“Kəpəz”in əsas komandasının üzvü Tural Nərimanovun klubun rəsmi saytına müsahibə verib.
- Tural, “Kəpəz”in cari mövsümdə çıxışını necə dəyərləndirirsən?
- Turnir cədvəlində yerimiz indiki vəziyyətimizdən daha yaxşı ola bilərdi. Amma bəzi oyunlarda xallar itirdik və bu da mövqeyimizə təsirsiz ötüşmədi. Heç nədən, adi səhvlərdən buraxdığımız qollar oldu.İndi çalışıb vəziyyəti düzəltməli, itirilən xalların əvəzini çıxmalıyıq. Belə olsa, durumumuz yaxşılaşacaq. Bütün istəyimiz də budur.
- Azarkeşlərin arzusu komandanı yenə qitə miqyaslı turnirdə görməkdir. Bu mövsüm “Kəpəz” Avroliqaya vəsiqə qazana biləcək?
- Bizim də məqsədimiz ən azından ötən mövsümün nailiyyətini təkrar etməkdir, fikrimiz buna yönəlib.Daha uğurlu nəticəgöstərə bilsək, yaxşı olar. Komanda olaraq istəyimiz azarkeşlərin də ümidini doğrultmaqdır. Çempionat davam edir, qarşıda çoxlu oyunlar var. Məqsədimizə doğru irəliləməliyik.
- Amma bu heç də asan olmayacaq.
- Sizinlə tam razıyam, futbolda asan heç nə yoxdur. Qarşıda çətin oyunlarımız var, boş durmuruq, həvəslə, əzmlə hazırlaşırıq. Daha çox çalışmalıyıq ki, qarşımıza qoyulan hədəfə çata bilək.
- Çoxlarını düşündürən suallardan da biri komandanın gücü ilə bağlıdır. Səncə, ötən mövsümkü komanda güclüdür, yoxsa hazırda olan heyət?
- Mən müqayisə apara bilmərəm. Ötən mövsüm də komandanın heyəti yaxşı idi, elə indi də güclü futbolçularımız var. “Kəpəz” mehriban kollektivə malikdir. Çətinlik çəkirəm bu suala cavab verməyə, məncə, hər iki komandanın gücü, səviyyəsi eynidir. Uğurlarımızı təkrarlamaqla bunu ortaya qoya bilərik.
- “Kəpəz”in heyətində müdafiə xətti ən rəqabətli mövqe hesab olunur. Çünki bu mövqedə təcrübəli futbolçular cəmləşib.
- Düz deyirsiz, komandada müdafiə xəttində güclü oyunçular yer alıb. Elə mövqeyimdə məndən əlavə üç futbolçu çıxış edir. Ona görə də start heyətinə düşmək uğrunda çətin rəqabət var. Lakin bizdə əsas heyətə kimin düşməyinin önəmi yoxdur, hansı futbolçunun oynamasından, meydana çıxmasından asılı olmayaraq daha vacib olan komandanın uğurunda rol oynamaqdır. Hamı qələbəyə töhvə vermək üçün meydana çıxıb mübarizə aparır. Baş məşqçimiz də kim hazırdırsa, ona şans verir. Özüm də daim oynamağa çalışıram. Lakin son qərar məşqçinindir, o, kimin daha yaxşı oynaya biləcəyini bilir. Seçimə hörmətlə yanaşıram. Rəqabət aparmaqdan da çəkinmirəm, nə vaxt şans verilsə, oynayıb özümü doğrultmağa çalışıram.
- Cari mövsüm “Sumqayıt”la Gəncədəki görüşdə ilk dəfə əsas heyətdə yer aldın. Oyun boyu müdafiədə inamlı çıxışla seçildin və hətta epizodların birində qol vurmağa da yaxın oldun.
- İlk matçım idi, bu səbəbdən də oyun təcrübəsindən müəyyən qədər əziyyət çəkirdim. Amma bunu büruzə verməməyə çalışdım. Çətin oldu, müdafiəçi kimi ilk vəzifəm komandanın qapısını toxunulmaz saxlamaq, qol buraxmamağa çalışmaqdır. Bunun da öhdəsindən gəldiyim üçün sevinirəm. Qol buraxmayandan sonra qol vurmaq haqda da düşünmək olar (gülümsəyir). Heyfislənirəm ki, qələbə qazana bilməyib heç-heçə oynadıq. Müdafiəçilər mövqeyinə uyğun olaraq əsasən standart vəziyyətlərin davamında fərqlənə bilirlər. Hücumlar zamanı yerini buraxıb tam irəli atıla bilmirsən. Fərqlənmək şansı əsasən künc, sərbəst və cərimə zərbələri zamanı yaranır. “Sumqayıt”la görüşdə qol vurmaq üçün çox çalışdım, alınmadı.
- Gəncədə ev oyunlarında azarkeşlər “Kəpəz”ə lazımi dəstəyi verməyə çalışaraq komandanı qələbəyə səsləyirlər. Bu, sizə kömək edirmi?
- Əlbəttə, uğurumuzda onların da rolu var. Gəncədə həmişə futbol və azarkeş olub. “Kəpəz” azarkeşləri ilə seçilir. Biz onlardan çox razıyıq, çünki nəticədən asılı olmayaraq bizi dəstəkləyirlər. Futbolu da onlar üçün oynayırıq. İnanırsız, komandada bütün futbolçular fanatlardan danışır. Azarkeşlərimiz ev oyunlarında çılğın dəstək verirlər, bunun qarşılığında biz də qələbələrlə onları sevindirməyə çalışırıq. Düzdü, son matçlarda futbolsevərlərimizin üzünü güldürə bilmirik. İnşallah, qarşıdakı matçlarda qələbələrlə stadionda tamaşaçı sayını artırmağa səy göstərəcəyik.