Millimizin heyəti açıqlandı

14:15 6 Dekabr 2016

Dekabrın 9-10-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək taekvando üzrə “Qran-pri” yarışının finalında iştirak edəcək Azərbaycan yığmasının heyəti məlum olub.


Sportarena.az xəbər verir ki, kişilərin yarışında ölkəmizi milli komandamızın üzvlərindən aşağı çəki dərəcələri üzrə Roman Samodurov (58 kq), Ayxan Tağızadə (68 kq), yuxarı çəki dərəcələri üzrə Rio Yay Olimpiya Oyunlarının qalibi Radik İsaev (80 kiloqramdan yuxarı) və Olimpiadanın bürünc mükafatçısı Milad Beigi Harçeqani (80 kq), qadınların mübarizəsində isə Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcək.


Yarışda hər çəki dərəcəsi üzrə Dünya Taekvando Federasiyasının (DTF) olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı mübarizə aparacaq. “Qran-pri” turnirinin çəki dərəcələri olimpiya çəkilərinə uyğundur.


İki gün davam edəcək yarışda 47 ölkədən 128 taekvandoçu qüvvəsini sınayacaq. Yarış DTF-nin 45 hakiminə həvalə olunub. Onlardan Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov təmsil edəcək.


“G8” kateqoriyalı bu turnirdə qızıl medal qazanan taekvandoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28,8 xal qazanacaq.


Yarışın qaydalarına əsasən, birinci, ikinci və üçüncü yerin sahiblərinə müvafiq olaraq 6 min, 3 min və min dollar məbləğində pul mükafatı nəzərdə tutulub.(Azərtac)


Digər xəbərlər

Xəbər xətti