10 il əvvəl…
2006-cı il noyabrın 27-də rəsmən fəaliyyətinə başlayan “Zirvə” Beynəlxalq İdman Klubu Azərbaycan idmanında lider klublar sırasındadır. İlk maddi dəstəyini 2001-ci ildə ümummili lider, mərhum president, ölkəmizdə idmana böyük diqqət və qayğı siyasətinin banisi Heydər Əliyevdən alan klub peşəkar idmançılar tərəfindən təsis edilmiş, müstəqil beynəlxalq statusa malikdir.
Klubun adı da təsadüfi seçilməmişdir. Belə ki, hələ 90-cı illərdə Azərbaycanda idmanın inkişafı üçün böyük işlər görmüş Heydər Əliyev ağır atletlərlə görüşmüş, onlara öz himayə və dəstəyini ifadə etmişdi. Görüşlərdən birində klubumuzun hazırkı prezidenti sabiq ağır atlet, idman ustası, müstəqillik dövrümüzdə çıxış etdiyimiz ilk Olimpiya Oyunları – 1996-cı il Atlanta Olimpiadasının iştirakçısı Tofiq Heydərov da olub.
Ümummilli lider Heydər Əliyevin “mən sizləri həmişə zirvələrdə görmək istəyirəm” sözü bu mənada həlledici rol oynamışdır. Tofiq Heydərov klubu yaradarkən mərhum prezidentin sözlərini əsas götürmüş, ad olaraq “Zirvə” seçərək sabiq dövlət başçımızın siyasətinə dəstəyini nümayiş etdirmişdir. Bu klub həmçinin idmanın düzgün inkişaf etdirilməsi və sağlam həyat tərzinin təkmilləşdirilməsi məqsədi ilə yaradılmışdır. Azərbaycan ağır atletikasının şəksiz lideri olan “Zirvə” BİK qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olmuşdur.
İlk yarışda cəmi 17 nəfər
“Zirvə”nin ilk yarışları Lənkəranda keçirilib. 2007-ci ilin ….da yeni istifadəyə verilmiş “Zirvə” İdman Kompleksinin yarış zalında cəmi 17 gənc idmançı körpücük üzərinə çıxmışdı. Yaşı az olan atletlərin seçilməsinin səbəbi də çox sadə idi. “Zirvə” hazır idmançıları ətrafına toplamaq, belə demək olarsa, “qısa yolla” getmək fikrində olmayıb. Klub olaraq məqsəd gənc nəslin yetişdirilməsi, ona ən yaxşı şəraitin yaradılması, bir Olimpiya çempionunun ən kiçik yaşdan zirvəyə çatdırılması üçün işləri görülməsi olub. Aradan keçən 10 il göstərdi ki, “Zirvə” öz məqsədinə çatmaq üzrədir.
AAAF Park – Olimpiya çempionu yetişdirəcək məkan
“Zirvə” Beynəlxalq İdman Klubunun mərkəzi bazası AAAF Park Yaşayış Kompleksidir. Təxminən 40 hektarlıq ərazidə yerləşən bu müasir və təkrarolunmaz layihənin təməlində duran ideya idmandır. Sağlam həyatla adi həyatın ideal sintezi hesab edilən AAAF Parkda yaşayış binaları ilə yanaşı, cüdo və gimnastika zalı, futbol və tennis meydançaları, kiçik və orta ölçülü üzgüçülük zalları, şahmat otağı, fitness mərkəzi, dünya standartlarına uyğun ağır atletika məşq zalı, həmçinin ağır atletika üçün universal yarış zalı vardır. Burada ev alan hər bir sakin bu idman obyektlərindən istifadə etmək hüququ qazanır. Ərazidə siqaret çəkmək və içki içmək qadağandır. Bir sözlə, sağlam həyat tərzi üçün bütün imkanlar yaradılıb.
Ağır atletika üçün ideal məkan olan AAAF Park yığma komandaların təlim-məşq toplanışı üçün tam uyğun gəlir. Burada yalnız bu məqsədlər üçün inşa edilən və satılmayan taxta kotteclər, kiçik mehmanxana, qidalanma və istirahət üçün tələb olunan hər şey var. Dəfələrlə istər ölkəmizin yığması, istərsə də xarici komandalar bu imkanlardan yararlanıb, razılıq bildiriblər.
Planetar layihə – “Zirvə” İnternational Sport Clubs
2014-cü ilin martından etibarən “Zirvə” İdman Klubu təkcə yetirmələri ilə deyil, həm də struktur olaraq beynəlxalq arenaya qədəm basdı. Qısa müddət ərzində Azərbaycanla yanaşı 11 ölkədən klubun filialları açılmağa başladı. İran, Rusiya, Türkiyə, Gürcüstan, Belarus, Ukrayna, İsrail, ABŞ, Moldova, Bolqarıstan və Polşada işləyən ağır atletika mütəxəssisləri ilə danışıqlardan sonra onların “Zirvə” üçün çalışması razılığı əldə edildi. Yerlərdə idman zalları açıldı, əksər hallarda hazır məkanlar icarəyə götürüldü və işə start verildi. İdmançı yetişdirmə siyasətinə sadiq qalaraq, yeniyetmə və gənc atletlərə üstünlük verildi, onların inkişafı üçün addımlar atıldı. “Zirvə” İdman Klubu “Zirve İnternational Sport Clubs”a çevrilərək öz böyük beynəlxalq, planetar layihəsinin icrasına başladı. Seçmə yarışlardan sonra ən yaxşılar 2014-cü ilin avqustunda AAAF Park Yaşayış Kompleksinin yeni tikilən yarış zalında klubun ilk dünya çempionatı keçirildi. Bu, həm də “Zirvə”nin 8-ci “Zirvə Kuboku” idi. 12 ölkədən gəlmiş yüzdən çox atlet və məşqçi, həmçinin digər mütəxəssislər Avropa səviyyəli bi yarışmanın şahidi və iştirakçısı oldular. Həmin ilin dekabrında Tükriyənin Ankara şəhərindəki filialımızın “Altınpark Akarsu” zalında 2-ci Dünya çempionatı baş tutdu. 2015-ci ilin yayında Astarada 9-cu Zirvə Kuboku, həmin ilin dekabrında isə yenidən Xırdalanda növbəti dünya çempionatımız müvəffəqiyyətlə həyata keçdi. Ən qısa zamanda isə Moldovadakı bazamızda “10-cu Zirvə Kuboku” keçiriləcək.
Bu işlərin görülməsində məqsəd yalnız müxtəlif ölkələrlə dostluq əlaqələrin yaradılması deyildi. Əsas məqsəd Azərbaycan gənc ağır atletlərinin ildə bir neçə dəfə beynəlxlaq yarışda iştirak etmək, güclü əcnəbi idmançılarla mübarizənin nə demək olmasının daha tez-tez hiss etdirmək idi. Bu yolla onlar böyük rəqabətə öyrəşir, əsas dünya və Avropa birinciliklərində, çempionatlarında körpücük üzərində özlərinə əmin, inamlı və həyəcansız olurlar. Sonrakı hadisələr göstərdi ki, bu işlər hədər deyildi və istədiklərimizə nail ola bilmişdik. Bir çox mütəxəssislər təsdiq edirdilər ki, “Zirvə”nin hətta 12-13 yaşlı yetirmələri belə ciddi yarışlara çıxan kimi ən azından bacarıqlarının maksimumunu ortaya qoya bilirdilər. Buna səbəb isə onların böyük turnir həyəcanından qurtulması idi.
Fəxrəddin Şahbazovun xatirəsini həmişə uca tutmuşuq
“Zirvə” yalnız öz yarışları deyil, başqa, ölkə ağır atletikasının inkişafına kömək edəcək digər turnir və birinciliklərə də böyük diqqət ayırıb. İllərlə yalnız kiçik miqyasda keçirilən, adətən ikinci planda olan “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ənənəvi Bakı birinciliyi məhz bizim klubun sayəsində beynəlxalq status aldı. 2015-ci ilin dekabrında bu yarışın tarixində ilk dəfə körpücük üzərinə azərbaycanlı atletlərlə yanaşı, əcnəbilər də körpücük üzərinə çıxdılar.
Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, şəhər yığma komandasına namizədlərin seçilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması idi. Yarışda Azərbaycanla yanaşı, daha 6 ölkədən ağırlıqqaldıranların çıxışı gerçəkləşdi. Ağır atletika üzrə turnir üç yaş qrupu 13-14 yaş, 15-16 yaş və 17-18 yaşlarda, müvafiq beynəlxalq qaydalar üzrə keçirildi və şəxsi birincilik xarakteri daşıdı, qaliblər hər yaş qrupunda «Sinkler» cədvəlinə görə topladığı xallara əsasən müəyyənləşdirildi.
“Zirvə” Beynəlxalq İdman Klubu bu turnirə həmişə xüsusi diqqətlə yanaşmış, onun ən yüksək səviyyədə keçirilməsinə səy göstərmişdir. Ötənilki yarışda qəhrəmanımızın həyat yoldaşına AAAF Park Yaşayış Kompleksində mənzil hədiyyə edilməsini də bu addımlardan biri kimi qeyd etmək olar. Builki yarışın da beynəlxalq statusa qaldırılması nüfuzunun artırılması, Azərbaycan ağır atletikasının inkişafına dəstək olmaq və Şahbazovun xatirəsinin bir daha yad olunması baxımından böyük əhəmiyyət daşımışdır.
“Zirvə”nin zirvəsində – Tofiq Heydərov
“Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Mirhəsən oğlu Heydərovdur. 16 iyul 1972-ci ildə Lənkəran şəhərində anadan olub. 1980-ci ildə Lənkəran şəhərindəki əvvəllər yəhudi sinaqoqu olmuş binada ağır atletika ilə məşğul olmağa başlayıb. 1988-ci ildə SSRİ İdman Ustası adını alıb. 1989-cu ildə Azərbaycanın üçrəngli bayrağı ilə SSRİ çempionatına çıxıb. Buna görə təzyiqlərə məruz qalıb. 1990-cı ildə SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandanın tərkibində Macarıstanın Sekzard şəhərində keçirilən “Dostluq Kuboku”nda iştirak edib. 75 kq çəki dərəcəsində 312.5 kq (142.5+170.0) nəticə ilə üç qızıl medal – birdən qaldırma, təkanla qaldırma və toplamda – qazanıb. 16 iyul 1992-ci ildə Lənkəran şəhər Bədən tərbiyəsi və idman komitəsinin sədri təyin edilib. 1990-95-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ağır atletika ixtisası üzrə ali təhsil alıb. 1992-ci ildə ilk dəfə müstəqil Azərbaycan Respublikasını İranın Təbriz şəhərində keçirilən Asiya çempionatı və Namçu kubokunda təmsil edib və gümüş medal qazanıb. 1996-cı ilde Norveçin Stavanger şəhərində keçirilən Avropa çempionatında 83 kq çəki dərəcəsində 335 kq-la (152.5+182.5) 5-ci yerə çıxaraq Atlanta Olimpiya Oyunlarına lisenziya əldə edib. 1996-cı il Atlanta 26-cı Yay Olimpiya Oyunlarında ağır atletika üzrə yarışlarda 83 kq çəki dərəcəsində mübarizə aparıb. Toplamda 330 kq (150+180) nəticə ilə 11-ci yeri tutub. Olimpiadadan sonra ümummilli lider, mərhum prezident Heydər Əliyev tərəfindən rəsmi qəbul edilib və xatirə hədiyyəsi ilə təltif olunub. Dəfələrlə Azərbaycan çempionu və rekordçusudur. Müstəqillik dövrümüzdə Azərbaycanın bütün beynəlxalq yarışlarda təmsil edən ilk ağır atletdir. 2001-ci ildə idmançı karyerasını bitirib. 2010-cu ildə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postuna təyin edilib. 2011-ci ildə işlərinin çoxluğu səbəbindən öz xahişi ilə vəzifəsindən ayrılıb. 2001-ci ildə “AAAF İnşaat MMC” tikinti şirkətini təsis edib. 2006-cı ilin noyabrında rəsmi fəaliyyətə başlayan “Zirvə” Beynəlxalq İdman Klubunun (klub 2000-ci ildə işə başlayıb) təsisçisi və prezidentidir. Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksininin qurucusudur.