Dünyasını dəyişən gənc futbolçu Şəhriyar Xəlilovun atası Surxay Xəlilov açıqlama verib.
Sportarena.az “Report”a istinadən xəbər verir ki, o bildirib ki, 25 yaşında ürək tutmasından həyatını itirən oğlunun sağlamlığından heç bir şikayəti olmayıb: "Oğlum 7-ci sinifdən futbola başlayıb. "Kəpəz", "Turan", "Xəzər Lənkaran", "Qarabağ", "Qəbələ", "Sumqayıt" və "Bakı" komandalarında müdaiəçi mövqeyində çıxış edib. "Qəbələ"də gördü ki, işlər yolunda getmir "Sumqayıt"a keçdi. Orada da heyətdə daim oynatmadılar. Şəhriyar "Bakı"ya keçdi və bir müddətdən sonra komanda çətinliklərlə üzləşdikdən sonra oğlum klubsuz qaldı".
Atası əlavə edib ki, Şəhriyar Xəlilov gecə evdə televizorda futbola baxarkən ölüb: "Şəhriyar futbola baxırdı. Bir də gördüm ki, otaqdan xırıltı gəlir. Dərhal onun otağına girdim. Gördüm Şəhriyar xırıldıyır, nə danışır, nə də hərəkət edir. Təcili həkim çağırdıq. Həkimlər nə qədər çalışsalar da, onu həyata qaytara bilmədilər. Dediklərinə görə, ürəyində tromb yaranıb və bu səbəbdən ölüb. Lakin bir dəfə də olsun, nə ürəyindən, nə də başqa orqanından şikayəti olub. Mən orta məktəbdə idman müəllimi işləyirəm. İdmançının hansısa probleminin olub-olmadığını aldığı nəfəsdən başa düşürəm. Oğlumda bir problem yox idi".
Mərhumun kiçik qardaşı Abbas Xəlilov bildirib ki, Şəhriyar heç bir klubda oynamasa da, məşqindən qalmayıb: "Onun ümüdi vardı ki, nə vaxtsa bir təklif alacaq və ölkə klublarında yenidən futbol həyatına davam edəcək. Lakin gözləmədiyimiz anda həyatdan köçüb getdi".
Futbolçunun 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində komanda yoldaşı olmuş Kamran Babayev Şəhriyarın həm meydanda, həm də meydandan kənarda gözəl xüsusiyyətləri ilə seçildiyini deyib: "Öz bacarığı, ədəb-ərkanı, dostluqda möhkəmliyi ilə hər zaman sayılıb-seçilirdi. İnanmaq olmur ki, bu gün o, həyatda yoxdur. Bütün futbolçu yoldaşlarımızı, dostlarımızı Şəhriyarın ailəsinə təsəlli verməyə çağırıram. Allah rəhmət eləsin!".
Ş.Xəlilovun komanda yoldaşı Pərviz Bayramov deyib ki, futboldan uzaqlaşması Şəhriyarı çox üzüb: "Biz uşaqlıqdan dostluq edirik, yığmada da birgə oynamışıq. Həmişə dərdimizi, sirrimizi bir-birimizlə bölüşürdük. Futboldan uzaqlaşması Şəhriyarı çox uzmuşdü, lakin ümidi var idi ki, yenə peşəkar futbola davam edəcək. Çox heyf, qismət olmadı".
Qeyd edək ki, Şəhriyar Xəlilov 1991-ci ildə Samux rayonun Zazalı kəndində anadan olub. Ölkənin bir çox komandasında çıxış etdikdən sonra bir ildən çox idi klubsuz qalan Ş.Xəlilov noyabrın 27-də qəflətən dünyasını dəyişib.