Ağırlıqqaldırma üzrə qazaxıstanlı Olimpiya çempionu İlya İlyin Beynəlxalq Olimpiya Komitəsinin İntizam Komissiyası tərəfindən sərt cəzaya məruz qalıb.
Sportarena.az xəbər verir ki, 28 yaşlı idmançı 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı qızıl medallardan məhrum olub. Turnirlərdə 94 kiloqram çəkidə çıxış edən İ.İlyinin “A” və “B” nümunələrinin təkrar analizindən sonra dopinq-testi müsbət nəticə verib. Onun orqanizmində istifadəsi qadağan olunmuş preparat izləri aşkarlanıb. İdmançının Olimpiya Oyunlarında qazandığı medal və diplomlarının alınması ilə yanaşı, nəticələrin də ləğv edilməsinə qərar verilib.
Yarışlardan kənarlaşdırılma müddəti barədə qərarı isə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası çıxaracaq.