Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sportarena.az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov qeyd edib ki, M. Əhmədovla aralarında heç bir razılaşma yoxdur. Y. Əzizov məhkəmədən M. Əhmədova ağlr cəza verilməsini xahiş edib.
M. Əhmədov isə zərərin ödəniləcəyini deyib.
M. Əhmədovun vəkili prosesə gəlmədiyi üçün iclas təxirə salınıb.
Daha sonra M. Əhmədovla digər zərərçəkmiş Sərxan Hüseynov arasında əlbəyaxa dava düşüb.
Proses dekabrın 2-də davam etdiriləcək.
Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.