Bədavi Hüseynov: "...heç kim təəccüblənməsin"

11:30 9 Noyabr 2016

"Biz Şimali İrlandiyaya ən azı 1 xal aparmaq üçün gəlmişik. Belfastdan qayıdanda aktivimizdə azından 8 xalın olmasını istəyirik. Rəqib çox güclüdür. Həm də doğma meydanda oynaması bizə əlavə çətinlik yaradacaq. Bundan başqa irlandlar fiziki cəhətdən güclü və hündürboydurlar. Belə komandalara qarşı oynamaq həmişə çətin olur. Oyunun taleyini standart vəziyyətlər həll edə bilər. Buna görə müdafiədə çox diqqətli olmalıyıq".


Sportarena.az xəbər verir ki, bunu millimizin futbolçusu Bədavi Hüseynov jurnalistlərə açıqlamasında 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə keçiriləcək oyun haqqında danışarkən deyib.


Bir müddət əvvəl zədələnən və "Qarabağ"ın Avropa Liqasında PAOK-la son oyununda meydanda olan Bədavi artıq tam sağalıb. Amma digər müdafiəçimiz Rəşad Sadıqovun Bakıdakı son məşqdə zədələnməsi yerinə düşməyib. Rəşadın oynamayacağı təqdirdə müdafiənin mərkəzində kimlər yer ala bilər? Bədavi Hüseynovla söhbətdə o, Robert Prosineçkinin müdafiənin mərkəzində hansı futbolçulara şans verəcəyini bilmədiyini söylədi: 
"Mən zədəli olanda həmin mövqedə Rəşad Sadıqovla Maskim Medvedev oynamışdı. Düzü, Maksimin Çexiya ilə oyundakı çıxışı məni yaxşı mənada heyrətləndirmişdi. İndiyə kimi demək olar ki, həmin mövqedə oynamamışdı. Amma bunu hiss etdirmədi. Maksim təcrübəli futbolçudur və təcrübəsinin köməyi ilə müdafiənin istənilən yerində oynaya bilər. Əgər baş məşqçimiz bu dəfə də Maksimə müdəfiənin mərkəzində yer versə, heç kim təəccüblənməsin. Bu, əla seçim olardı".


Digər xəbərlər

Xəbər xətti