Xorvatiyanın Zaqreb şəhərində təşkil edilən ənənəvi “Croatia Open” beynəlxalq turnirinə yekun vurulub.
Sportarena.az xəbər verir ki, yarışda kişilərdən ibarət milli komandamız 7 idmançı ilə təmsil olunub. G1 kateqoriyalı beynəlxalq yarışda da təmsilçilərimiz uğurlu çıxış edərək 1 qızıl və 4 bürünc medala sahib olub.
Zaqreb şəhərinin “Arena Zaqreb” idman kompleksində keçirilən və sayca 22-ci olan açıq turnirdə baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Avropa çempionu, XXXI Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Hərçəqani fəxri kürsün qızıl pilləsinə qalxıb. 80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Milad, rəqiblərindən Stojan Rabijac (17:8), Mario Zekic (12:0), Nikolaos Tzellos (12:3), İvan Karajlovic (18:4) və Roberto Bottaya şans verməyərək yarışın qızıl medalını qazanıb.
M.Hərçəqaninin komanda yoldaşlarından 63 kq çəki dərəcəsində mübarizəyə qatılan Məhəmməd Məmmədov, Səid Quliyev (-74 kq), Sina Bahrami (-68 kq) və Payam Qobadi Oğaz (-87 kq) isə yarımfinal mərhələyədək inamla irəliləsə də finala vəsiqə uğrunda qarşılaşdığı rəqiblər keçilməz olub.
Ayxan Tağızadə (-68 kq) Jure Pantar (9-1), Vasileios Gaitanisi (13:2) üstələsə də Məhəmməd Ketbi ilə mübarizədən məğlub ayrılıb. Zədələr səbəbindən uzun müddət yarışlara qatıla bilməyən Ramin Əzizov (-87 kq) isə özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Belə ki, Daniel Abbafati (16:4), Pablo Fernandez Eirası (6:1) məğlub edən Raminin yarımfinal uğrunda qarşılaşdığı rəqib Yassene Trabelsi olub. Maraqlı keçən mübarizədə qızıl xalı Trabelsi hesabına yazmağı bacarıb.
Dünya və Avropa çempionu, dünya kubokunun sahibi, XXXI Yay Olimpiya Oyunlarının qalibi Radik İsaev (+87) Xorvatiya yollansa da zədə səbəbindən yarışa qatıla bilməyib.
Qeyd edək ki, kişilərdən ibarət milli komandamız 5 medalla komanda hesabında ilk pilləyə sahib olub.