Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid Salyan Hüseynov ifadə verib.
S.Hüseynov M.Əhmədovun onu aldatdığını bildirib: "Maşallahı 20 il ildir ki, tanıyıram. Oğlumun banka borcu var idi. Maşallahın yanına gedib, bu haqda ona dedim. O da mənə məsələni həll edəcəyini bildirdi. Banka gedib 12 min dollar kredit götürdük. Maşallah mənə pulun onda qalmasını istədi. Oğlum Sərxan da onun yanında qaldı. Sonra Maşallahdan xəbər çıxmadı. Bankdan zəng gəldi ki, krediti ödəmək lazımdır. Maşallah məni aldatdı. Sonra oğlumu kreditə görə həbs etdilər. Maşallah mənə əvvəl 4800 manat, daha sonra 1500 manat da verdi. Maşallah daş satıb həmin pulları versə də, hazırda onun mənə 3000 manat borcu var".
M.Əhmədov isə şahidin yalan danışdığını deyib: "Mən onun pulunu ödəmişəm. Daşları da onlar satdı".
S.Hüseynovun oğlu, zərərçəkmiş S.Hüseynov qeyd edib ki, M.Əhmədovdan pulunu istəyən zaman keçmiş futbolçu yatağın altına girib: "Həmin zaman ona iki sillə vurdum. Maşallahın sürücüsü zəng elədi ki, gəl pulunu apar. Mən onun yanına gedəndə sürücü qaçmışdı".
Digər şahid Taryel Məmmədov da dindirilib. Onun sözlərinə görə, daşlar əvvəl onun çalışdığı sexə yığılıb: "Maşallah, Yusif müəlllim, Fəqan və digər bir nəfər sexə gəldilər. Daşlar sexdə yığılmışdı. Daha sonra Fəqan bir maşın daşı apardı. Maşallah da daşları aparanda Yusif müəllimə xəbər elədim. O da dedi ki, bundan xəbərim var. Onlar daşları aparanda Yusif müəllim orada yox idi. Mənə də 200 manat pul verdilər".
Məhkəmənin növbəti iclası noyabrın 15-nə təyin edilib.
Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.(Report)