az deyil. Komandanın aktivində ölkə çempionluğu, “Birlik kuboku" var. Bundan başqa komanda son illər daim medalçılar sırasına düşür. Aşağı yaş qruplarından ibarət komandalarında bir çox naliyyətləri var. O ki qaldı klubun tarixi haqqında legionerlərə məlumat verilməsinə, hazırda “İnter"in cəmi 3 legioneri var və Səbuhi bəy onların klub haqqında müyyən məlumatları olduğunu söylədi.
AZAL rəhbərliyinin də planlarında muzey təsis etmək var. Özü də yaxınlarda. Klubun “İnter" qədər uğurları yoxdur, əvəzində muzey üçün yerləri var. Futbolçuların məskunlaşdığı binanın birinci mərtəbəsinin girişində. Bəs, muzey açılacağı təqdirdə ora nə ilə doldurulacaq? AZAL-ın mətbuat katibi Eldəniz Yusifov: “Düşünürəm ki,  muzey açılacağı təqdirdə ora qoyacaq nələrimisə olacaq.  Çünki AZAL tarixi ərzində bir dəfə avrokuboklarda oynayıb. Bundan başqa, komanda xeyli sayda əcnəbi komandalarla yoldaşlıq görüşləri keçirib. Hansı ki, onlarla dəyişdirilən vimpellər, atributlar saxlanılır. Klubun 10 illik tarixinu özündə əks etdirən xeyli sayda fotoşəkillər də var".


Eldəniz bəylə söhbətdə məlum oldu ki, klubun 10 illik yubileyi ilə əlaqədar kitab nəşr etdirmək fikirləri var. Daha doğrusu, bu yöndə işlər hələ ötən il başlayıb. Lakin müəyyən səbəblərdən hələ ki, həmin iş yarımçıq qalıb, amma mütləq başa çatdırılacaq. Kitabın hazırlayanlara gəlincə, 2 müəllif var. Biri Eldəniz Yusifov, digəri isə tanınmış idman jurnalisti Rüstəm Əfsərlidir. Bu şəxslərin hazırlayacaqları kitabın maraqlı olacağını indidən əminliklə deyə bilərik. Hə, klubda oynayan legionerlərə klubun tarixi ilə bağlı məlumatın verilməsinə gəlincə, əməkdaşlar onlara klub və ölkəmiz haqqında lazım olan məlumatları çatdırırlar.
Sumqayıt Azərbaycanın futbol ənənələri olan şəhərlərindən biridir. Lakin hazırda Premyer Liqada Sumqayıtı təmsil edən eyniadlı komandanın da muzeyi yoxdur. “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov muzeylə bağlı planlarının olduğunu bildirməklə yanaşı, uyğun yerin olmadığını da söylədi: “Düzdür, “Sumqayıt" gənc klubdur, böyük tarixi, böyük uğurları yoxdur. Bununla belə, muzeyə qoymağa material taparıq. Çünki mövcud olduğumuz müddətdə bir sıra əcnəbi komandalarla yoxlama görüşləri keçirmişik, onların suvenrləri, vımpelləri var. Bundan başqa, akademiyamızın komandalarınn da daxili yarışlarda qazandığı müyyən nəticələr var. Onları da muzeyə qoya bilərik".
Gənc komandalardan biri, daha doğrusu ən gənci “Zirə"dir. Əslində, 3 yaşlı klubun muzeydə hansı eksponatları yerləşdirəcəyi özü bir sual olaraq qalır. Bunu klubun mətbuat xidmətinin rəhbəri Elmar Himayətoğlu da təsdiqləyir: “Klubumuz hələ yenidir və muzey açacaq qədər tariximiz yoxdu. Sadəcə, indiki vaxtda ən yaxşı halda hansısa otaqda guşə ayırmaq olar. Bir gün gözəgəlimli muzey sahibi olmaq bizə də qismət olar".


Nəhayət, Azərbaycanın ən köklü klubu və onların muzey planları haqqında. Azərbaycan futbolu tarixinin böyük bir hissəsini özündə əks etdirən “Neftçi"nin muzeyi yoxdur! 80 yaşlı klubun muzeyinin olmaması biabırçılıqdır. Düzdür, klubun rəsmisi Mehman Rəsulov muzey açmağın planlarında olduğunu dedi. Lakin bunun nə vaxt olacağını söyləmədi. “Neftçi" hələlik klubun inzibati binasının girişində yerləşən güşə ilə kifayətlənir. Klubun qazandığı bütün qənimətlər ora toplanıb. 


Apardığımız araşdırma nəticəsində məlum oldu ki, Premyer Liqa təmsilçilərimizin heç birinin muzeyi yoxdur. İnsaf naminə qeyd edək ki, bəzi klubları başa düşmək olar, ya yeni yaradılıblar, ya da hansısa nailiyyətləri yoxdur. Bəs, ölkənin ən köklü 2 klubunun - “Neftçi" və “Kəpəz"in muzeyinin olmamasına nə ad verək? Səriştəsizlik? Bəlkə də. Biganəlik? Ola bilər. Çox istərdik ki, yaxın bir neçə ildə bu klubların adlarına layiq muzeyləri açılsın. Bu, həm klubların tarixlərinin, uğurlarının öyrənilməsi, həm də futbolumuzun təbliği baxımından yaxşı olar. Yeri gəlmişkən, mövzu ilə bağlı maraqlı fakt - Avropanın əksər klublarının muzeyləri var və həmin muzeyi ziyarət etmək istəyənlər müəyyən məbləğ ödəməli olurlar. Məsələn, “Barselona"nın 1984-cü ildə açılan muzeyinə giriş 23 avrodur. “Milan"da bu rəqəm 13, “Ayaks"da isə 13 avrodur. Görəsən, bizdə klublardan hansısa muzey açsa, giriş neçəyə olar? Bu haqda isə muzeylər açılandan sonra. Əlbəttə, əgər açılacaqsa.

“Het-trik news" qəzeti


Digər xəbərlər

Xəbər xətti