Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib.
Roman Qriqorçukun komandası klubun əvəzedici komandası ilə qarşılaşıb. Millilərin heyətinə cəlb olunan futbolçular oyunda iştirak etməyib.
Məhsuldar keçən qarşılaşmanın ilk yarısında 6 qol vurulub. Əsas komandanın 5:1 hesabı ilə üstün olduğu hissədə Baqali Dabo 4, Filip Ozobiç 1 dəfə fərqlənib. Əvəzedicilərin ilk yarıdakı qoluna Qədir Bayramlı imza atıb. İkinci hissədə qapılara daha 4 top vurulub. Fasilədən sonra Teo Uiksin 2, Tellur Mütəllimovun 1 qoluna əvəzedicilər Ramil Hasanovla cavab verib – 8:2.
Bu oyundan sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” hazırlıqlarını noyabrın 15-də bərpa edəcək.
Xatırladaq ki, “Qəbələ” növbəti matçını noyabrın 19-da keçirəcək. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının XII turunda “Zirə”ni qəbul edəcək.