Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Sportarena.az xəbər verir ki, tədbirə 89 ölkənin 200-dən çox nümayəndəsi qatılıb. Daha 29 ölkə isə öz səsvermə hüququnu Konqres iştirakçılarına həvalə edib. İCF-in növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edib.
Proqrama əsasən, tədbirin ilk günündə Növbədənkənar Konqres keçirilib.
Konqresi İCF prezidenti Xose Perurena Lopez açıq elan edib. O, tədbir iştirakçılarını salamladıqdan sonra bu il ərzində kanoe ailəsində dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükut elan olunub.
Ardınca Xose Perurana Lopez sözü Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalova verib.
E.Zeynalov qonaqları salamladıqdan sonra Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsindən qürur duyduğunu bildirib. O vurğulayıb ki, 10 illiyini qeyd edən AMAF geridə qalan müddətdə kifayət qədər uğur qazanıb: “AMAF 2006-cı ildə yaranıb. Bu il 10 illiyimizi qeyd edirik. Geridə qalan müddətdə ölkəmizdə bu idman növünün inkişafına, nüfuzunun artırılmasna, infrastrukturun yaradılmasına diqqət yetirmişik. İdmançılarımız da kifayət qədər uğurlu nəticələr əldə ediblər. 2009-cu ildə ilk yerli avarçəkmə komandamız dünya və Avropa çempionatlarında medal qazanıb. Bu il Rio-de-Janeyroda keçirilmiş Yay Olimpiya Oyunlarında qazancımız isə gümüş və bürünc medal olub. Ümumilikdə, 10 il ərzində idmançılarımız beynəlxalq arenada 17 qızıl, 24 gümüş və 13 bürünc medal qazanıblar. Ölkəmizdə bu idman növünün inkişafı üçün səmərəli işlər davam etdirilməkdədir”.
İCF prezidenti qeyd edib ki, bu Konqresdə qurumun strukturu müzakirə ediləcək. Burada İCF-nin yeni strukturu və rəhbər orqanları üzrə müzakirələrdən sonra səsvermə keçiriləcək. Habelə, Nizamnamədə yeni idarəetmə strukturunun fəaliyyəti üçün lazımi dəyişikliklərlə bağlı müzakirə və səsvermə olacaq.
Konqresin proqramına, əsasən, İCF prezidenti, vitse-prezidentləri, kanoe-sprint, kanoe-slalom, kanoe-marafon və digər növlər üzrə sədrlərin, ayrı-ayrı qitələr üzrə nümayəndələrin seçkisi daxildir.
Bundan başqa İCF-nin 2016 - 2020-ci illər üçün İnkişaf Proqramının həyata keçirilməsi üzrə hesabatı dinləniləcək, həmin illərdə qarşıya qoyulmuş hədəflər, Direktorlar Şurası, İcraiyyə Komitəsi və milli federasiyaların bütün təklifləri müzakirə olunacaq, federasiya nümayəndələrinin görülən işlərlə bağlı məruzə və hesabat xarakterli, xəzinədarın 2014 - 2016-cı illərdə maliyyə uğurları və problemlərlə bağlı çıxışı olacaq, qarşıdakı 2 il üçün İCF-nin iş proqramı və büdcəsi müzakirə və təsdiq ediləcək, 2016 - 2018-ci illəri əhatə edən dövr üçün Növbəti Konqresin tarixi və yeri müəyyənləşdiriləcək.
Qeyd edək ki, İCF Konqresində Azərbaycan Milli Avarçəkmə Federasiyasını qurumun prezidenti Elçin Zeynalov, icraçı direktor Rövşən Kərimov və texniki direktor Leyla Əliyeva təmsil edəcək.
Tədbirə noyabrın 26-da yekun vurulacaq.