"Çox şadam ki, Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresi Bakıda keçirilir. Bu, bizim ölkə, federasiyamız üçün böyük şərəfdir".
Sportarena.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov deyib.
Beynəlxalq Kanoe Federasiyasının (İCF) Bakıda keçirilən XXXVI Konqresindən danışan E.Zeynalov bu iclasın AMAF-ın yubiley ili ilə üst-üstə düşdüyünü bildirib: "Federasiya 2006-cı ildə təsis olunub. Bu il 10 illiyi qeyd edirik. Bu Konqres də həmin 10 illiklə üst-üstə düşür. Koqresdə 87 ölkənin nümayəndəsi iştirak edir. 200-dən çox nümayəndə var. Bu da çox əhəmiyyətli tədbirdir. Bəzi struktur dəyişiklikləri gözlənilir. Sabah İCF-in yeni prezidenti də seçiləcək".
AMAF prezidenti Azərbaycanın gələcəkdə İCF-in İcraiyyə Komitəsində təmsil oluna biləcəyini söyləyib: "Hər qitədən, o cümlədən Avropadan İcraiyyə Komitəsində 4 nümayəndə təmsil olunur. Azərbaycan da bu qitəyə aiddir. Gələcəkdə Azərbaycana İcraiyyə Komitəsində üzvlük təklifləri ola və ölkəmiz də təmsil oluna bilər. Amma hazırda bu, gözlənilmir".
E.Zeynalovun sözlərinə görə, qarşıdakı illərdə kanoe üzrə Avropa və dünya çempionatları da Bakıda keçirilə bilər: "Keçən il "Bakı 2015" I Avropa Oyunlarında kayak və kanoe də təmsil olundu və bu növlər üzrə yarış Mingəçevirdə keçirildi. Amma dünya və Avropa çempionatlarını keçirmək üçün kanal lazımdır. Üstəlik, bu kanal Bakıda qurulmalıdır. Ölkəmizə çoxsaylı qonaqlar gəlir. Onların yerləşdirilməsi, asudə vaxtlarının təşkili lazımdır. Belə səbəblərdən, mənə elə gəlir ki, bu cür çempionatlar Bakıda keçirilməlidir. Bununla bağlı müəyyən işlər görülür. Çox şübhəsiz, Bakıda kanal yaradılsa, biz həm Avropa, həm də dünya çempionatı təşkil edə bilərik".
Qeyd edək ki, "Boulevard Hotel"də bu gün işə başlayan İCF-nin XXXVI Konqresinə noyabrın 26-da yekun vurulacaq.