Maksim Medvedev: "Şimali İrlandiyanın da bu "silah"dan istifadə etməsinə mane olmağa çalışacağıq"

15:16 11 Noyabr 2016

Azərbaycan millisinin müdafiəçisi Maksim Medvedev apasport.az saytına müsahibə verib.


Sportarena.az həmin müsahibəni təqdim edir:

 
- DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə keçiriləcək oyun öncəsi düşərgədə son durum necədi?
- Komandada motivasiya olduqca yüksəkdi. Seçmə mərhələnin ilk 3 turunda qazandığımız nəticələr futbolçulara əlavə motivasiya verib. Uğurlu keçən ili yüksək əhval-ruhiyyədə başa vurmaq istəyirik.
 
- Rəqib barədə yəqin ki, ətraflı məlumata maliksiniz. Sizcə, onların əsas üstünlüyü nədədi?

- Bu barədə baş məşqçimiz geniş təhlillər aparıb və bizi məlumatlandırıb. Şimali İrlandiya ötən dünya çempionatının seçmə mərhələsindəki komanda deyil. Avropa çempionatının final mərhələsində iştirak rəqibin futbolçularında özünəinamı daha da artırıb. Üstəlik, indi komanda şəklində daha güclü çıxış edirlər. Rəqibimiz əsl Britaniya futbolu oynayır. Cinah ötürmələri və standart vəziyyətlər zamanı çox təhlükəli olurlar. Hündürboylu futbolçuları var, hava toplarında güclüdülər. Bundan əvvəlki rəqiblərimiz Norveç və Çexiya da “ikinci mərtəbə”də yaxşı idi. Çalışacağıq ki, Şimali İrlandiyanın da bu “silah”dan istifadə etməsinə mane olaq.
 
- Kapitan Rəşad Sadıqovun yoxluğunda yenə müdafiənin mərkəzində çıxış edəcəksiniz. Rəşadın olmaması məsuliyyətinizi ikiqat artıracaq...
- Rəşadın yoxluğu bizim üçün ciddi itkidi. Ancaq müdafiənin mərkəzində oynamağımla bağlı bir problemim yoxdu. Norveç və Çexiya ilə görüşlərdə də mərkəzdə çıxış edirdim. Həmçinin “Qarabağ”da da bəzən baş məşqçi məni bu mövqedə oynadır. Hansı mövqedə yer almağımdan asılı olmayaraq, həmişə komandama xeyir verməyə çalışmışam. Belfastda da belə olacaq.
 
- Adətən, müdafiəçilər qol vuracaqlarını öncədən hiss edirlər. Siz necə, Norveçlə matçdan sonra yenə fərqlənə biləcəyinizi hiss etmirsiniz?
- Norveçlə oyunda ikiqat sevincli olmuşdum. Həm qələbə qazanmışdıq, həm də qol vurmuşdum. Düzdü, mənim əsas vəzifəm öz qapımızın toxunulmazlığını qorumağa kömək etməkdi. Amma standart vəziyyətlər zamanı yenə qol vurmaq üçün irəli çıxacam. Digər tərəfdən qolu kimin vurmağının bir önəmi yoxdu, təki komanda səfərdən uğurlu nəticə ilə dönsün.
 
- İlk 3 turda 7 xal toplamağınız komandada eyforiya yaratmayıb?
- Xeyr, heç bir eyforiyadan, arxayınlıqdan söhbət gedə bilməz. Əksinə, futbolçularda özünəinam daha da artıb. Bir də ki, eyforiyaya qapılmalı vəziyyət də yaranmayıb axı. Qrupda hələ cəmi 3 oyun keçirmişik, əsas mübarizə irəlidədi. Bu üzdən hər matça ayrı-ayrılıqda hazırlaşırıq.
 
- Azarkeşlər artıq dünya çempionatının final mərhələsindən danışırlar. Siz necə, qrupu ilk iki sırada bitirəcəyinizə inanırsınızmı?
- Bu barədə danışmaq üçün hələ çox erkəndi. Bayaq da dediyim kimi, bizi hələ çətin oyunlar gözləyir. Amma ilk 3 turda göstərdik ki, biz də qrupun iddialı komandalarından biriyik. Üç matçda 7 xal toplaya bilmişiksə, niyə də bunun davamını gətirməyək? Ancaq indidən final mərhələsi barədə düşünsək, özümüzü “yandırarıq”. Hazırda bütün diqqətimizi Şimali İrlandiya ilə qarşılaşmaya yönəltmişik. Yeganə məqsədimiz səfərdən uğurlu nəticə ilə qayıdıb, 2016-cı ili ikinci pillədə tamamlamaqdı.


Digər xəbərlər

Xəbər xətti