Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil edilən taekvando üzrə ənənəvi “Croatia Open” beynəlxalq turnirinə yekun vurulub.
Bu yarışda kişilərdən ibarət Azərbaycan milli komandası 7 idmançı ilə təmsil olunub.
G1 kateqoriyalı beynəlxalq yarışda “Qəbələ” İdman Klubunun üzvləri də uğurla çıxış ediblər.
“Arena Zaqreb” İdman Kompleksində keçirilən və sayca 22-ci olan açıq turnirdə çıxış edən Avropa çempionu, XXXI Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Harçeqani fəxri kürsün qızıl pilləsinə qalxıb. 80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Milad rəqiblərindən Stojan Rabijac (17:8), Mario Zekic (12:0), Nikolaos Tzellos (12:3), İvan Karajlovic (18:4) və Roberto Bottaya şans verməyərək, yarışın qızıl medalını qazanıb.
63 kq çəki dərəcəsində mübarizəyə qatılan Məhəmməd Məmmədov yarımfinaladək inamla irəliləsə də, finala yüksələ bilməyib. Təmsilçimiz bürünc medalla kifayətlənib.
Qeyd edək ki, kişilərdən ibarət milli komandamız 5 medalla komanda hesabında ilk pilləyə sahib olub.