Beynəlxalq nüfuzlu “Sportcal” (Sport Market Intelligence) şirkəti dünyanın qabaqcıl idman ölkələri və şəhərlərinin siyahısını açıqlayıb.
Sportarena.az xəbər verir ki, ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən reytinq siyahısında Azərbaycan da yer alıb. Belə ki, müxtəlif mötəbər çempionatların, həmçinin “Formula-1” və Şahmat Olimpiadası kimi yarışların keçirildiyi Azərbaycan siyahıya daxil olan 86 ölkə arasında 33-cü yerdə qərarlaşıb. Dörd pillə irəliləyən ölkəmizin əmsalı 5406 xalla dəyərləndirilib. Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında ötən il olduğu kimi, yenə də üçüncü pillədə yer alıb.
Ölkəmizi yalnız ümumi siyahıda ikinci olan Rusiya (39145) və 29-cu pillədə qərarlaşan Qazaxıstan (6469) qabaqlayır. Buna baxmayaraq, Azərbaycan Belçika, Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya kimi idman ölkələrini arxada qoyub.
İlk üçlükdə də dəyişiklik olub. Ötən il beşinci olan ABŞ (39262) bu dəfə liderliyi ələ keçirib. İkinci Rusiya, üçüncü yerdə isə Kanada (35474) gəlir. Siyahıda iki pillə geriləyən Türkiyə (11652) 20-ci yerə enib.
Şəhərlərin siyahısına isə bu dəfə London (19549) başçılıq edir. İlk üçlüyə Rio-de-Janeyro (18240) və Tokio (17808) daxildir. Bakı isə 5283 xalla dünyanın 17-ci şəhəridir. Paytaxtımız doqquz pillə irəliləyib. Bakı Minsk, Vankuver, Sankt-Peterburq, İstanbul, Barselona, Los-Anceles, Roma, Milan, Amsterdam və bir sıra aparıcı şəhərlərdən öndədir.
Həmçinin Bakı MDB məkanında Moskva, Kazan və Soçidən sonra dördüncü yerdə qərarlaşıb.(azərtac)