Rahid Əmirquliyev Qurban Qurbanovu müdafiə etdi: "Qadağa qoyubsa, deməli, bildiyi nəsə var"

00:32 4 Dekabr 2016

Ölkə kubokunun 1/8 final mrhələsində "Səbail"lə qarşılaşan və böyükhesablı qələbə qazanan "Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev sualları cavablandırıb.

- Demək olarmı, oyunun bu cür asan keçəcəyini gözləyirdiniz?

-  Asan oyun olmur. Digər oyunlara necə ciddi hazırlaşmışdıqsa, bu matçda da həmin tempdə hazırlaşdıq. Qələbə qazanmaq, mərhələ adlamaq istəyirdik. Bunu bacardıq, amma kənardan göründüyü qədər rahat matç olmadı.

- Qollar vurulan zaman bunu elə də çılğın şəkildə qeyd etmirdiniz. Bu nədən irəli gəlirdi? Bəlkə "Qəbələ" ilə oyunda yaşananların hirsi hələ soyumayıb?

- Elə deməzdim. Hər qoldan sonra bir yerə yığılıb bunu qeyd edirdik. Oyuna məşqə çıxdığımız kimi çıxmamışdıq. Ola bilsin, kiminsə mimikası dəyişməyib. Amma hər qoldan sonra sevinirdim.

- Növbəti mərhələdə "Səbail"dən nisbətən güclü "Sumqayıt"la qarşılaşacaqsınız. Bu rəqib haqda nə düşünürsüz?

- "Sumqayıt"la oyuna qədər bizim daha bir vacib oyunumuz var. Çətin "Fiorentina" duelini nəzərdə tuturam. Bu qarşılaşmadan sonra "Sumqayıt" haqda düşünmək olar.

- Çətin "Fiorentina" matçı öncəsi bu qarşılaşma sizə nə verdi, nə qazandırdı?

- "Fiorentina" ilə oyunöncəsi yaxşı bir qarşılaşma oldu. Baş məşqçi futbolçuları yoxladı. Rəqibin aşağı dəstə təmsilçisi olmasına baxmayaraq, yaxşı hazırlaşmışdıq, oyuna ciddi yanaşdıq. Çox uğurlu oyun alındı.

- Xüsusilə də avrokubok oyunları öncəsi baş məşqçiniz futbolçulara mətbuatla ünsiyyəti qadağan edir. Maraqlıdı, mətbuatla ünsiyyət oyununuza çoxmu təsir edir?

- Bu baş məşqçinin qərarıdı. Qadağa qoyubsa, deməli, bildiyi nəsə var. Qurban müəllim daha dolğun açıqlama verə bilər.

- Futbolçu Rahid oyundan öncə mətbuata açıqlama verirsə, bu oyun çıxışına necə təsir göstərir?

- Oyunuma heç bir təsiri yoxdu. Ancaq baş məşqçi belə qərar verir. İstəyir ki, ancaq keçirəcəyimiz oyun haqda düşünək. Başqa heç nə yoxdu.

- "Fiorentina" ilə oyun haqda nə düşünürsüz? Reallığı nəzərə alsaq, "Qarabağ" İtaliya təmsilçisini yenə biləcəkmi?

- "Fiorentina" həqiqətən çox güclüdü. Ancaq həyatda mümkünsüz heç nə yoxdu. Biz də mümkünsüz kimi görünəni mümkünə çevirmək üçün çalışacağıq.

- Rəqib də hələ növbəti mərhələyə vəsiqəni təmin etməyib. Etsəydi, sizin üçün asan oyun olacağına ümid edirdinizmi?

- Bəlkə də elə olacaqdı. Başqa heyətlə oynamaq ehtimalı vardı. Qrupdan çıxmaq istəyirik, ona görə də oyunumuzu oynamalıyıq. Bura hansı heyətlə gələcəklərinə diqqət yetirməməliyik.

- Oyun yaxınlaşdıqca üzərinizdə təzyiq hiss edirsinizmi?

- Təzyiq onsuz da var. Yeni tarix yaza bilərik. Vacib oyundu, amma sakit oynamalıyıq. Üzərimizdəki gərginliyi, təzyiqi kənara qoymalıyıq.

- Son bir həftə ərzində vaxtilə kapitanlığın altında oynamış komanda yoldaşlarından ikisi dünyasını dəyişdi. Onları necə xatırlayırdınız?

- Həyatdı, hər insanın başına gələ bilər. Şəhriyarın xatirini çox istəyirdim, dostum idi. Allah rəhmət eləsin, ailəsinə səbr versin. Əlimizdən nə gəlir ki?

apasport.az


Digər xəbərlər

Xəbər xətti