Futbol varsa, zədə də var. Zədə varsa... futbol yoxdu. Zədələr bütün idman növlərinin, o cümlədən futbolun ayrılmaz hissəsidi. Sınıqlar, çıxıqlar, burxulmalar, əzələ dartılmaları, əzilmələr... hamısı ilə nəinki peşəkar, eyni zamanda uşaq futbolunda da tez-tez rastlaşırıq. Amma elə zədələr və ya xəstəliklər var ki, ancaq uşaqlar üçün xarakterikdi və vaxtında, düzgün müalicə aparılmasa, nəinki uşağın gələcək futbolçu karyerası, ümumiyyətlə, sağlamlığı təhlükə altında ola bilər. Belə xəstəliklərin bir neçəsinin adını çəkək - Osqud-Şlyatter xəstəliyi, Şints xəstəliyi, Şeyerman-Mau xəstəliyi, fəqərələrarası osteoxondroz, osteoporoz və s. Çoxlarının adını bəlkə də eşitməmisiniz və xəstəliyin xüsusiyyətlərindən, uşağın orqanizmində törədə biləcək fəsadlardan da xəbərsizsiniz. Elə isə...
Bu sayımızdan etibarən uşaq futbolunda rast gəlinən xəstəliklər və zədələrdən, onların yaranma səbəblərindən, müalicə metodlarından bəhs edəcəyik. Bunun üçün təkcə internetdən və müxtəlif tibbi kitablardan topladığımız məlumatlarla kifayətlənməyəcəyik, idman sahəsində tanınmış həkimlərin fikirlərinə də yer ayıracağıq.
Osqud-Şlyatter xəstəliyi
Tibbi ədəbiyyatda Oskud-Şlyatter xəstəliyi osteodistrofiyanın bir forması kimi göstərilib. İlk dəfə 1903-cü ildə Osqud və Şlyatter tərəfindən müəyyən edilmiş və onların şərəfinə Oskud-Şlyatter adlandırılmışdı. Xəstəlik dizdə - qamış sümüyünün diz oynağı hissəsində yaranır. Adətən 12-18 yaşlı uşaq və gənclərdə rast gəlinir. Dizin aşağı hissəsində yaranan şiş ağrılı olur və uşağın idmanla məşğul olmasına çətinlik törədir. Oskud-Şlyatter xəstəliyinin yaranmasının bir neçə səbəbləri var. Onlardan birincisi uşağın boy artımı ilə bağlıdı. Başqa sözlə, uşağın inkişaf dövründə ortaya çıxa bilər. Digər səbəblərdən biri fiziki yükləmələrdi ki, futbolda da bu, adi haldı. Bir qədər ətraflı.
Çox vaxt idmanla intensiv məşğul olan uşaqlar Oskud-Şlyatter xəstliyindən əziyyət çəkirlər. Oğlan uşaqları qızlara nisbətən idmanla daha çox məşğul olduqlarından, xəstəlik onlar üçün daha xarakterikdi. Xəstəlik sümüklərin böyümə dövründə özünü göstərə bilər. Statistikaya görə, idmanla məşğul olan hər 5-6 uşaqdan birində bu xəstəlik müxtəlif formalarda müşahidə olunur. İdmandan uzaq olanlarda isə bu rəqəm 3-5 faizdir.
Yaranma səbəbləri
Tibbi ədəbiyyatda göstərilən səbəblərdən başlayaq. Uşaqlarda boy uzanması birbaşa sümüklərin inkişafı ilə bağlıdı. Qamış sümüyünün oynaqlarla birləşdiyi hissəsində xüsusi böyümə zonaları var. Həmin zonaların hesabına sümük uzununa böyüyür və uşaqda boyartımı müşahidə olunur. Böyümə zonasında sümüklərin üzəri qığırdaqla örtülüb və sümüklə möhkəm birləşməyib. Sümüyün uzanma prosesində qığırdaqların sümükdən qopa bilmə ehtimalı var. Fiziki hərəkətlər zamanı bu qopma özünü daha tez büruzə verir. Nəticədə qığırdağın sümükdən aralanan hissəsində maye yığılır və ağrılar başlayır. Uşağın orqanizmi bu qopmanı özü bərpa etməyə çalışır. Yekunda böyüyən sümük hüceyrələri boş zonaya doğru çoxalmağa başlayır ki, bu da dizin aşağı hissəsində sümük çıxıntısının yaranmasına, paralel olaraq, ağrılara səbəb olur.
Bakı şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserinin baş həkimi Nərmin Qasımova isə Oskud-Şlyatter xəstəliyi və onun yaranması ilə bağlı bir qədər fərqli fikir bildirdi: “Bu xəstəlik qamış sümüyünün osteoxondropatiyasıdı. Oskud-Şlyatterin yaranmasının 2 əsas səbəbi var. Onlardan biri fiziki yükləmələr, digəri isə həmin nahiyənin zərbələrə tuş gəlməsi və zədələnməsidi. Qamış sümüyünün xüsusi böyümə zonaları var. Böyümə zonaları qığırdaqlardan ibarətdi və sonradan sümükləşir. Fiziki yükləmələr və zərbələrin hesabına qığırdaqlar tez zədələnə bilirlər. Nəticədə hüceyrə artımı normanı aşır ki, bu da dizin aşağı hissəsində çıxıntı əmələ gəlməsinə səbəb olur. Vaxtında müalicə aparılmazsa və uşaq idmanla məşğuliyyətə davam edərsə, nəticəsi ağır ola bilər”.
Ağrılar xəstəliyin dərəcəsinə görə müxtəlif olur. Bəzi hallarda yüngül, əksər hallarda isə kəskin və dözülməz ağrılar müşahidə edilir. Xəstəlik olduğu anda idmanla məşğuliyyət ağrıların şiddətlənməsinə gətirib çıxarır. Ağrılar və dizin aşağı hissəsində əmələ gələn çıxıntı üzündən diz nahiyəsində şiş əmələ gələ bilər. Adətən Oskud-Şlyatter xəstəliyi uşaqların ancaq 1 ayağında yaranır. Dərəcəsindən asılı olaraq, xəstəlik bir neçə həftədən bir neçə aya kimi davam edir. Xəstəlik “yoxa çıxdıqdan" sonra dizin aşağı hissəsində, qamış sümüyünün üzərində çıxıntı qalır. Amma bu çıxıntı uşağın gələcək fəaliyyətinə mane olmur. Qısası, Oskud-Şlyatter xəstəliyi uşağın boyunun artması dövrünə təsadüf edir, adətən idmançılarda rast gəlinir və boy artımı ləngidikcə “yoxa çıxır".
Diaqnostika və müalicəsi
Xəstəliyi müəyyən etmək üçün rentgen müayinəsindən keçmək lazımdı. MRT diaqnostikası daha yaxşıdı. Bu halda sümüyün, qığırdağın və əzələlərin vəziyyəti daha yaxşı görünür. Xəstəliyin dərəcəsindən asılı olaraq, müalicə təyin olunur. Təcrübəli həkimlər rentgen və MRT müayinəsi olmadan belə, Oskud-Şlyatter xəstəliyini simptomlarına görə təyin edə bilirlər. Amma bütün hallarda müayinə lazımdı. Bayaq qeyd etdiyimiz kimi, xəstəliyin dərəcəsini müəyyən etmək üçün.
Oskud-Şlyatter xəstəliyinin müalicəsi ilə ortopedlər məşğul olurlar. Əgər xəstəlik ilkin mərhələdədirsə, tez və ağrısız müalicə olunur və müəyyən müddətdən sonra tam sağalır. Ağırlaşmış formadadırsa, müalicə prosesi bir qədər uzun çəkir. Müalicə nədər ibarətdi? Həkimlər tərəfindən təyin olunmuş müəyyən dərman preparatları, fizioterapiya, idman gimnastikası, müəyyən fiziki hərəkətlər, üzgüçülük, velosiped idmanı və s. Üstəlik, müalicə müddətində fiziki yükləmələr yasaqdı. Yəni, uşağı sevimli idman növündən müəyyən müddətə uzaqlaşdırmaq, ayağa rahatlıq vermək vacibdi. Aparılan müalicələrin nəticəsindən asılı olaraq, uşaq bir müddət sonra idmanla məşğul ola bilər.
Mütəxəssislər nə deyir?
Uşaq futbolunda rast gəlinən zədələrlə bağlı bir çox yerli mütəxəssislərin fikirlərini öyrəndik və maraqlı məqamla rastlaşdıq. Xəstəliklə bağlı bəzi hallarda klub həkimləri ilə poliklinika həkimlərinin fikirlərində təzadlar ortaya çıxdı. Məsələn, bəzi klub həkimləri Oskud-Şlyatter xəstəliyinin o qədər qorxulu olmadığını, hətta ağrılara rəğmən, uşağın dözəcəyi təqdirdə idmanla məşğul olmasının mümkünlüyünü bildirirlər. Səbəb kimi isə xəstəliyin müəyyən müddətdən sonra onsuz da öz-özünə keçəcəyini göstərirlər. Uzağı dizin aşağısında “şişka" qalacaq ki, bu da gənc futbolçunun gələcək idman və yaşayış tərzinə heç bir təsir göstərməyəcək. Poliklinika həkimlərinə gəlincə...
Nərmin xanımın fikirləri yenə də fərqli oldu: “Oskud-Şlyatter xəstəliyi qamış sümüyü və onun üzərindəki qığırdaqların eyni formada qidalanmaması nəticəsində yaranır. Sümük uzanır, onun oynaqlarla birləşdiyi yerdə üzərini örtən qığırdaqlarda isə böyümə ləngiyir. Bu da uşağın düzgün qidalanmaması, fiziki yükləmələrin nəticəsində ortaya çıxır. Oskud-Şlyatter xəstəliyi futbolçularda daha çox rast gəlinir. Çünki futbolda dizin zərbəyə tuş gəlməsi halları intensiv olur ki, bu da qığırdaqların zədələnməsinə və xəstəliyin inkişafına təkan verir. Orqanizmdə kalsium çatışmazlığı, düzgün olmayan həyat tərzi və digər amillər də həmçinin".
Nərmin xanımın sözlərinə görə, son illər bu xəstəliklə onlara müraciət edənlərin sayı xeyli çoxalıb. Əsasən 13-16 yaşlı uşaqlar dispanserdə müalicə alırlar. Onların arasında futbolçular çoxluq təşkil edir. Boks, güləş və digər idman növləri ilə məşğul olanlar da az deyil. Nərmin xanımdan Oskud-Şlyatterin müalicə olunmayacağı təqdirdə, yarana biləcək fəsadlar barədə soruşduq. Cavabında xəstəliyin gələcəkdə uşağın əlil olmasına səbəb ola biləcəyini dedi. Bundan başqa xəstəlik dövründə fiziki yükləmələr davam edərsə, dizdə ortroz xəstəliyinin yaranması və nəticədə meniskus əməliyyatı keçirmə riskinin də qaçılmaz olduğunu söylədi.
Xəstəliyin müalicə üsullarına gəlincə, Nərmin xanımın sözlərinə görə, Tibbi Bədən Tərbiyəsi Dispanserində bu xəstəliyin müalicəsi aparılır. Bura fizioterapevtik müalicə, elektrofarez və s. daxildi: “İlk növbədə uşağa düzgün diaqnoz qoyulmalıdı. Rentgen müayinəsi yanlış diaqnoza səbəb ola bilər. Ona görə MRT daha yaxşıdı. Bu halda xəstəliyin dərəcəsi müəyyən edilir. Müalicə prosesində bir çox üsullardan istifadə edirik: elektrofarez, ultrasəs terapiyası, müxtəlif sarğılar, vitaminizasiya və s. Yeri gəlmişkən, uşağın tərkibində kalsium olan preparatlar qəbul etməsi də yaxşı olar. Amma bunun üçün mütləq qandakı kalsiumun miqdarı yoxlanmalıdı. Başqa metodlar da var, onlar haqqında geniş danışmağa lüzum görmürəm. Əsas odu ki, Oskud-Şlyatter xəstəliyi olan uşaqlar mütləq şəkildə müəyyən müddətə peşəkar idmandan uzaqlaşdırılmalı, həyat tərzləri yaxşılaşdırılmalıdı".
Xəstəliyin müalicəsi 6 aya kimi və daha uzun müddətə çəkə bilər. Bu isə uşağın psixologiyasına mənfi təsir göstərə bilər. Bunun baş verməməsi üçün həm məşqçilər, həm həkimlər, həm də valideynlər uşaqlara mənəvi dəstək olmalı, onlara vəziyyəti izah etməlidirlər. Uşaqlar arasında Oskud-Şlyatter xəstəliyinə tez-tez rast gəlindiyindən, mövzuya geniş yer ayırdıq. Uşaq futbolunda rast gəlinən və adları yazının girişində qeyd olunan digər xəstəliklər haqqında isə növbəti yazılarımızda.
İlqar TAĞIYEV
“Het-trik news" qəzeti