Dekabrın 31-də Bakı Olimpiya Stadionunun təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılar Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək.
Sportarena.az xəbər verir ki, yerli və türk estrada ulduzları, məşhur DJ-lərin çıxış edəcəyi, stadionun əsas meydançasında təşkil olunacaq proqram Yeni ilə geriyə-sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam edəcək. Bu möhtəşəm tədbirə gələcək qonaqlara lotereya vasitəsilə sürprizlər ediləcək. Bilet nömrəsinə görə oynanılacaq lotereyada 1 (bir) şanslı iştirakçı AAAF Park Yaşayış Kompleksində mənzil sahibi olacaq. Bununla bağlı, AAAF Holdinqin İdarə Heyətinin üzvü, AAAF Media MMC-nin direktoru Rəşad Əliyevlə söhbət etmək qərarına gəldik.
– Rəşad bəy, Bakı Olimpiya Stadionu (BOS) ilə əməkdaşlıq təklifi necə gəldi?
– AAAF Park Yaşayış Kompleksi olaraq daxil olan bütün müraciətlərə diqqətlə yanaşır, onları maksimum dəyərləndirməyə çalışırıq. Xüsusilə də kütləvilik təşkil edəcək layihələrə üstünlük veririk. Çünki AAAF Park geniş kütləyə xitab edən, onların sosial rifahının təmini üçün atılan addımdır. 68 min tutumlu möhtəşəm arenanın təklifində istədiyimiz cizgiləri gördük, ona görə də böyük məmnuniyyətlə razılıq verdik. Üstəlik, tədbir əlamətdar günlərə – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İlə təsadüf etdiyindən müsbət ab-havada keçəcəyi dəqiqdir. İnsanlar həm fərdi, həm də ailəvi şəkildə tanınmış yerli və xarici müğənnilərin, DJ-lərin yanında bayram etmək, xoş vaxt keçirmək istəyirlər. Möhtəşəm atəş-fəşanlığın olması da planlaşdırılır. Bütün bu nüansları nəzərə alaraq fikirləşdik ki, bu layihə bizim istiqamətimiz, fəlsəfəmizə tam uyğundur. Ona görə BOS-la əməkdaşlıq etmək qərarına gəldik.
– Stadionun təklifi nədən ibarət idi?
– BOS bizə “Ən yeni il” layihəsini təqdim etdi. Orada böyük bayram yaşanacağı, gecə saat 12-yə 5 dəqiqə qalmışa qədər müğənnilərin çıxışlarının olacağı, dövlət başçımız, cənab İlham Əliyevin xalqa ənənəvi müraciətinin canlı yayımının ardından atəşfəşanlıq, sonda da DJ-lərin performansı ilə bayramın davam etdiriləcəyi qeyd olunmuşdu. Bayramda əsasən gənc və orta yaşlı nəslin nümayəndələrinin, gənc ailələrin olacağı ehtimalı diqqətimizi xüsusilə özünə çəkdi. Çünki AAAF Park Yaşayış Kompleksi bu nəslə xitab edən, onlara kifayət qədər ucuz və əlverişli şərtlərlə mənzillər təklif edən məkandır. Burada gənc ailələr özləri və uşaqlarının gələcəyinin perspektiv planlaması üzərində düşünə, həyatlarını qura bilərlər. Bayrama yığışacaq insanlar tamamilə bizim hədəf kütləmizdir.
– AAAF Parkın hədəf kütləsi necə formalaşır?
– AAAF Park Yaşayış Kompleksi regionda nümunəvi şəhərsalma layihəsidir. Çoxfunksiyalıdır, müasir yaşayış binalarının, ailəvi istirahət və uşaq əyləncə mərkəzlərinin, o cümlədən idman komplekslərinin birgə harmoniyasından ibarətdir. Üstəlik, ərazisində uşaq bağçasının, liseyin, tibb mərkəzinin və digər sosial infrastruktur obyektlərinin fəaliyyət göstərməsi “AAAF Park”ı ən müasir bir yaşayış kompleksi kimi təqdim etməyə imkan verir. AAAF Park ölkəmizin daşınmaz əmlak bazarının liderlərindən biridir. Şirkətin həyata keçirdiyi müxtəlif sosial satış kampaniyaları hər zaman ilk və yenilikləri ilə daşınmaz əmlak bazarında satış strategiyasının dəyişməsinə təsir edə bilir. Qiymətlər də çox münasibdir. İlkin ödənişsiz, 20 ilə qədər kredit ödəmə şərtləri, yalnız şəxsiyyət vəsiqəsilə mənzilə sahib olma imkanı xüsusilə gənc və orta yaşlı nəslin nümayəndələrini cəlb edir.
– Mənzil çox bahalı hədiyyədir və bu, bir çox adamı bayrama cəlb edə bilər…
– Həmin gün bir çox hədiyyələr oynanılacaq ki, onlardan biri də AAAF Park Yaşayış Kompleksində mənzildir. Qeyd edə bilərəm ki, bu, qarşılıqlı əməkdaşlıq üçün həm biz, həm də qarşı tərəfdən ciddi addımıdır. Bunu sonrakı layihələri düşünərək atdıq əslində. Həm BOS, həm də APYK-nın imkanları geniş, böyükdür. Gələcəkdə aramızda yenidən böyük layihələr, böyük, təntənəli günlərdə əməkdaşlıq edə bilərik. İnanırıq ki, yaxşı bir PR fəaliyyəti olacaq.
– Bakı Olimpiya Stadionu böyük layihələr üçün əlverişli layihədir…
– Bəli, elədir. 69 870 tamaşaçı tutumu var, UEFA, FİFA və IAAF-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Azərbaycandaki ən böyük stadiondur. Azərbaycan idmana dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı var və biz də bu siyasətin bir parçası olmaq üçün çalışmalarımızı davam etdiririk.
– AAAF Parkın sakinləri tərəfindən bu tədbirə maraq varmı?
– Gözlədiyimizdən də artıqdır. Yetərincə sayda adamlar istər sosial şəbəkələrimizdəki səhifələrimiz, istərsə də qaynar xəttimizlə əlaqə quraraq biletlərlə maraqlanır, bayram konsertində iştirak etmək istədiklərini bildirirlər.
– Qalib olan şəxsə mənzil necə təqdim ediləcək?
– Əslində, çox sadə yolla. Stadionda tamaşaçıların bilet nömrələrinə uyğun bir lotereya həyata keçiriləcək. Şanslı bir tamaşaçı mənzil udmuş olacaq. Həmin şəxs avtomatik bizim Kompleksin sakininə çevriləcək və mənzil yerindəcə onun adına sənədləşdiriləcək. Qalib şəxsə indidən “Allah xeyir versin” deyirik.